Sosioloq qohum evliliklərinə qadağanı dəstəklədi: Bu, haramın fəlsəfəsidir

Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun III oxunuşda təsdiqlənib.
Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, məcəlləyə aşağıdakı hallar əlavə edilir.
- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;
- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;
Layihədə aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.
Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
- yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
- övladlığa götürənlər və övladlığa götürülənlər;
- ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
- bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;
- ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Yeni qərarı yüksək dəyərləndirdiyini deyən sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az"a deyib ki, bu sahədə böyük xidmətlərim var və 10 ildir təbliğatla məşğulam:
''Əgər bir şeydən ziyan gəlirsə, onun qabağını almaq lazımdır. Məsələn, su və çörək müqəddəsdir. Lakin bunu da çox qəbul etmək haramdır. Digər tərəfdən xristian aləmi bizə gülür və lağa qoyur ki, Azərbaycanlılar öz bacısı ilə evlənir. Bəzən deyirlər ki, filankəs əmisioğluna ərə getdi, ancaq uşağı sağlam dünyaya gəldi. Əmin olun ki, həmin qadın dünyaya gələcək övladının sağlamlığı üçün 9 ay böyük həyacan keçirib. Həmin həyacanın elə özü körpəyə ziyan vurur. Ona görə bu problemin qarşısı hökmən alınmalıdır. Bununla bağlı indiyədək tədbir görülməməsi ölkə olaraq bizim səhvimizdir. Doğrudur, bu qərara etiraz edənlər var. Lakin narkotik satışına qoyulan qadağaya etiraz edənlər də az deyildi. Bu etirazlara məhəl qoyulmamalıdır. Yalnız əhalinin taleyini düşünməliyik''.

Ə.Qəşəmoğlu vurğulayıb ki, bəzi din xadimləri qohum evliliklərinə normal baxır:
''Titulundan asılı olmayaraq, bu yöndə bütün din xadimlərinin düşüncələri səhvdir. Bu, haramın fəlsəfəsidir. Qədim vaxtlarda feodal münasibətlərlə bağlı olaraq sərvət əldən getməsin deyə, söyləyirdilər ki, əmioğlu və əmiqızının kəbini göydə kəsilir. Bunu deyən isə qələt edir. Allah qatında heç kəbin kəsilər? Elə  yaxın qohumu ilə evlənən ailələr tanıyıram ki, 3 uşağı da fiziki qüsurlu doğulub. Ata isə biznesmendir, ancaq qazandığı bütün pullar uşaqların müalicəsinə gedir. Belə həyat tərzi olmaz. Bu sahədə səriştəsizlik edirdik. Uzunmüddət apardığım təbliğatın yaxşı nəticə verdiyinə görə, çox şadam".