Qohum nikahlarına qadağa: Tez-tələsik toy etmək lazımdır -RƏY

Yaxın qohumlar arasında nişanlı olanların bir il vaxtı var

"Hər kəs papağını qarşısına qoyub, yaxşı-yaxşı fikirləşməli, düşünməlidir; evlənək, evlənməyək?"

  Yay tətilinə çıxmazdan öncə Milli Məclis əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanunu III oxunuşda təsdiqlədi.  Bununla da, Ailə Məcəlləsinə edilən dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artmış oldu. Məcəlləyə aşağıdakı hallar əlavə edilib: qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu; Layihədə aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb. Bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir. Qeyd edək ki, yaxın qohumlar arasında evliliyin qadağan olunmasına dair Ailə Məcəlləsinə dəyişiklik Milli Məclisdə müzakirə olunmağa başlanandan sosial şəbəkə istifadəçiləri də müzakirələrə aktiv şəkildə qoşulmuşdu. Qan qohumluğunun qadağan olunmasını alqışlayanlar da vardı, bunun o qədər də doğru yanaşma olmadığını, problemin maarifləndirmə, anlatma, təbliğat yoluyla həllini dəstəkləyənlər də. Başqa bir məsələ isə hazırda – yəni qanun hələ qəbul olunmadığı müddətdə nişanlı olan yaxın qohum cütlüklərlə bağlıdır. Hazırda nişanlı olan qohum cütlüklərə hansı qərar, hansı qayda şamil ediləcək? Onlara “səhv etmisiniz, səhvinizi düzəltməlisiniz”, deyib nişanlarının pozulması, ləğv edilməsi tələb ediləcəkmi? Qanunun geriyə qüvvəsi yoxdur.  Bu, bəlli. Bəs necə olacaq, hazırda nişanlı olan yaxın qohumlara evlənməyə icazə veriləcək, qadağa qanunun qəbulundan sonra qüvvəyə minəcək? Bu barədə suala Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova cavab verib. KİV-ə açıqlamasında komitə sədri hazırda qan qohumu (əmi, xala, bibi, dayısı qızı ilə nişanlı olanlar - red.) ilə nişanlı olan, lakin müxtəlif səbəblərdən rəsmi nikaha daxil ola bilməyən şəxslərin Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin təsdiqlənməsindən sonra rəsmi nikaha daxil ola bilib-bilməyəcəyinə münasibət bildirib.
 
Komitə sədri Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik edilməsi haqqında qanun layihəsinin 1 il sonra qüvvəyə minəcəyini bildirib. Onun sözlərinə görə, qohum evlilikləri risklidir və əsas məqsəd ailələrin möhkəm və uzunömürlü olmasını təmin etməkdir:
 "Ailədə xəstə uşağın doğulması həm uşağın özü üçün, həm valideynləri üçün çox çətinliklər yaradır. Bir çox hallarda kişi qadını və uşağı atır, boşanır. Ailələr arasında münaqişə yaranır, hər kəs qarşı tərəfi günahlandırır. Bəzən bu mübahisə və münaqişələr daha ağır fəsadlara gətirib çıxarır. Bu və digər səbəblərdən biz mövcud qanunvericiliyə dəyişiklik edilməsini təklif edirik. Qanun qanundur və burada güzəşt ola bilməz".

  Komitə sədri qeyd edib ki, qan qohumluğu olan şəxslərin tibbi müayinədən keçməsi zəruridir: 
"Həmin cütlüklər tibbi müayinədən keçiblərmi? Onlar hansı irsi və genetik xəstəliklərin daşıyıcıları olduğunu bilirlərmi? Əgər daşıyıcıdırlarsa, uşaqlarının da xəstə və daşıyıcı doğulacağını anlayırlarmı? Bu xəstəliklərin müalicəsi çox xərc tələb edir. Ailələrin maddi imkanları buna çatacaqmı? Bir ata və bir ana olaraq bu öhdəliyi öz üzərlərinə götürə biləcəklərmi? Buna psixoloji olaraq hazırdırlarmı? Baxın nə qədər suallar yarandı. Ona görə də insanlar bir daha düşünməli və qərar verməlidirlər".
  Belə çıxır ki, hazırda yaxın qohumlar arasında nişanlı olanlar, necə deyərlər, papaqlarını qarşılarına qoyub, yaxşı-yaxşı fikirləşməli, düşünməlidirlər; evlənək, evlənməyək? Evlənməkdə qərarlı olanlara icazə veriləcək, 1 il müddətinə. Sadəcə, komitə sədri bunu açıq söyləməyib. Ola bilsin ona görə ki, nişanlı olmayanlar da, 1 illik “möhlət hüququndan” yararlanmaq istəyəcək və tez-tələsik nişan mərasimi təşkil edib toy etmək fikrinə düşə bilər. Kim kimin qapısını döyüb “niyə nişanlanırsınız”, deyə biləcək ki?!. Hətta yaxın qohumlar öz aralarında sövdələşib nişan tarixini geriyə də ata bilər. Ölkəmizdə belə məsələlər asanlıqla həllini tapır. Hətta qanun qüvvəyə mindikdən sonra da qohum nikahlarının olmayacağını düşünmək absurd görünür. O baxımdan ki, rəsmi nikah üçün müraciət edən cütlüklərin yaxın qohum olduğu haradan, necə müəyyən ediləcək, bunun üçün bir mexanizm düşünülübmü? Qeydiyyat idarələri məgər DTX-dır ki, müraciət edənlərin əslini-kökünü araşdırsın? Soyad ayrı, ata-ana adı ayrı. Necə biləcəklər kimin qohum, kimin yad olduğunu. Yenə də iş qalır insanların özünün sağlam düşüncə tərzinə. Sağlam düşünməyi bacarıb övladlarının, gələcək nəslinin sağlam olmasını arz edənlər qohum nikahlarından uzaq duracaq.  Əksini düşünənlərsə... 
 
 Bu barədə yazıçı Aqşin Yenisey sosial şəbəkə hesabında fikirlərini paylaşıb: 
"Belə mövzularda az danışan adamam. Amma fikri ciddi olan gənclərlə təcrübələrimizi bölüşməliyik. Azərbaycanda istər kişi olsun, istər qadın, fərq etməz. Həyat yoldaşını ictimai mühitdən seçənlərin, demək olar ki, hamısı ya boşanır, ya da bütün ömür boyu kor-peşman bir həyat yaşayırlar.
Kim ki, görücü üsulu ilə ailə qurur, kim ki xalası qızı, bibisi oğluyla evlənir, bütün problemlərə baxmayaraq, ən azı, yarıxoşbəxt bir həyat yaşayır.
Bunun sosioloji səbəbləri var:
1. İctimai mühit insanı üçün hədəf ailə deyil, şəxsi karyeradır.
2. İctimai mühit Şərqdə kişilərlə qadınların birləşdiyi deyil, ayrıldığı yerdir. Yəni cinsəl olaraq gizli düşmənçilik mühitidir.
3. Ənənə “Leyli və Məcnun” kodunu ta uşaqlıqdan beyinlərə yerləşdirib: Şərqdə sevib evlənmək mümkün deyil. Mümkün olmayana cəhd edənlər bədbəxt olacaqlar.
Belə. İndi hər kəs fikirləşsin. Qohumla evlənsinmi, evlənməsinmi?