Mental dəyərlərin təsiri: Oğlan uşağı olmadığına görə ailəni tərk etmək insanlıqdan kənardır -RƏY

Qız övladı olacaq deyə ana bətnində körpəsi ilə çölə atılıb. Bu barədə "Xəzər" TV-də yayımlanan "Təsir Dairəsi" verilişində məlumat verilib. 39 yaşlı Tahirə başına gələn bu hadisənin detallarını danışıb. Üç övladı olan ana altı ildir müxtəlif çətinliklərlə üzləşdiyini bildirib. Belə ki, çarəsiz ana üçüncü övladını dünyaya gətirərkən onun digər iki övladı sığınacağa yerləşdirilib.
Maraqlıdır, müasir dövrdə olmağımıza baxmayaraq, qız uşaqlarına bu cür münasibət nə dərəcədə doğrudur?                                                                                                                                  
Məsələni dəyərləndirən sosioloq Lalə Mehralı "Sherg.az"a deyib ki, bu kimi vəziyyətlər ailə böyüklərinin israrlı təhriki ilə olur:  

''Çünki oğlan uşağı nəsilin davamçısı hesab edilir. Ona görə hamı mütləq oğlan uşağı dünyaya gətirməyə çalışır. Bu nüans ailələrin 90 faizində belədir. Bunu dilə gətirən və gətirməyənlər var. Lakin oğlan uşağı olmadığına görə, arvadından boşanmaq, ailəni tərk etmək insanlıqdan kənardır. Övladın oğlan və yaxud qız olmasının nə fərqi var? Əsas odur ki, o, sənin bir parçandır. Təəssüf ki, bu barədə istər oxuyan, istərsə də cahil olan insanlar eyni cür düşünür. Belə olduğu halda savadlı və savadsız insan arasında fərq qalmır. Hamı mental dəyərlərin təsirinə düşür. Əksər qadınlar mütləq oğlum olmalıdır düşüncəsiylə uşaqlarını tələf edirlər. Belə stiuasiyalarda qadını həmin evdən qovan ailə ilə danışıqlar aparılmalı, lakin ananın onları bağışlayaraq geri dönməməsinə nəzarət etmək lazımdır. Çünki hazırda oğlu olmadığı üçün evdən atılan qadın ertəsi gün sadə şeylərə görə fəlakətlərlə üzləşə bilər. Fikrimcə, belə ailədə böyüyən uşaqların dövlət və ya ananın himayəsində olması məsləhətlidir. Əslində uşağın cinsiyyəti atanın orqanizmindən dölə otürülür. Əgər qızların doğulmasına mane oluruqsa, o zaman oğlanları dünyaya gətirən qadınlar da olmayacaq. Unutmamalıyıq ki, ordunu formalaşdıran,dövləti qoruyan oğulları qadınlar dünyaya gətirirlər. Qız uşaqlarının dünyaya gəlməsinin qarşısını almaqla milləti, ölkəni təhlükəyə atmış oluruq".