Benzinin bahalaşmasının müsbət və mənfi tərəfləri var -AÇIQLAMA

Azərbaycanda ekoloji təmiz elektrikli avtomobillərin sayı çoxalacaq


  Həftə sonundan etibarən Tarif Şurasının qərarı ilə Azərbaycanda "Aİ-92" markalı benzin 1 manat əvəzinə 1,1 manat olub. Dizelin qiyməti isə 0,8 manatdan 1 manatadək artırılıb. Bu baxımdan yanacağın bahalaşmasının bazarda hansı məhsulların qiymətinə təsir göstərəcəyi günün müzakirə predmetidir. 
  
Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli isə deyib ki, dizel yanacağının bahalaşması təkcə sürücülərin cibinə yox, bütün əhalinin sosial vəziyyətinə mənfi təsir edəcək: 
“Kənd təsərrüfatı, tikinti, logistika sahələrində dizel yanacağından geniş istifadə edilir. Yanacağın bahalaşması məhsulların qiymətinin artmasına da  təsir göstərəcək. İstehlakçıların, daşıyıcıların xərci artdıqca, onlar da qiyməti artıracaq və bu da inflyasiyaya səbəb olacaq”.
 Digər iqtisadçı-ekspert Eyyub Kərimli bu artımın ölkədə ekologiyaya yaxşı təsir edəcəyini bildirib: “Benzinin qiymətinin artması zərurətlərdən irəli gələn bir hadisədir. Azərbaycanda artıq ətraf mühitin qorunması ilə bağlı ciddi mübarizə tədbirləri başlayıb. Bu baxımdan həm benzin, həm də dizelin qiymətinin bahalaşması ölkə avtoparkının yenilənməsinə və daha yaxşı ekoloji təmiz elektrikli avtomobillərin çoxalmasına təsir göstərə bilər”.
  
Ekspert bildirib ki, ölkədə köhnə avtomobillərin istismarı azalacaq:
"Sözsüz ki, bu qərar həm də ölkədə istifadəyə yararsız olan köhnə avtomobillərin istismarını da azaldacaq. Məlumdur ki, ölkədə artıq 95 markalı benzin istehsal olunur və bu benzin növünün ətraf mühitə az zərər vuran avtomobillərin sayının artmasına təsir göstərəcək. 
  Digər tərəfdən 92 markalı benzinin qiymətinin qalxması həm də Avro-B standartı ilə bağlıdır. Bu da öz növbəsində daha keyfiyyətli benzinin istifadəyə verilməsi ilə əlaqədardır. Hesab edirəm ki, qiymətin artması ölkədə ekoloji təmiz avtomobillərin sayının artmasına və nəticə etibarilə ətraf mühitin təmizliyinə müsbət təsir göstərəcək”.