15 mindən artıq vətəndaş işlə təmin olunacaq

İctimai və dövlət maraqlarının müdafiəsi

Dövlət işsizliyi minimuma endirməyə çalışır


  İşsizlik faizinin minimuma endirilməsi, əhalinin qeyri-məşğul hissəsinin işlə təmin edilməsi, sosial dəstəyə ehtiyacı olanlara müavinətlərin verilməsi Azərbaycan dövlət siyasətinin əsas prioritetləridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət büdcəsinin sosialyönümlü olmasını, vətəndaşların sosial rifah halının daim yaxşılaşmasını, gəlirlərinin yüksəlməsini əsas istiqamətlərdən biri hesab edir və yürüdülən siyasi kursda da bu bariz şəkildə görünür. Bu günlərdə cənab Prezident Şuşaya növbəti səfəri çərçivəsində Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak etdi. Dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, ümumi daxili sahəsi 2600 kvadratmetr olan Dövlət Xidmətləri Mərkəzinin yenidənqurma və təmir işlərinə ötən ilin mayında başlanılıb. Buradakı keçmiş poçt binasında və onun yerləşdiyi ərazidə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslı təmir işləri aparılıb, geniş yaşıllıq zonası salınıb. Dördmərtəbəli binanın əsaslı təmirindən sonra burada “ASAN xidmət” və “DOST xidməti” mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (poçt, rabitə qovşağı) filialları fəaliyyət göstərəcək. Diqqətə çatdırıldı ki, burada fəaliyyət göstərəcək qurumlar üzrə 56 nəfərin aidiyyəti üzrə işlə təmin edilməsi nəzərdə tutulur. Mərkəzdə işləyəcək əməkdaşların Şuşa şəhər sakini olması təmin edilib. Bildirildi ki, buradakı Şuşa regional “ASAN xidmət” mərkəzində 21 nəfər çalışacaq. İşçilərin hamısı Şuşada qeydiyyatda olan vətəndaşlar arasından - köç siyahısından - seçilib. Bu, doğma yurda qayıtmış keçmiş məcburi köçkünlərin işlə təmin edilməsi istiqamətində atılan növbəti addımdır. Cənab Prezident Qarabağa, Şərqi Zəngəzura hər səfərində yerli əhalinin  işlə təmin edilməsinin vacibliyini vurğulayır, görülən işlər, icra olunan layihələr də sübut edir ki, əsas məqsəd əhalinin məşğulluğunun təmin edilməsi, doğma evinə,  ocağına qayıdan əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, həm iqtisadi inkişafın təmin edilməsi, regionun sürətli sosial-iqtisadi inkişafına səbəb olacaq layihələrin icrası nəticəsində yeni iş yerlərinin açılmasıdır ki, bu da əhalinin sosial gəlirlərinin artmasına imkan yaradır. İctimai məmnunluğa, vətəndaşların maraqlarının təmin edilməsinə yönəlmiş addımlar bununla məhdudlaşmır. Cənab Prezidentin imzaladığı sərəncam və qərarlar vətəndaşların, eyni zamanda dövlət maraqlarının müdafiəsinə yönəlir. Prezident İlham Əliyev bu günlərdə "Məşğulluq haqqında" qanuna edilən dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, 3 ay ərzində Nazirlər Kabineti kvotadan əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi qaydalarını təsdiq edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə növbəti yarım il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək. Hər iki qurum hazırlanan sənədlər ilə bağlı ölkə Prezidentinə məlumat verəcək. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib. Millət vəkili qeyd edib ki, qanuna edilən dəyişikliklər iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əməkhaqqı məbləğində, yəni 345 manat vəsait almasına imkan verəcək. Minimum əməkhaqqı artdıqca bu məbləğ də yüksələcək. 
 
 İqtisadçı Fuad İbrahimov "Sherg.az"a açıqlamasında qeyd etdi ki, cənab Prezident tərəfindən "Məşğulluq haqqında" qanuna edilən dəyişikliklərin təsdiqlənməsi, birbaşa işsizliyin azaldılmasına, əhalinin işlə təmin olunmasında irəliyə doğru atılmış mühüm addımdır:  
- Məlum qanuna edilən dəyişikliklər daha çox insanın işlə təmin edilməsinə imkan yaradır, özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edir. Dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılması təmin edilməlidir. Praktik olaraq ilkin qiymətləndirmələrə görə təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar. Millət vəkilinin də bildirdiyi kimi, yeni qanun, eyni zamanda dövlət və özəl tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək, iş axtaranların daha qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq. Xüsusən əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə dövlət tərəfindən maaşların ödənilməsi həyata keçiriləcək. Kvotadan əlavə iş yerlərinin yaradılması və həmin iş yerlərində çalışanların maaşlarının dövlət tərəfindən ödənilməsi həm özəl sektor üçün işçiləri cəlb etmək baxımından, həm də işsizlərin daha qısa zamanda işlə təmin olunması baxımından yeni bir imkandır. Bu qanun ölkəmizdə məşğulluğun daha yaxından təmin olunmasına və iş axtaranların qısa müddətdə işlə təmin olması üçün yeni imkanlar yaratmaqla əhalinin sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək. Dövlətimizin sosial siyasətinin əsas məqsədi də budur ki, işsizlik faizi azalsın, əhalinin daha böyük hissəsi işlə təmin olunsun, bunun hesabına əhalinin gəlirləri çoxalsın, sosial rifah halı yüksəlsin. İşğaldan azad edilmiş ərazilərimizdə - Qarabağda, Şərqi Zəngəzurda aparılan işlər də əsasən buna yönəlib. Doğma yurdlarına qayıdan vətəndaşlarımızın məşğulluğunun təmini başlıca vəzifədir. Yeni açılan dövlət xidməti mərkəzləri, fəaliyyətə başlayan sənaye müəssisələri, dirçəldilən kənd təsərrüfatı sektoru buna imkan verəcək.