Tələbələrə güzəştli gediş kartları paylanmalıdır -Maraqlı təklif

Millət vəkili də, təhsil eksperti də hesab edir ki, buna dövlətin imkanları var

  İctimai nəqliyyatda qiymət dəyişikliyi ən çox təhsilalanları, təhsilverənləri, həftənin 5-6 günü işə gedib-gələnləri, günəmuzd işləyən fəhlələri maddi çətinlik qarşısında qoyacaq. Məktəblilərin, tələbələrin gediş haqqı problemi zatən mövcud idi. Övladını həftənin 5, ya da 6 günü məktəbə ictimai nəqliyyatla aparıb-gətirən valideyn həm özü üçün gediş haqqı ödəyirdi, həm də şagird-övladı üçün. Bu məsələdə məntiqsizlik onsuz da barizdir. Bir tərəfdən “orta təhsil icbaridir”, deyilir, digər tərəfdənsə məktəbə getməli olan, məktəbə getməsi tələb olunan, “təhsilsiz qız, təhsilsiz gənc... təhsilsiz gələcəkdir”, deyib pafoslu danışan xanım və bəyləri  bu qızların, oğlanların adi orta təhsil almaq üçün hər gün ictimai nəqliyyata nə qədər pul xərclədikləri heç vaxt maraqlandırmayıb. İctimai nəqliyyatda isə gözə girən “5 yaşdan yuxarı uşaqlara gediş haqqı ödənişlidir”, xəbərdarlığıdır (leksik cəhətdən düzgün ifadə də deyil; “gediş ödənişlidir”,  yazılmalıdır). 5 yaşlı uşaq pul qazanır ki, gediş haqqı da ödəsin?!. Eləcə də ali məktəb tələbəsi. Aldığı (əgər alırsa – M.R.) təqaüdü gediş haqqına ödəyir. Təhsilin əlçatanlığının təmini belə olmur. Bəzi ölkələr bu problemin həllini tapıb. Məsələn, qardaş Türkiyədə tələbə kartı mövcuddur. Tələbələr ictimai nəqliyyatdan güzəştli şərtlərlə istifadə edir. Məmurların cavabı bəllidir. Deyəcəklər, Türkiyədə ictimai nəqliyyat sektoru fərqli prinsiplərlə fəaliyyət göstərir, bələdiyyə avtobusları var, bələdiyyələrin büdcəsi var və sair. Yəni çobanın könlü yoxdursa, nəinki təkədən, heç inəkdən də pendir tutmaz. 
  
Amma millət vəkili, iqtisadçı Vüqar Bayramov həm vətəndaşlara, həm də nəqliyyat sektoruna sərfəli təkliflə çıxış edib. Millət vəkili qeyd edib ki, ictimai nəqliyyatda keyfiyyətin və səmərəliliyin yüksəldilməsi ilə yanaşı ödəniş vasitələrinin və metodlarının da beynəlxalq standartlara tam uyğunlaşdırılması vacibdir: 
- Etiraf etmək lazımdır ki, son illər ictimai nəqliyyat sektorunda institusional islahatlar dərinləşib. Bununla yanaşı, bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi bizdə də bu sahə uzunmüddətli islahatlar tələb edən sektordur. Əksər inkişaf etmiş ölkələrdə, o cümlədən qardaş Türkiyədə ictimai nəqliyyatda differensial qiymətlər tətbiq edilir. Cəmiyyətin sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqələri güzəştli qiymətlər ilə nəqliyyatdan istifadə edə bilərlər. Bu baxımdan Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var. Əksər ölkələrdə olduğu kimi tələbələr üçün güzəştli qiymətlər ilə Tələbə Nəqliyyat Kartının tətbiqi mümkündür. Bu zaman tələbələrin müəyyən güzəştlə ictimai nəqliyyatdan istifadəsi məqsədəuyğun olardı. Tələbələrin elektron bazasının yaradılması qısa zamanda mümkündür və həmin baza əsasında kartların satışı həyata keçirilə bilər. Həmin kartlardan başqalarının istifadə etməməsi üçün isə maliyyə cəriməsi daxil olmaqla güzəştli hüququn itirilməsi kimi cəzaların müəyyənləşdirilməsi mümkündür. Prosesə şəffaf nəzarət bu şərtlər daxilində kartlardan başqalarının istifadə etməsinin qarşısını almış olar. 
 
