Tələbələri bahalı kirayələrdən qurtarmalıyıq -ŞƏRH

Məcburi köçkünlərin  boşaltdığı  tələbə yataqxanalarının tezliklə sökülərək yerində müasirlərinin tikilməsi vacibdir
 
 
 Bu il Gəncədəki Azərbaycan Texnologiyalar Universiteti və Azərbaycan Texniki Universitetinin yataqxanalarının tikintisinə başlanıla bilər.
Bunu Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun üç illik hesabat tədbirində jurnalistlərin suallarını cavablandırarkən  deyib.
 O bildirib ki, tələbə yataqxanalarının tikintisi zəruri məsələlərdəndir:
"Özəl sektoru prosesə cəlb edərək tələbələrin yataqxanalarda qalma şəraitinin yaxşılaşdırılması üçün çalışırıq. Hazırda yataqxana problemi olan bir neçə ali təhsil müəssisəsi ilə danışıqlar gedir".
Eyni zamanda özəl sektorla bir neçə universitetin tələbə yataqxanasının təmir olunması və onun istifadəyə verilməsi ilə bağlı layihələrə başlanılacaq”, – deyə qeyd edib.

 Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev “Sherg.az”a açıqlamasında deyib ki, regionlarda ali təhsil müəssisələri olsa da,  tələbələrin böyük əksəriyyəti ölkənin böyük şəhərlərində, xüsusən paytaxt Bakı və Sumqayıtda yerləşən ali təhsil müəssisələrində oxumağa üstünlük verir:
 “Bakıda hər zaman tələbə yataqxanaları çatışmazlığı müşahidə edilib. Məhz bu səbəbdəndir ki, bölgələrdən Bakıya təhsil almaq üçün gələn tələbələr, paytaxtda ucuz kirayə mənzillərə üstünlük verirlər. Ucuz kirayə mənzil də tapmaq çətindir. 1990-cı illərin əvvəllərinədək bütün ali təhsil müəssisələrinin, eləcə də texnikumların belə yataqxanaları olub. 1-ci Qarabağ müharibəsindən sonra məcburi köçkünlər həmin yataqxanalara sığındılar. Bu gün isə çox şükür, torpaqlarımız işğaldan azad edilib. Bundan əlavə də ötən illər ərzində demək olar ki, bütün məcburi köçkünlər dövlət tərəfindən fərdi mənzillə təmin edilmişdi. İndi isə azad olunan torpaqlarda yeni evlər tikilərək məcburi köçkünlər mərhələli şəkildə öz yurd-yuvalarına göndərilirlər. Buna görə də ali təhsil müəssisələrinin yataqxanaları tədricən boşalır.
 Ali təhsil müəssisələrinin tələbə yataqxanalarının hazırda yaşayış üçün yararsız şəraitdə  olduğunu vurğulayan E.Fərzəliyev deyib ki, məcburi köçkünlərin köçürüldüyü tələbə yataqxanalarının tezliklə sökülərək yerində müasirlərinin tikilməsi vacibdir. Kirayə bazarında qiymət artımı tələbələr üçün ciddi problem yaradır. Hazırda tələbələr şəhərdə kirayə evlər baha olduğundan Bakı ətrafında kirayələrdə qalırlar. Bu isə tələbələrin iki saatdan çox yollarda vaxt itirməsinə səbəb olur. Eyni zamanda da nəqliyyat xərci çox çıxır. Bu baxımdan uzun illər məcburi köçkünlərin yaşadıqları yataqxanaların sökülərək yenidən tikilməsini vacib hal hesab edirəm. Bu proses həm tələbələrin mənzil problemini aradan qaldırar, həm də kirayə mənzil bazarında  qiymətlərin stabilləşməsinə gətirib çıxarar”.

 Özəl sektorun bu prosesə cəlb edilməsinə gəldikdə isə ekspert deyib ki, tikintilərin qiymətini artıran əsas səbəb torpaq sahələrinin baha olmasıdır:
“Paytaxtda mənzillərin baha olmasının səbəbi, çoxmənzilli binaların tikintisi üçün torpaq sahələrinin az və bahalı olması ilə əlaqəlidir. Tələbə yataqxanalarının vəziyyəti yaşamaq üçün uyğun olmasa da, hər birinin kifayət qədər  geniş ərazini əhatə edən torpaq sahələri  var. Onların yerləşdiyi torpaq sahələrində yeni,
daha böyük və  müasir standartlara cavab verən yataqxanalar tikmək olar.
 Torpaq sahəsi olduqdan sonra tikinti xərcləri o qədər də böyük maliyyə tələb etmir. Bu baxımdan həmin yataqxanalar tələbələrə minimal qiymətlərlə kirayə verilsə,  əldə edilən gəlir 5 il ərzində binanın tikintisinə çəkilən xərci ödəyəcək. Sonrakı illərdə isə yataqxanadan əldə olunan  gəlir ali təhsil müəssisələrinin digər xərcləri üçün istifadə edilə bilər.  Məsələn, tələbə təqaüdlərinin, müəllimlərin maaşının  artırılmasına xərclənə bilər. Yataqxanalar daha əvvəlki kimi 5 mərtəbədən ibarət deyil, 10 və daha çoxmərtəbəli tikilib tələbələrə aşağı qiymətə kirayə verilə bilər. Bu zaman həm tələbələrin problemləri həllini tapar, həm də paytaxtda kirayə qiymərlərində bir qədər ucuzlaşma müşahidə edilə bilər. Çünki hər il bölgələrdən paytaxta minlərlə tələbə gəlir və tələbələrin gəlməsi minlərlə kirayə mənzilin tutulması deməkdir. Bu da təbii ki, kirayə mənzillərin qiymətinin atmasına səbəb olur”.