Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Gələcəkdə hətta bu, böyük problemə də çevrilə bilər
Demoqrafik məsələyə ciddi yanaşılmalıdır, müəyyən güzəştlər olmalıdır
“Yoxsa demoqrafik inkişafdan geri qala bilərik. Digər tərəfdən boşanmalara səbəb olan faktorlar uşaq sayının azalmasına gətirib çıxarır”
Azərbaycanda doğulanların sayı azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, cari ilin ilk yarımilində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 41608 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb.
Qeyd edək ki, son illərin statistikasında doğulan körpələrin sayı azalan xətt üzrə gedir. Bəzi ekspertlər qeyd edir ki, ölkədəki iqtisadi-sosial çətinlik ailələrdə doğulan uşaqların sayının azalmasına gətirib çıxarır. Digər qisim hesab edir ki, son zamanlar boşanma hallarının sayının kəskin artması yeni doğulan uşaqların sayına ciddi təsir göstərir.
Bir qisim isə bunu gənc ailələrin məsuliyyətdən qaçması, öz yaşayış tərzlərindən vaz keçə bilməməsi ilə əlaqələndirir. Ailələrin uşaq planlaması şəxsi istək olsa da, bu, demoqrafik göstəricilərə təsir edir. Həmçinin ölkədə çoxuşaqlı ailələrin də sayı azalıb.
Mövzu ilə bağlı TNS-ə açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov bildirib ki, ölkəmizdə bu eniş və tərəddüdlər, hələlik demoqrafik problem kimi görünməsə də, gələcəkdə vəziyyət dəyişə bilər:
“İndi olmasa da, 2040-cı ildən sonra vəziyyətin mənfiyə doğru dəyişməsi mümkündür.
Belə bir təhlükə var ki, yaxın 15 ildə ölkəmizdə olan bu vəziyyət dəyişə bilər. Çünki son 50-60 ildə nəsilvermə əmsalı da 3 dəfə azalıb. Eyni zamanda əhalinin cins tərkibi dəyişir. Oğlanlar bioloji normadan daha çox doğulduğu halda, qızlar az doğulur ki, bu da selektiv abortun nəticəsidir. Bütün bunlar uzunmüddətli planda Azərbaycanda demoqrafik vəziyyətə mənfi təsir göstərə bilər”.
Ekspert bildirib ki, doğum sayının azalması, əhalinin yaş tərkibinin dəyişməsi, yəni yaşlı əhali sayının gənc əhalinin sayına nisbətən artması, eyni zamanda kişilərin sayının qadınlardan çox olması kimi ciddi problemlər ortaya çıxa bilər:
“Ortaya çıxa biləcək mənfi təsirlərin qarşısını almaq üçün dövlət tərəfindən müəyyən işlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla bağlı müvafiq tədbirlər görməyi planlaşdırır. Əslində, Azərbaycanda vəziyyət Avropa ölkələri ilə müqayisədə dəfələrlə yaxşıdır. MDB ölkələri üzrə götürəndə də nəticələr pis deyil. Məsələn, Rusiyada hər 1000 nəfərə illik artım sıfırın üzərindədir. Şərqi Avropada elə ölkə var ki, illik artım mənfi 7-8-ə çatıb. Yəni bizlə müqayisədə yaxşıdır. Amma gələcəkdə problemlər yarana bilər. Ona görə bu gündən düşünmək lazımdır. Xüsusilə, selektiv abortların qarşısının alınması vacibdir”.
Millət vəkili Fazil Mustafa da hesab edir ki, “Məsələni diqqətdən kənarda saxlaya bilmərik. Mütləq artım məsələsi üzərində düşünməliyik. Bütün hallarda bu, bizi narahat etməlidir. Demoqrafik siyasətdə yeniliklər, hansısa təşəbbüslər irəli sürülməlidir”.
