Əmək pensiyalarında artımlar olacaq -ŞAD XƏBƏR

Daha konkret rəqəmlər ilin sonuna doğru aydınlaşacaq
 
 
 Mövcud qanunvericiliyə əsasən, pensiyadakı artımlar indeksləşdirmə və yardımların verilməsi formasında həyata keçirilir. Əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinə uyğunlaşdırılır.

 Bu sözləri “Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, bu ildəki orta aylıq əməkhaqqındakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın 1-dən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq: 

“Bu ilin ilk yarısında ölkədə nominal orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8.8 faiz artıb. 2024-cü il üçün yekun illik göstərici gələn ilin əvvəlində elan ediləcək. Eyni zamanda bu ilin ikinci yarısında maaş məbləğlərindəki potensial dəyişikliklər də orta illik əməkhaqqı faizinə təsir göstərə bilər. Daha konkret rəqəmlər ilin sonuna doğru bəlli olacaq. Bununla bağlı artıq konkret rəqəmləri və eyni zamanda pensiya kapitalında hansı faiz artımın olmasını təqdim etmək mümkün olacaq. Əmək pensiyaları orta aylıq əməkhaqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Bu baxımdan, gələn ildən etibarən pensiya kapitalı da indeksləşdirilərək artırılacaq. Bu da, xüsusən də pensiya yaşı tamam olmayan, amma gələcəkdə pensiya alacaq vətəndaşlarımızın pensiya kapitalının artmasına və onların daha çox pensiya almasına imkan yaradan faktorlardan biridir”.