Psixoloq: Qısqanclıq zəminində qətl həqiqi sevginin deyil, əzikliyin göstəricisidir

Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Əli Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 17 il 6 ya müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Zaqatala rayonu Qımır kənd sakini, 1991-ci il təvəllüdlü Əli Səfərov 2022-ci ildə "TikTok"da zərərçəkmiş Aygün Həşimova ilə tanış olub, rəsmi qaydada evlənib. Onlar birgə yaşadığı müddət ərzində qadın onunla evlənməzdən əvvəl başqa şəxslərlə münasibətlərinin olmasını deyib. Sonra Əli Aygünün ona xəyanət etdiyini və edəcəyini mütəmadi olaraq güman edib və onların arasında mübahisə yaranıb. Daha sonra cütlüklər boşanıb. Amma buna baxmayaraq, bir müddət sonra yenidən ər-arvad kimi birlikdə yaşamağa davam ediblər. Lakin Əli yenidən Aygünün ona xəyanət etməsini güman edərək mübahisələr yaratmağa başlayıb. 2023-cü ildə qadın ondan ayrılaraq Zaqatala rayonuna qayıdıb. Sonra Əli Aygünün ondan ayrılmaqda məqsədinin başqa şəxslə münasibətinin olması kimi qəbul edib, onu öldürmək qərarına gəlib. 2023-cü il noyabrın 24-də Əli Bakı şəhərindən Zaqatala şəhərinə gəlib, üzərində mətbəx bıçağı ilə Aygünün işə gəlməsini gözləyib. O, qadına yaxınlaşaraq barışmağı təklif etsə də, Aygün razılaşmayıb. Bu zaman Əli ümumilikdə Aygünə 14 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Əli Səfərov məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
Maraqlıdır, həddindən artıq qısqanclıq nədən yaranır? Qısqanclıq sevginin göstəricisidir? 

Suallarımızı cavablandıran psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a açıqlamasında deyib ki, burada əsas nüans sevgi deyil, eqodur:  

''Qısqanclıq ikili münasibətlərdə tipik bir təcrübədir. Bütün növ -romantik, ailə, işgüzar və sosial münasibətlərdə müşahidə oluna bilər. Hadisədən də göründüyü kimi  qısqanclıq idarə edilə bilmədikdə, münasibətlərə dağıdıcı təsir göstərə bilər.Fikrimcə, qadın tərəfindən tərk edilmək həmin kişinin qüruruna toxunub. Özünü əzik hiss edib, özgüvəni pozulub və şəxsiyyət ikiləşməsi yaşayıb. Əslində burada bir çox problemlər var. Lakin həmin şəxsi analiz etmədiyimiz üçün dəqiq dioqnoz qoya bilmərik. Ancaq bütün bunlar psixologiyaya pis təsir edərək onun qatil ruhunu üzə çıxarır. Ona görə də qısqanclıq zəminində qətl həqiqi sevginin deyil, əzikliyin göstəricisidir. Eqo, yalnızlıq və özünü təsdiq edə bilməmək bu kimi hallara gətirib çıxara bilir. Əslində hadisə ilə bağlı geniş danışmaq olar. Lakin mövzunu müzakirə edib kütlədə geniş yayılmasını, adət-halını almasını istəmirəm. Ona görə də bu kimi hadisələrin xəbər portallarında çox yayılmasının əleyhinəyəm. Çünki kütlə psixologiyası deyilən bir şey var. Belə hadisələr çoxaldıqca adiləşir. İnsan bir sözü dəfələrlə eşitdikdə o söz ona eyni gəlir. Belə ki, insan psixologiyasının yaradılışı bu cürdür".