Monitorinq aparılmır, əmək hüquqları kobud şəkildə pozulur

Hər yer toz, duman içində

Dövlət Əmək Müfəttişliyinin əməkdaşları ofisdən çıxmırlar ki, birdən isti vurar. Bəs fəhlələri isti vurmur?!

  İyul ayının tən ortasında, qızmar istilərdə paytaxtda qızğın iş gedir. Hardasa yeni yol salınır, hansısa küçələrdə asfalt örtüyü yenilənir, köhnə binalar rənglənir, ağaclar da yuyulur. Asfalt örtüyünün yenilənməsində köhnə qaydalar qüvvədədir: zəruri ehtiyac olmayan küçələrdə asfalt örtüyü yenilənir, ümumiyyətlə asfaltsız olan küçələrsə, “baxa-baxa” qalır. Ola bilsin, hansısa mütəxəssislər irad səsləndirəcək ki, “siz nə bilirsiz harada ehtiyac var, harada yoxdur?!”. Razıyıq. Naşı ola bilərik bu məsələdə. Amma naşı olmadığımız və hər şeyin gün kimi aydın olduğu reallıq bundan ibarətdir ki, yayın qızmar istisində, günün pik saatlarında fəhlələri yola töküb işlədirlər. Yol çəkilişinə, asfalt örtüyünün yenilənməsinə cəlb edilən fəhlələr günün qızmar şüası altında əllərində alətlər küçəni o baş bu başa gedib gəlir. Ağır texnikanın göyə qaldırdığı tozu, çirkli havanı uda-uda. Tozu udan təkcə fəhlələr də deyil. Ərazidə yaşayan, işə gedib-gələnlər də tozlu havanın əsarətinə düşür. Başqa problem, yolda tıxacların yaranmasıdır. Ağır texnika “ərəbzəngi” kimi yolu kəsdiyindən bir istiqamətli hərəkət zolağında uzun-uzadı tıxac yaranır. Hazırda Mətbuat prospektində eynilə bu vəziyyətdir. Prospektin Badamdar dairəsinədək uzanan hissəsində yeni asfalt örtüyü yenidən yeniləndiyindən insanlar min-bir əziyyətə qatlanır. Ağacların sulanmasını da xatırlatdıq. “Məhsul” stadionu yaxınlığında səkidəki ağacları axşamüstü sulamaq və bununla da işdən evə qayıdanları ağacların üzərindən axan palçığa “qonaq etmək” ideyasının kimə məxsus olduğunu bilmək maraqlıdır. Dünya təcrübəsində yol tikintisinin, yol nişanlarının çəkilməsinin, ağacların yuyulmasının uyğun vaxtlarda icra edilməsi praktikası mövcuddur. Yol infrastrukturu ilə bağlı işlər gecə saatlarında icra edilir ki, avtomobillərin hərəkətinə, piyadalara problem yaranmasın. Ağaclar da səhər erkən saatlarda sulanır. Görünür, bu məsələlərdə mövcud olan dünya praktikası bizə “əl vermir”. Fəhlələrə əlavə əmək haqqı ödəmək zərurəti yaranacağından ola bilərmi?..
  Paytaxtda vaxtsız-vədəsiz aparılan işlər zamanı işçilərin əmək hüquqlarının pozulduğunu deyən Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı “Sherg.az"a açıqlamasında Əmək Məcəlləsinin müvafiq maddələrini misal çəkdi:
"Azərbaycan Respublikasının Əmək Məcəlləsində isti hava şəraitində işçinin hüquqları dəqiq qeyd edilib. Maddə 233-də “Soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması”yla bağlı qeyd edilir: 1. İşçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. 2. İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. 3. İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu və küləyin gücü bu Məcəlləyə 2-ci əlavədə nəzərdə tutulur. 4. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilir. 5. