İqtisadçılar dəqiq tarix söyləməsələr də, bahalaşmanın real olduğunu deyirlər
Ölkədə qiymət artımı ilə bağlı yenidən məlumatlar yayılmağa başlayıb. Bu dəfə kommunal xidmətlərin bahalaşacağı xəbəri verilir. Əslində, təəccüblü deyil.
A92 və dizel yanacağının qiymətinin bir ay əvvəl kəskin şəkildə artırılmasından sonra taksi və ictimai nəqliyyat sahəsində, hətta bəzi ərzaq növlərinin qiymətində kəskin artım müşahidə olundu. Bu baxımdan kommunal sektorda da qiymətlərə yenidən baxılacağı gözləniləndir.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, kommunal xidmətlər dövlət tərəfindən tənzimlənən sahələrdir. Yəni bununla bağlı hər hansı qərar qəbul olunacaqsa, bu, Nazirlər Kabinetinin və onun nəzdində olan Tarif Şurasının qərarı ilə olacaq: “Bunun üçün iqtisadi əsaslandırma və yaxud dünya bazarlarında baş verən proseslərin heç bir aidiyyəti yoxdur. Dövlət büdcəyə əlavə pul cəlb etmək üçün belə bir addım ata bilər. Ola bilsin ki, il sonuna yaxın kommunal xidmətlərin qiymətində artım olsun”.
Ekspert bildirib ki, Azərbaycandakı reallığı nəzərə alsaq, həmişə bir neçə ildən bir kommunal xidmətlərdə artım olur. Bunun ehtimalı kifayət qədər yüksəkdir:
“Əgər hökumət belə bir addım atacaqsa, deməli, düşünülmüş şəkildə, büdcəyə əlavə pul cəlb etmək üçün atacaq. Bu qərar verilirsə, Nazirlər Kabinetinin qərarı olacaq. Hazırda elə bir vəziyyətdir ki, dövlət tərəfindən tənzimlənən qiymətlərin artması insanların sosial vəziyyətinin daha da gərginləşməsinə səbəb ola bilər. Təbii qazın, elektrik enerjisinin, yanacağın qiymətinin artması istər-istəməz bütün sahələrdə özünü göstərir. Dövlət tərəfindən tənzimlənən qiymətlərin artması ölkədəki inflyasiya prosesini daha da sürətləndirə bilər. Təbii qazın qiyməti qaldırılsa, qaz istifadə edən istehsalçıların, kiçik və orta sahibkarların öz biznesini bağlamasına səbəb ola bilər”.(Bakupost)
İqtisadçı-ekspert Rəşad Həsənov da hesab edir ki, proseslər növbəti mərhələdə dövlət müəssisələri tərəfindən göstərilən xidmətlərdə qiymət artımlarının olacağını göstərir. O qeyd edib ki, müəyyən xidmətlərin maya dəyərinin formalaşmasında yanacağın qiymət artımının rolu var:
"Bu təsirlərin növbəti mərhələdə kommunal xidmətlərə transformasiyası və onların qiymətlərinin artırılması ehtimalı var. Biz prosesin hansı mərhələdə olduğu ilə bağlı tam məlumatlı deyilik. Qiymətlərin nə vaxt atrırılacağını deyə bilmirik. Ümumiyyətlə götürəndə, kommunal xidmətlərin qiymətinin artırılması ilə bağlı davamlı olaraq aidiyyəti qurumlar Tarif Şurasına müraciətlər ünvanlayırlar. Əsaslandırılmaları da ondan ibarətdir ki, xərclər çoxdur. Bu da həmin qurumların zərərlə işləməsinə, xidmət keyfiyyətinin səmərəli təşkil edilməsinə problem yaradır. Ola bilsin ki, sadalanan amillərdən hər hansı birinin əsaslandırılması kommunal xidmətlərin qiymətlərinin artırılması məsələsini gündəmə gətirsin və qiymət artımına gedilsin".
İqtisadçı qeyd edib ki, özəlləşdirmə kontekstində zaman-zaman kommunal xidmətlərin təşkili məsələləri bir sıra istiqamətlərdə özəl sektora ötürülə bilər.
Amma hazırkı tənzimlənən qiymətlər özəl sektor üçün cəlbedici olmadığından bunu həyata keçirmək mümkün olmur.
İqtisadçı-ekspert Xalid Kərimli isə “Şərq”ə açıqlamasında bildirib ki, kommunal sahədə qiymət artımı Tarif Şurasının qərarından asılı olan bir məsələdir: “Bizdə kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır. Tarif Şurası, yəni hökumət tərəfindən qərar verilir. Bu məsələ Tarif Şurasının qərarına bağlı olduğu üçün bir iqtisadçı olaraq dəqiq tarix söyləmək mümkün deyil".
Ekspert qiymət artımının olacağıyla bağlı ehtimalların yüksək olduğunu deyib: “Bu yaxınlarda dizel və benzinin qiymətində artım oldu. Ehtimal etmək olar ki, kommunal xidmət göstərən təşkilatların xərcləri artdığı üçün bu sahədə də qiymətlər arta bilər. Həmçinin yanacağın qiymətinin artırılmasının nə qədər inflyasiya gətirəcəyi müşahidə edilir. İnflyasiya sürətli olmasa, hökumət növbəti il bu qərarlara gedə bilər. Qərar bazar prosesləri əsasında verilmədiyi üçün qiymət artımı 3 ay sonra da, 1 il və ya 2 il sonra da ola bilər”.