2026-cı ilin sonuna qədər 100-dən çox yaşayış məntəqəsi yenidən qurulub bərpa ediləcək
140 mindən çox keçmiş məcburi köçkünün öz doğma yurdlarına qaytarılması nəzərdə tutulub
Bu ilin I yarısında Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 1 milyard 953,5 milyon manat vəsait yönəldib.
Maliyyə Nazirliyinin məlumatına görə, bu, 2024-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş 3 milyard 825 milyon manat vəsaitin 51,1 faizi deməkdir: “Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub. Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçıların verdiyi sifarişlər əsasında 1 milyard 64,9 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 42,9 faizinə bərabərdir və ötən ilin eyni dövrü ilə müqayisədə 40,4 faiz çoxdur”.
Millət vəkili Azər Badamovun “Sherg.az”a açıqlamasına görə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası dövlətimizin prioritetləri arasında ilk yerdədir. Ona görə də hər il dövlət büdcəsindən bu məqsədlər üçün milyardlarla manat vəsait ayrılır:
Ötən 4 ilə yaxın bir vaxt ərzində işğaldan azad olunmuş ərazilərdə böyük yenidənqurma və bərpa işlərinin aparıldığını xatırladan deputat deyib ki, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu, dəmir yolunun tikintisi əsas istiqamətlərdə başa çatmaq üzrədir. İki beynəlxalq hava limanı tikilib, üçüncü hava limanının tikintisi davam etdirilir. Bütün şəhərlərin baş planları təsdiq olunaraq tikintisinə başlanıb: “Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin 6 ayında işğaldan azad olunmuş ərazilərin bərpasına 1,935 milyard manat ayrılıb. Azərbaycan 10 min kvadrat kilometrdən böyük bir ərazini kənardan heç bir kömək olmadan öz iqtisadi gücü hesabına yenidən qurub bərpa edir. 2022-2026-cı illəri əhatə edəcək Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq 2026-cı ilin sonuna qədər 100-dən çox yaşayış məntəqəsi yenidən qurulub bərpa edilərək, 140 mindən çox keçmiş məcburi köçkünün öz doğma yurdlarına qaytarılması nəzərdə tutulub. O cümlədən bu ilin sonuna qədər isə 20 mindən çox insanın qaytarılması nəzərdə tutulur. Keçmiş məcburi köçkünlərin qaytarılması üçün ərazilər minalardan təmizlənir, yeni yollar, hava limanları, yaşayış məntəqələri tikilir, iş yerləri yaradılır və uzun illər öz ata yurdlarından uzaq düşmüş insanlar üçün hər cür şərait yaradılır. Təbii ki, bütün bu işlər böyük maliyyələr hesabına başa gəlir. Dövlət başçımızın uzaqgörən siyasəti Azərbaycanı həm iqtisadi tərəfdən güclü edir, həm də Böyük Qayıdışa dair Dövlət Proqramının uğurla icrasına şərait yaradır”.