Evdə fiziki cəza alan uşaqlar vicdanlı olmurlar -PSİXOLOQ

Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur
 
Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq yerinə daha asan olan fiziki şiddətə baş vururlar
 
 
 Uşaqların düzgün tərbiyə edilməsi  aktual və mübahisəli  məsələdir.
İnsanlar övladlarını tərbiyə edərkən əsasən öz dünyagörüşlərinə, ya da ata-analarının, özlərindən böyüklərin təcrübəsinə əsaslanırlar. Bəzən isə onlar mütəxəssislərə, psixoloqlara etibar edir, onların məsləhətlərindən nəticə çıxarırlar. Ancaq istənilən halda valideyn-övlad münasibətlərində, uşaqların düzgün tərbiyəsi məsələsində problemlər də ortaya çıxır.
Qeyd edək ki, son illər dünyada uşaqlarda hiperaktivlik və diqqət pozğunluğu kimi anormal hallar geniş yayılıb. Hazırda bu məsələ psixoloqlar arasında araşdırma obyekti kimi fəal mövzudur.
 Valideynlərə isə  elə gəlir ki, şiddət göstərməklə  bu cür uşaqlar onların sözünə qulaq asacaq. “Övladım çox dəcəldir, nə məktəbdə, nə də evdə heç kimə dinclik vermir”,  "Uşaq döyülə-döyülə böyüyər", yaxud da "Biz də döyülə-döyülə böyümüşük, pis insanıq?" deyimi ilə də öz əməllərinə bəraət qazandırırlar.
Lakin mütəxəssislər hesab edir ki, uşaqların düzgün tərbiyəsi, onlara göstərilən qayğı, sevgi, qoyulan qadağaların normasında olmağı şərtdir. Bəzi ailələr arasında olan münaqişələr onların tərbiyələndirməsinə çox böyük təsir edir və onlar gələcəkdə daha aqressiv, daha kobud  və daha əsəbi olurlar.
Ona görə də psixoloqlar və uşaq pedaqoqları zaman-zaman
“uşağı döyərək tərbiyə etmək mümkün deyil”- kimi açıqlamalar verirlər. Qeyd edirlər ki, döyülmək uşaqda anaya, ataya qarşı nifrət yaradır. Yəni o, döyüldüyü üçün özünü günahkar saymır, əksinə, onu döyənə qarşı içində kin bəsləyir.

Yeri gəlmişkən, Əməkdar artist Rafael İsgəndərov "Şən gənc" proqramında məhz bu mövzudan danışıb. Uşaq vaxtı valideynləri və müəllimləri tərəfindən döyüldüyünü etiraf edən aktyor qeyd edib ki, gəlib evdə “müəllim məni vurub” deyəndə, cavab verirdilər ki, əcəb edib, yəqin nəsə etmisən vurub:
 “ Dərs oxumayanda 2 yazardılar, döymürdülər. Amma şuluqluq etmişəm, hansısa qızın hörüyünü dartmışam və döyülmüşəm. Kim döyülməyib ki?".

 Proqramda yer alan digər Əməkdar artist Coşqun Rəhimov isə birinci sinifdən döyüldüyünü qeyd edib:
 “Müəllimimin yun çubuğu var idi. Dərsdə səs saldım, əlimin üstündən vurdu, yeri də qaldı. Evdə istədim gizlədim, anam gördü. Getdi müəllimin yanına ki, vur, amma elə et ki, yeri qalmasın. Biz şiddətə qarşıyıq, amma tərbiyə metodu var: qulaq çəkmək, şillə vurmaq olmalıdır. Belə böyümüşük, yaxşı da böyümüşük. İndi dəymə uşağa, psixologiyası pozular" deyirlər" sözlərini söyləyib.
R.İsgəndərov isə "O vaxtın psixoloqu oxlov idi, kürəyinin ortasından vururdular, gəlib üstündən üzr də istəyirdin. Bəzilərində ata spirtli içki aludəçisi olur, uşağı döyür. Buna əlbəttə qarşıyıq. Amma lazımdır" sözlərini əlavə edib.  

 Mövzu ilə bağlı “Sherg.az”a danışan mütəxəsiss isə valideynlərə çağırış edib: “Bizi döyə-döyə adam elədilər” damğasını boş verin. Hər dövrün öz "uşaqları" var. Uşaqları döyə-döyə tərbiyə etməzlər.“Narınc” Uşaq Psixologiya mərkəzinin rəhbəri, psixoloq Narınc Rüstəmova döyülən uşaqların kinli olduğunu bildirib. Onun sözlərinə görə, məktəbliləri, ümumiyyətlə, deyilən sözü başa düşən 6 yaşdan yuxarı olan uşaqları vurmağın faydası yoxdur:

 “Azərbaycanda uşağa qarşı zorakılıq, həqiqətən, tərbiyə metodu kimi qəbul edilir. Döymək uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən metodlardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq yerinə daha asan olan fiziki şiddətə baş vururlar. Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda zəif vicdan və əxlaq inkişafına gətirib çıxarır. Müasir dövrdə insan sərbəst düşünə bilmək, hər situasiyaya uyğunlaşmaq elastikliyinə malik olmalıdır. Şiddətlə böyüyən uşaq elastik yox, daha kinli olur.
 Uşağı döyərək cəzalandırmaq onda zəif vicdanın formalaşmasına gətirib çıxarır. Çünki uşaq dəcəllik edərkən döyülərsə, etdiyinin qarşılığını ödəmiş olduğunu düşünür və bu zaman etdiyinin pis nəticələrini düzəltmək üçün səy göstərməsinə gərək duymur. Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. Dolayı yolla desək, uşaq etdiyinin pis bir şey olduğunu bilib özünü günahkar hiss etmək əvəzinə onu döyəni günahlandırır. Uşağın valideynlərindən zəif, daha gücsüz, daha aciz olduğunu bu formada öyrənməsi onu utandıraraq, valideynlərinə qarşı güvənini sarsıdır.
 Uşaq valideynlərinin davranışlarını təqlid edərək problemlərini təcavüzkarlıqla həll etməyə çalışır. Əsəbiləşəndə döyməyə əl atır. Beləliklə, fiziki cəza uşağa vicdanlı olmamağı öyrədir!
 Bəzi hallarda ana-ataların uşağı səhv bir hərəkətdən qorumaq üçün vurmaqdan başqa çarə tapmadıqlarının hamımız şahidi oluruq. Amma ana-ata bəzən çarəsiz qalıb uşağa vurmaq məcburiyyətini özündə hiss edirsə, heç olmazsa aşağıdakı qeydləri nəzərə alsınlar: deyilən sözü başa düşən 6 yaşdan yuxarı uşağı vurmağın gərəyi də, faydası da yoxdu.
Sözdən anlamayan uşağın arxasından və ya əlindən bir-iki şillə vurmaq bəsdir. Başa, üzə şillə vurmaq, kəmər, çubuq kimi əşyalarla döymək çox zərərlidir.
 Uşağı vurmağa əslində zərərli olduğu və ancaq aşağıdakı hallarda son çarə olaraq muraciət edilə bilər. Uşaq başqasına qəsdən və bilərək zərər verərsə;
Davamlı xəbərdarlığa baxmayaraq, pis hərəkətində israr edirsə; (məsələn, elektrik cərəyanı ilə, qazla oynamaq)
Yenə də əlinizdən gəldiyi qədər döyməkdən uzaq olmalı, söz başa düşən yaşda sözlə izah etməli, xüsusilə vurmağı faydalı olduğu zaman seçməli, əsəb və gərginlik zamanı qəti istifadə edilməməlidir”.