Yay fəsli olsa da, bazarda qiymətlər od tutub yanır. Belə ki, gilasın kiloqramı 4-10 manat, ərik isə 3 manata təklif olunur. Satıcılar bildiriblər ki, məhsulun dəyəri alış qiymətinə və keyfiyyətinə görə tənzimlənir. Hazırda isə paytaxt bazarlarında lobyanın qiymətində kəskin artım müşahidə olunur. Bölgələrdə 18-20 qəpiyə satılan məhsulun kiloqramı Bakıda üç manata yaxındır. Maraqalıdır, bahalaşma nə ilə ələqadardır? Bölgələrdə satılan lobya niyə görə şəhərdə bu qədər bahadır?
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli söyləyib ki, 20 qəpiklik lobyanın şəhərdə üç manata satılması maraqlı faktdır:
''Ancaq bu müxtəlif səbəblərdən qaynaqlana bilər. Məsələn, 20 qəpiklik lobya həmin qiymətə müştərilərə təqdim edilsə də, 3 manatlıq lobyanın alış qiyməti 1-1 manat 50 qəpik aralığında ola bilər. Çünki mağaza baha qiymətə aldığı məhsulu satmalıdır. Bu il meyvə və tərəvəzlərin əvvəlki illə nisbətdə baha olması iqlim şəraiti ilə bağlıdır. Belə ki, meyvə-tərəvəzin yetişmə dövründə sel, daşqınlar məhsuldarlığa ciddi problemlər yaratdı. Məhsulun qiyməti isə bazara çıxarılan həcmdən asılıdır. Çünki, meyvə və tərəvəzi saxlamaq çox çətindir. Ona görə də bazarda kütləvi satışa çıxarılarkən qiyməti kəskin aşağı düşür. Bu da sezonda baş verir. Doğrudur, burada xərc artımının təsiri də var. Lakin keçən illə müqayisədə iki dəfədən çox ola bilməz. Fermerlərdən nisbətən marketdə məhsulun baha olmasına səbəb isə marketin hər birindən məhsul toplamır''.
Ekspert vurğulayıb ki, marketlər məhsulu tədarükçülərdən, tədarükçülər isə fermerlərdən alırlar:
''Market hansısa rayonda satılan məhsulun qiyməti ilə maraqlanmır. Çünki onların işçiləri və xərcləri daha çox olur. Rayonla Bakı arasındakı böyük qiymət fərqini düşünən adamlar benzinə pul verərək istədiklərini rayondan ala bilərlər. Yəni, seçim haqqı sərbəstdir. Bəzən görürük ki, marketlərdə xarab məhsulların qiyməti də hesablanaraq əlavə olaraq satılır. Bir sözlə, daşınma, çatdırılma, xarab məhsullar, borcun gözlənilməsi kimi nüanslar nəzərə alınanda qiymət yüksəlir".