Quruculuq işləri tam başa çatdıqdan sonra o bölgələrdə istirahət edənlərin də sayı artacaq
Odur ki, insanlar istirahət üçün daha əlverişli bölgələri seçirlər
Əhali yenə Quba, Qusar, Xaçmaz, Lənkəran, Astara bölgələrinə üz tutub. Yay istirahətini bu bölgələrdə keçirməyə üstünlük verir. Abşeronun bağ evlərində dincələnlər də var. Amma Bakıətrafı qəsəbələrdə kirayə qiymətləri çox baha olduğundan hər kəsə bu nəsib olmur. Əhalinin bir qismi istirahətini Novxanı, Pirşağı çimərliklərində təmin etməklə kifayətlənir. Daxili turizmdə qiymətlər qalxıb. Məzuniyyətlər dövrü başladığından istirahət zonalarında kirayə evlərin qiyməti də qalxıb. Məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, artıq belə ərazilərdə yerləşən evlərin kirayə qiymətləri bahalaşıb. Ekspert qeyd edib ki, bu, hər il davam edən tendensiyadır. Qiymət artımı avqust ayının 10-na qədər davam edəcək. Avqustdan sonra evlərin kirayə qiymətləri ucuzlaşacaq. Çünki bağ evlərinin kirayəsi əsasən mövsümi xarakter daşıyır. Hazırda Bakı və Abşeronda dənizkənarı kirayə evlərin qiyməti aylıq 1500 manatdan başlayaraq 6000 manata qədər və ondan daha bahadır. Dənizkənarı olmayıb, lakin əlverişli şəraiti olan bağ evlərinin də qiymətində bahalaşma var. Ərazinin infrastrukturundan asılı olaraq qiymətlərdə fərqlər var. Ən baha kirayə mənzillər Mərdəkan, Bilgəh və Novxanı qəsəbəsindədir. Bölgə olaraq isə bu il ən populyar bölgələr, yenə də şimal və cənub rayonlarıdır. Turizm bölgələrində günlük kirayə mənzilin qiyməti şəraitinə görə 50-500 manat arasında dəyişir. Bağ evlərinin kirayə haqqı da xeyli yüksələrək yerindən və şəraitindən asılı olaraq 1500-1800 manat və yüksək məbləğlərdə dəyişir.
İşğaldan azad olunmuş səfalı bölgələrimizdə istirahət etməyi arzulayanların sayı niyə azdır? Bəlkə də az deyil, insanlarımız Şuşa, Laçın, Kəlbəcər… və digər səfalı bölgələrdə məzuniyyətlərini başa vurmağı arzulayırlar, amma gedənlər, bu yerləri bir neçə günlük, həftəlik istirahət məkanı olaraq seçənlər azdır. Səbəb nədir?
İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, işğaldan azad olunmuş ərazlərimizdə istirahət və turizm imkanları getdikcə artır:
- Amma nəzərə alaq ki, işğaldan azad edilmiş ərazilər hələ tam bərpa olunmayıb. Məskunlaşma mərhələ-mərhələ həyata keçirilir. İnsanlar doğma yurdlarına, evlərinə qayıdırlar. Tikinti, abadlıq işləri hələ davam edir. Bu səbəbdən infrasturktur da hələ tam formalaşmayıb. Kommunikasiyaların tam bərpa edildiyi şəhərlər var. Lakin mina təhlükəsini də nəzərdən qaçırmamalıyıq. Bilirsiz ki, Ermənistan mina xəritələrini təhvil verməməkdə israr edir. Son illərdə mülki vətəndaşlarımız arasında nə qədər mina qurbanları var. Bu təhlükə nəzərə alınaraq işğaldan azad edilmiş ərazilərə təşkil olunan turlara bəlli ərazilər daxilində icazə verilir. Hazırda mina təhlükəsi qaldığından hökumət, yerli nümayəndəliklər istirahətə gələnlərə müəyyən hədlər, qadağalar qoymaq məcburiyyətindədirlər. Odur ki, insanlar istirahət üçün daha əlverişli bölgələri seçirlər, hələ ki.
F.İbrahimov bildirdi ki, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri tam başça çatdıqdan, mina təhlükəsi tamamilə aradan qaldırıldıqdan sonra o bölgələrdə istirahət məkanlarının da, istirahət edənlərin də sayı artacaq:
- Bilirsiz ki, Şuşada mehmanxana tikilib, istifadəyə verilib. Amma hamımız bilirik ki, daxili turizmdə qiymət məsələsi mühümdür. Bu ərazilərdə fəaliyyətə başlayacaq istirahət mərkəzlərində qiymətlər elə səviyyədə olmalıdır ki, insanların ora marağı artsın. Bu, ziyarətçilərin sayının artmasına, turizm imkanlarının daha da genişlənməsinə, yerli əhalinin də gəlirlərinin artmasına səbəb olar.