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Əmək Məcəlləsinə 2-ci əlavədə isə ilin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri qeyd edilib. Qanunvericiliyə görə, havanın temperaturu yüksəkdirsə, açıq hava şəraitində, kondisioner, sərinləşdirici qurğular olmayan yerlərdə iş dayandırılmalı, işçiyə fasilə etmək, sərinlənmək imkanı verilməlidir. Bununla bağlı hər dəfə işəgötürənlərə xəbərdarlıq edilir. Respublika Baş Prokurorluğu da xəbərdarlıq edib bununla bağlı. Baş Prokurorluğun məlumatında qeyd olunur ki, işlərin dayandırılması və işçilərə sərinləmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı əsasında həyata keçirilir. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə isə işin dayandırılması bir-birini əvəz edən növbələr müəyyən olunması ilə əvəz edilir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir.
  M.Qəhrəmanlı qeyd etdi ki, işçinin hüquqları qanunvericiliklə təsbit olunduğu halda, yenə də əmək hüquqlarının kobud şəkildə pozulduğunu görürük:
 İsti havada açıq məkanlarda çalışmaq birmənalı qadağandır. Bu məsələ Əmək Məcəlləsi ilə tənzimlənmir. İşəgötürənlər daxili əmrlə tənzimləməlidir bu məsələni. Daxili əmrlər işin spesifikasından asılı olaraq elə verilməlidir ki, həm Əmək Məcəlləsinə zidd olmasın, həm də işçilərin hüquqları pozulmasın. İş saatlarını dəyişdirmək olar, daha sərin vaxtlarda, axşam, gecə saatlarında gördürmək olar bu işləri. Elə bir vaxtda ki həm nisbətən sərinlikdir, həm də küçələrdə avtomobil azdır, əhali azdır. Yoxsa günün pik saatlarında yolu bağlayıb asfalt çəkmək, tozu göyə qaldırmaq, axşamüstü ağacları sulayıb insanların üst-başını bulamaq qanunvericiliyə də ziddir, etik normalara da. Qanunvericiliyin tələbləri pozulur, işçilər əziyyət çəkir, ətraf mühitə, əhaliyə ziyan dəyir.
  M.Qəhrəmanlı bildirdi ki, ölkədə iş şəraitinin dəyişdirilməsi zərurəti ildə 1-2 dəfə yaranır: 
" Qış aylarında bəzən güclü külək, şaxtalı hava, yay mövsümündə isə əsasən iyul-avqust aylarında müəyyən günlərdə havanın temperaturu çox yüksək olur. Həmin günlərdə iş şəraitini qanunvericiliyin tələblərinə görə tənzimləmək çətin deyil. İşəgötürənlər, rəsmi qurumlar nəzərə almalıdır ki, havanın temperaturu kölgədə 35-36 dərəcədirsə, açıq havada artıq 38-39 dərəcəyə çatır deməli. Bu, heç də kiçik göstərici deyil. İsti havalarda açıq şəraitdə çalışmaq çox çətindir. İstənilən zaman günvurma hadisəsi ola bilər. Həm də iş gündüz saatlarında görülürsə, Günəşin zirvədə olduğu vaxtdır. Bu zaman açıq havada olmaq ümumiyyətlə məsləhət deyil. Amma bu insanlar asfaltın istisində çalışdırılır. Əmək Məcəlləsinə əlavələr var, Baş Prokurorluğun xəbərdarlığı var, amma nəzarət yoxdur. Monitorinq aparılmır. Dövlət Əmək Müfəttişliyi nəzarət etməlidir bu məsələyə. Anma müfəttişliyin əməkdaşları ofisdən çıxmırlar ki, birdən isti vurar. Bəs fəhlələri isti vurmur?!. Dövlət Əmək Müfəttişliyi qanunvericiliyin tələblərinin pozulmasına görə indiyədək neçə nəfəri cəzalandırıb, buyurub bildirsin. Bizim gördüyümüz nöqsanları onlar niyə görmür?".