Şəhid, əsir və girovların aşkarlanan qalıqlarını harada mümkündürsə, orada dəfn edirlər -RƏY

Ailənin istəyi nəzərə alınır

İtkinlik çox ağır dərddir. Şəhidlikdən də ağırdır itkin xəbəri, itkini gözləmək
 
 Azərbaycan ordusunun müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə işğaldan azad etdiyi Vətən torpaqlarında şəhid, itkin, əsirlərimizin qalıqları hələ də aşkarlanır. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, 30 ilə yaxın müddətdə işğal  altında saxladığı ərazilərimizdə törətdiyi dəhşətli cinayətlərin aşkar izləridir. Qarabağ torpağında aparılan yenidənqurma, tikinti, abadlıq işləri zamanı aşkarlanan cəsəd qalıqları, məlumdur ki, DNT analizindən sonra ailələrinə təhvil verilir və dövlət qurumlarının iştirakı ilə sayğıyla dəfn edilir. Dəfn mərasimlərinin həm paytaxtda, həm də müxtəlif bölgələrdə, o cümlədən işğaldan azad olunmuş və artıq məskunlaşma aparılan Qarabağda da təşkil olunduğunu görürük.  Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əliyev İmaməddin Əliağa oğlunun meyitinin qalıqları bir neçə gün əvvəl Ağdaş rayonuna gətirilib. O, Birinci Fəxri xiyabanda naməlum şəhid kimi dəfn olunmuşdu. Şəhidin nəşi rayonun Pirəzə kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi kənd qəbiristanlığında, atasının məzarı yanında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı yaylım atəşi açılıb. Qeyd edilir ki, Əliyev İmaməddin Əliağa oğlu 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı. Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və 30 il sonra tapılan cəsəd qalıqları ilə şəxsiyyəti müəyyənləşdirilən daha bir neçə şəhid Məmişov Şahin Talış oğlu, Paşayev Ələddin Bəhlul oğlu, Qarayev Usubəli Süleyman oğlu, Şahmuradov Nemət Musa oğlu, Usubov Zakir Kamran oğlu Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn ediliblər. İyulun 12-də isə Baxışov İdris Osman oğlu Quba rayonu, Qənidərə kəndində, Əliyev Muğan Gəray oğlu Füzuli rayonu, Çimən kəndində, Rəhimova Səfiyyə Müləzim qızı və Rəhimov Müsaddin Sədri oğlu Saatlı rayonu, Orta Muğan kəndində dəfn ediliblər. Birinci Qarabağ müharibəsində itkin düşən və 30 il sonra nəşinin qalıqları Gəncədə Şəhidlər xiyabanında tapılan Elşən Xasiyevlə Bakı şəhərinin Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən evində vida mərasimi keçirilib, daha sonra şəhidin nəşinin qalıqları Sabunçu rayonun Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn edilib. Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Arif Ələkbər oğlu İmaməliyev isə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb. Birinci Qarabağ müharibəsində atəşkəsin əldə olunmasından 30 ilə yaxın müddət keçsə də, hələ də ailələrə şəhid xəbərləri və şəhid cənazələri gəlir. Bu, Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin və separatçı xuntanın ərazilərimizdə necə qəddar cinayətlər törətdiyinin sübutudur.

 Nəşi tapılan şəhid, əsir və girovların müxtəlif bölgələrdə dəfn edilməsi ilə bağlı “Sherg.az”a danışan hərbi jurnalist, Birinci Qarabağ müharibəsində Milli Qəhrəman Şirin Mirzəyevin təşkil etdiyi batalyonda kəşfiyyatçı olmuş, Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat katibi Rey Kərimoğlu qeyd etdi ki, şəhid, əsir və girovların aşkarlanan qalıqları harada mümkündürsə, orada dəfn edilirlər:
- Əlbəttə ki, bu məsələdə ailə üzvlərinin istəyi də nəzərə alınır. Elələri var, doğum yeri Bakıdır, ailə üzvləri Bakıda yaşayır, elələri var müxtəlif bölgələrdəndir. Birinci Qarabağ müharibəsində də ölkənin bütün regionlarından oğullar döyüşüb. Necə ki 44 günlük Vətən müharibəsində bütöv bir xalq olaraq düşmənə qarşı döyüşürdük, Birinci Qarabağ müharibəsində belə olub. Fakt göz önündədir. Nəşi tapılanlar Bakı, Gəncə, Tərtər, Biləsuvar, Ağdaş, Füzuli...  Hər bölgədən var. Nəşinin qalıqları tapılanlar ailələrinə təhvil verilir, həm ailənin istəyi nəzərə alınır, dəfn yeri il bağlı, həm də, əlbəttə ki imkanlar, şərait. Məsələn, Şuşaya, Laçına əhalinin qayıdışı başlayıb, şuşalı, laçınlı şəhidlər orada dəfn olunacaq, Xocalı qəbiristanlığı abadlaşdırılıb, Xocalıdan olan əsir və itkinlər, şəhidlərin nəşinin qalıqları tapıldıqca, orada dəfn edilir artıq. Ağdam qəbiristanlığında hələ ki dəfn edilən yoxdur, çünki o ərazilərdə yenidənqurma, abadlıq işləri hələ tam başa çatmayıb, mina təhlükəsi var. Ümumilikdə Birinci Qarabağ müharibəsində 4 min itkinimiz vardı.  Onların əksəriyyəti şəhid olub, erməni separatçıları tərəfindən kütləvi məzarlıqlarda basdırılıblar. İndi qalıqlar üzə çıxır. Bilirsiz, 30 ildir gözü yolda qalanlar vardı. Gözləri yollardan yığılır. Hətta qurban kəsirlər nəşi tapılanlara ki, şükür tapıldı, ziyarət ediləcək yer olacaq bundan sonra. Ailələr bununla təskinlik tapır. İtkinlik çox ağır dərddir. Şəhidlikdən də ağırdır itkin xəbəri, itkini gözləmək.

 R.Kərimoğlu qeyd etdi ki, ana-ataların, bacı-qardaşların gözünü yollardan “yığan” müzəffər Ali Baş Komandan və ordumuz oldu:
- Bu günümüzə min şükür! Ərazilərimiz işğaldan azad olundu, ərazi bütövlüyümüzü tam təmin etdik. Müzəffər Ali Baş Komandan, qəhrəman əsgərlərimiz, şəhidlərimizin qanı sayəsində. İşğaldan azad edilmiş ərazilərimizə əhalinin köçü artdıqca, qayıdış tamamlandıqca, həmin bölgələrdən olan əsir, girov, şəhidlərin nəşinin qalıqları o torpaqlarda dəfn olunacaq. İndi isə harada imkan varsa, hara təhlükəsizdirsə, orada dəfn mərasimləri keçirilir. Doğulduğu şəhərdə, rayonda dəfn edilənlər daha çoxdur. Yəqin ki, burada ailənin istəyi də nəzərə alınır. Belə də olmalıdır.