 Millət vəkili gündəlik, həftəlik və aylıq kartların tətbiqinə ehtiyac olduğunu deyib:
- Bu zaman müddətindən asılı olaraq 10-30 faiz intervalında güzəştlər tətbiq edilə bilər. Bu, vətəndaşın müddətli kartdan faydalanmaqla aşağı qiymətə ictimai nəqliyyatdan istifadə etməsinə imkan verməklə yanaşı, nəqliyyat qurumlarına birdəfəlik gəlirlərin daxil olmasına şərait yaradacaq. Nəticədə ictimai nəqliyyata məsul olan qurumlar bununla da çevik sərmayə imkanlarını genişləndirə biləcəklər. Bir sıra ölkələrdə mövsümü güzəştlər də tətbiq olunur və güman edirik ki, bu güzəştlərdən gələcəkdə istifadə oluna bilər. Bütövlükdə, differensial tarif sisteminin ölkəmizdə də tətbiqi sosial müdafiəyə ehtiyacı olan qrupların nəqliyyat xərclərini azaltmaqla yanaşı, nəqliyyat şirkətləri üçün birdəfəlik vəsait cəlb etmə və bu kontekstdən sərmayə imkanlarını da artıra bilər.
Ümumiyyətlə, iqtisadçılar hesab edir ki, əhalinin aztəminatlı təbəqəsinin ictimai nəqliyyata xərclərini minimallaşdırmaq üçün müxtəlif variantlar var. İctimai nəqliyyat da zərərlə üzləşməsin deyə dövlət büdcəsindən, məsələn, metropolitenə, daşıyıcı şirkətlərə dotasiya ayrıla bilər.

  Təhsil eksperti Kamran Əsədov da mövcud problemlə bağlı təkliflə çıxış etdi. “Sherg.az”a açıqlamasında ekspert bildirdi ki, təhsilalanları gediş haqqından xilas etməyin yolu onlara gediş kartlarının paylanmasıdır: 

- Daşıyıcı şirkətlər məktəblilərin ödənişsiz daşınmasına razı olmayacaq. Bu, onlar üçün böyük maddi zərər olar. Elm və Təhsil Nazirliyinin də belə bir maddi imkanı yoxdur ki, şagirdlərin, tələbələrin ödənişsiz daşınmasını təmin etsin. Nazirliyin daşıyıcı şirkətlərin hesabına pul köçürməsi də mümkün deyil. Bu məsələni Nazirlər Kabineti həll edə bilər. NK qaydaları müəyyənləşdirməlidir. Şagirdlərə “şagird kartı”, tələbələrə “tələbə kartı” paylanır, bu kartlar vasitəsilə kart sistemi ilə fəaliyyət göstərən ictimai nəqliyyatda gün ərzində 2 dəfə istifadə hüququ verilir, Maliyyə Nazirliyi də həmin vəsaiti daşıyıcı şirkətin hesabına köçürür. Bununla da, zərər bağlanmış olur. Bunun üçün də Nazirlər Kabineti müvafiq qərar verməli, məsələnin həllini aidiyyətli strukturlara tapşırmalıdır. Şəffaflıq təmin edilsin deyə, daşıyıcı şirkət ay ərzində nə qədər təhsilalana ödənişsiz xidmət göstərildiyini, ödənişsiz kartların vurulma sayını Maliyyə Nazirliyinə təqdim etməlidir. Problem bu yolla həllini tapa bilər. Bir sıra ölkələrdə, o cümlədən qardaş Türkiyədə təhsil alanlara bir sıra güzəştlər tətbiq edilir. Məsələn, Türkiyədə tələbə kartı mövcuddur, tələbələr bununla ictimai nəqliyyatdan, muzeylərdən ödənişsiz istifadə edə bilir. Bizdə də təhsil alanlara ictimai nəqliyyatda güzəştlər tətbiq edilsin. Ümumi vətəndaşlar üçün də aylıq gediş kartı sistemi tətbiq edilsin. Çünki aylıq kartlardan istifadə zamanı gediş haqqında güzəştlər əldə edilir.