“İlan sancan dəridə 2 deşiyin olması onun zəhərli olmasından xəbər verir”
Havaların istiləşməsi ilan sancmalarının artmasına səbəb olan əsas amildir. Yay mövsümündə xüsusilə regionda yaşayan əhali ilanların hücumuna məruz qalır.
Torpaq isindikcə də ilanlar fəallaşır və insanların həyatı üçün ciddi təhlükə mənbəyinə çevrilir. Belə hallarda müəyyən təhlükəsizlik tədbirlərinin görülməsi vacib şərtdir.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən verilən məlumata görə,
son iki ayda ilansancma ilə bağlı müraciət edənlərin sayında artım müşahidə edilib. Bildirilib ki, may-iyun ayı ərzində ümumilikdə 36 nəfər müraciət edib. Yaralıların hər birinə zəruri tibbi xidmətlər göstərilib və ölüm halı qeydə alınmayıb.
Bəs ilansancma zamanı ilkin yardım necə aparılmalıdır, hansı müdaxilələr yolverilməzdir?
“Sherg.az”ın xəbərinə görə, bu və digər sualları “TƏBİB məsləhəti”ndə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, həkim-toksikoloq Azər Maqsudov cavablandırıb.
Onun sözlərinə görə, Azərbaycanda ən çox gürzə sancmaları baş verir və gürzə zəhəri daha təhlükəli sayılır. Zamanında qarşısı alınmasa, ciddi fəsadlar verə, hətta ölümlə nəticələnə bilər: “İlan zəhəri mərkəzi sinir sistemi və daxili orqanlara ciddi zərər verir. İlan sancma hallarında insanın həyatını xilas etmək üçün ilk tibbi yardım çox önəmlidir. İlanın dişi iynənin ucu qədər nazik olduğundan ilan sancan anda onun zəhəri 5-6 saniyə ərzində bədənə yayılır. Praktik olaraq zəhəri sovurub çıxartmaq mümkün deyil. İlan sancan şəxs çox hərəkət etməməli, imobilizasiya vəziyyətində olmalıdır və onu təcili həkimə çatdırmaq lazımdır.
İlan sancması zamanı ən vacib müdaxilələrdən biri həmin nahiyəyə buz qoymaqdır. Qısa vaxt, ilk 15-20 dəqiqə ərzində turna (jqut) bağlamaq olar, o da çox sıxılmamalıdır. Tibb müəssisəsinə çatan kimi də həmin turna açılmalıdır. Bəzən ilan dişləyən yerə qatıq yaxıb, sarımsaq çəkirlər ki, guya zəhərin təsirini öldürür. Halbuki praktikada bunlar heç bir əhəmiyyət kəsb eləmir. Onda həmin yerdə infeksiyalaşmış yara əmələ gəlir".
Təhlükəsizlik tədbirlərinə gəldikdə isə bu sahə üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, ilan sancan şəxsi yerindən tərpətmək olmaz:
"Yay mövsümünün gəlməsi ilə əlaqədar havaların istiləşməsi ilanların da aktivləşməsinə səbəb olur və ilan sancması hallarına rast gəlinir. İlanlar əsasən isti yerlərdə daha çox olur. Onlar özlərinə təhlükə hiss etdikdə hücuma keçir. Digər ilan növlərinin o qədər qorxusu olmasa da, zəhərli ilan olan gürzələr çox təhlükəlidir. Azərbaycanda gürzələrin 7 növü var və hamısı zəhərlidir. Onların insana hücumu olduqca təhlükəlidir. İlan sancan insanda tərləmə, ürəkbulanma, qusma, nəfəs alma çətinləşir, tənəffüs və ürək döyüntüləri azalır, huşu itir və şok vəziyyətinə düşür. İlan sancan hissə - əl, yaxud ayaq göyərir, şişir və qızarır”.
E.Nurəliyev bildirib ki, ümumiyyətlə, ilan sancması zamanı onun zəhərli olub-olmadığını bilmək üçün ilan sancan dəridə 2 deşiyin olması onun zəhərli olmasından xəbər verir: "Zəhərli ilanlar dişlərinin içərisində olan kanaldan zəhəri sancdığı yerə buraxır. Ona görə ilk öncə sancan ilanın zəhərli olub-olmamasını müəyyənləşdirib sonra ilk tibbi yardım göstərmək lazımdır. İlan sancan şəxsi uzanıqlı, ayaqları yuxarı vəziyyətdə saxlamaq lazımdır. İlanın sancdığı hissəni (əl, ayaq) tərpətməyib və düz qalması üçün şina ilə sarıyıb, yaranı bacardıqca sıxıb oradan bir neçə damcı da olsa qan çıxarmaq gərəkir. Şəraitdən asılı olaraq yaranı çoxlu su ilə yumaq lazımdır. Daha sonra yaranı yod ilə dezinfeksiya etmək və sarğı qoymaq vacibdir. Sarğının üzərinə soyuq kompressor, buz və onlar da olmazsa soyuq suyu bir sellofan paketə doldurub sarğının üzərindən qoymaq olar. Bunlara bərabər həmin hissənin hərəkətsiz qalması təmin edilməlidir. Yaralanan yer hərəkət edərsə, qan dövranı sürətlənər və zəhər bədənə tez yayılar ki, bu da insan həyatı üçün təhlükə yaradar. İlk tibbi yardımı göstərməklə bərabər təxirə salınmadan təcili tibbi yardım briqadasını çağırmaq lazımdır. Yayda evlərdə və əsasən istirahət məkanlarında, bağlarda kotejlərdə insanlar istirahət edərkən pəncərəni açıq saxlayır. Açıq pəncərədə qoruyucu olması mütləqdir. Daha sonra evlərin ətrafını otlardan, kol-koslardan təmiz saxlamaq, lazımsız əşyaları, avadanlıqları ortalıqdan götürmək mütləqdir. Bu, ilanlar üçün gizlənməyə əlverişli yerlərdir. Siz o əşyaları yerindən tərpədəndə ilana toxuna bilərsiz və ilan sizə hücum edər. Yaxşı olar ki iş yerlərində, bağlarda, istirahət məkanlarında ilanlara qarşı dərmanlardan istifadə edilərək qabaqlayıcı tədbirlər görülsün. Heç bir halda ilan sancan yeri kəsmək, ülgüc ilə çərtmək, od ilə yandırmaq, ağız ilə sorub zəhəri çıxarmaq, ilan sancan hissədə yuxarı yeri elə bərk bağlamaq kimi qeyri-ciddi yardım növlərindən istifadə etməmək lazımdır”.