O bildirib ki, ailə planlamasının müəyyən detallarına yenidən baxmalıyıq: “Bu sahədə düzəlişlər etmək vacibdir. Çünki bizim hər hansı bir şəkildə hədsiz geriləməyimiz doğru olmaz. Bu, gələcəkdə həm hərbi potensialımıza, həm işçi qüvvəmizə təsir edən amil olacaq”.
Hüquqşünas Əkrəm Həsənov isə “Sherg.az”a açıqlamasında qeyd edib ki, demoqrafik məsələyə ciddi yanaşılmalıdır:
“Demoqrafiya sahəsində olan ekspertlərin fikrincə, Azərbaycanda tədricən təbii artım azalacaq və gələcəkdə hətta problemə də çevrilə bilər. Bu proses gedir və səbəbləri də çoxdur. İlk səbəblərdən biri insanların daha gec ailə qurması, boşanmalar, az sayda uşağa sahib olmaq istəyidir. Bunlar əvvəllər Qərb ölkələrində trend idi, indi isə bizdə başlayan demoqrafik problemə çevrilib. İnsanlar mədəni-psixoloji dəyişikliklər nəticəsində ailə institutuna əvvəlki kimi yanaşmırlar”.
Hüquqşünas bütün bunların sosial məsələlərlə bağlı olduğunu düşünmür:
"Çünki 90-cı illərin əvvəllərində insanların gəliri bundan aşağı olsa da, demoqrafik artım müşahidə edilirdi. Bu, düşüncə tərzi ilə bağlıdır. İndi insanlar daha çox "beş günlük dünyadır, özümüzə gün ağlayaq, uşaq, ailə boş şeydir”, ya da "az uşaq olsun” prinsipi ilə yaşayırlar. Burada qadınların da rolu böyükdür. Çox uşaq dünyaya gətirmək istəmirlər. Ən əsas boşanmalar rol oynayır. İnsanlar əvvəllər evlənəndə düşünürdülər bu evlilik çox çəkəcək, əbədi olacaq. İndi isə o fikirlər dəyişib”.
Psixoloq Elnur Rüstəmovun fikrincə, çağdaş ailə modelinə nəzər salsaq, uşağın olmasını, uşaq tərbiyəsinin əvvəlki illərlə müqayisədə fərqli formada hazırlandığını görərik:
"Əgər əvvəlki ailə modelində uşaq ailə üçün həm də iqtisadi fayda idisə, bu gün isə uşaq ailə üçün həm də iqtisadi yükdür. Çünki uşağın tərbiyəsi prosesində hərtərəfli yanaşma tələb olunur. Hərtərəfli yanaşma da məsrəfdir, bunu da çox ailə qarşılaya bilmir. Onlar buna görə də ailədə uşaq sayının az olmasına fokuslanırlar. Uşaq sayı az olsun, lakin ona həm yaxşı təhsil, həm yaxşı tərbiyə versinlər. Belə olduğu halda valideynlərin uşaqlardan gözləntisi artır ki, bu da başqa bir məsələdir”.
Psixoloq əlavə edir ki, əvvəllər insanlar ailə quraq, uşaq olsun düşünürdü, bu gün isə ailə quraq, xoşbəxt olaq, xoşbəxt olarıqsa, uşaq da olar düşüncəsi ilə yaşayır:
"Əvvəl qurulan ailələrdə uşağın tez dünyaya gəlməsi prioritet idisə, indi 3 ildən, 5 ildən sonra uşaq dünyaya gəlir. Bu da müasir ailə modelində fərqli yanaşmanı göstərir”.
E.Rüstəmov qeyd edib ki, ailələrdə uşaq sayının azalmaması üçün müxtəlif təşviqedici tədbirlər görülməlidir: "Müəyyən güzəştlər olmalıdır. Yoxsa demoqrafik inkişafdan geri qala bilərik. Digər tərəfdən boşanmalara səbəb olan faktorlar uşaq sayının azalmasına gətirib çıxarır”.