Vətəndaş cəmiyyətləri COP29-da çox aktiv olacaqlar

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
 

 Tədbirin yüksək səviyyədə təşkili üçün cəmiyyətin bütün seqmentlərinin səfərbər olunması zəruridir
 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müstəqil Azərbaycanın təşkil edəcəyi ən böyük tədbirdir.
Bütün post-sovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikası bu mötəbər qlobal tədbiri təşkil edəcək. Bu məsələdə beynəlxalq aləmin vahid mövqedən çıxış etməsi Azərbaycanın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Beynəlxalq birliyin belə bir qlobal tədbirə ev sahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir.
Şübhəsiz ki, Azərbaycan COP29-u da ən yüksək səviyyədə keçirəcək. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük zamanı 155 ölkənin, Qoşulmama Hərəkatına sədrlik zamanı 120 ölkənin dəstəyini qazanmağı bacarıb və etimadı tam doğruldub, Prezident İlham Əliyevin irəli sürdüyü qlobal təşəbbüslər beynəlxalq ictimaiyyətin rəğbətini qazanıb. Azərbaycan COP29 tədbirində on minlərlə xarici qonağı qəbul etməyə hazırlaşır. Qonaqların təmsil etdiyi ölkələrin bu cür müxtəlifliyi və zənginliyi yalnız BMT Baş Assambleyası kimi tədbirlərə xas cəhətdir.
Neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən etməsi Azərbaycanın yaşıl enerji siyasətinə olan qlobal dəstəyi ifadə edir.
Bərpa olunan və yaşıl enerji əsasında istehsal olunan elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasına səbəb olub. 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının Azərbaycanda 30 faizə çatdırılması gözlənilir. Azərbaycanın bərpa olunan enerji potensialı çox yüksəkdir, statistik göstəricilərə görə, ölkənin quruda külək və günəş enerjisinin həcmi 27 qiqavat, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. 2020-ci ildə 44 günlük müharibədən dərhal sonra Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru, Naxçıvanı "yaşıl enerji bölgəsi” adlandırıb və bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb.
Artıq Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialından fəal şəkildə istifadə edilir. Burada yaxın illərdə hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq. Bu da yaşıl enerjiyə keçid prosesinə gözəl töhfədir.
Qeyd edək ki, bir çox sahələrdə olduğu kimi vətəndaş cəmiyyətinin təmsilçiləri bu sahədə də Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətini yüksək qiymətləndirir.
Dünyada ekoloji məsələlərin həllində, mötəbər tədbirlərin keçirilməsində vətəndaş cəmiyyəti çox aktiv olduğundan həmin təcrübədən irəli gələrək Təşkilat Komitəsinə də vətəndaş cəmiyyətinin nümayəndələri də daxil edilib.
Həmçinin Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə COP29 QHT Koalisiyası yaradılıb. Dünyanın müxtəlif ölkələrindən və regionlarından olan QHT-lərlə hibrit görüşlər keçirilib. COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevin də yaxın günlərdə COP29 QHT Koalisiyasının üzvləri ilə görüşəcəyi gözlənilir.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri COP29 istiqamətində atılan bütün addımları alqışlayır və qlobal iqlim dəyişikliyi ilə bağlı məsələləri töhfə kimi yüksək qiymətləndirir. Onun sözlərinə görə, COP29 QHT Koalisiyasında Azərbaycandan cəmi 1 təşkilat var, o da çətir qurum olan Azərbaycan Milli QHT Forumudur: 

“Koalisiyadakı qalan üzvlərin hamısı 50 ölkədən olan 200-dən çox xarici QHT-dir. Onların içərisində yüzlərlə QHT-ni ətrafında birləşdirən xeyli çətir təşkilatlar da var. İnanırıq ki, COP29 dövlətlər arasında əhəmiyyətli əməkdaşlığa töhfə verəcək, iddialı vədləri artıracaq və konsensusa aparacaq. Biz, COP29-a sədrlik edən Azərbaycan və dünyanın digər vətəndaş cəmiyyəti qrupları ilə iqlim dəyişmələrinin qarşısını almaq və planetimiz üçün gələcək vəd edən səylərimizlə həmrəylik üçün birləşirik. Biz istəyirik ki, COP29-da dünyanın bütün yerlərindən olan vətəndaş cəmiyyəti qurumlarının səsi eşidilsin.
COP-29-la bağlı Azərbaycandan böyük gözləntilər var. Həm hazırlıq prosesinin, həm də tədbirin özünün yüksək səviyyədə təşkili üçün cəmiyyətin müxtəlif seqmentlərinin səfərbər olunması zəruridir.
Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycan dövlətinin milli hədəflərindən biri kimi müəyyən edilib. Bir müddət əvvəl Bakıda Yaşıl Enerji Məşvərət Şurasının birinci toplantısının baş tutması bu siyasi iradənin növbəti nümunəsidir. Artıq bütün dünyada Azərbaycanın Yaşıl Enerji Dəhlizi barədə danışılır. Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan ilə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş də imzalayıb.
Beləliklə, Azərbaycan apardığı məqsədyönlü iş, böyük zəhmət və bu sahədə qazandığı uğurlar sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməyə tam layiqdir. Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri olaraq COP29-un ən yüksək səviyyədə keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək.
COP29 eyni zamanda sülhə, əmin-amanlığa yol açır, rifaha xidmət edir. COP-la bağlı Azərbaycan və Ermənistan arasında vasitəçisiz, birbaşa kommunikasiya əsasında əldə edilmiş razılaşma bu qlobal tədbirin sülhpərvər mahiyyətini bir daha nümayiş etdirir.
COP mövzuları bəşəriyyəti, müxtəlif dövlətləri, dövlətlər qrupunu, düşərgələri ümumi məqsəd naminə səfərbər edən, birləşdirən qüvvədir. COP həmrəylik, qlobal məsuliyyəti bölüşmək və əməkdaşlıq platformasıdır.
QHT-lər də COP29-la əlaqədar müsbət təşəbbüsləri dəstəkləməyə, beynəlxalq QHT-lərlə əməkdaşlığa, xarici ölkələrin vətəndaş cəmiyyəti təmsilçilərinə bu istiqamətdə hər cür köməklik göstərməyə daima hazırdır”.
R.İskəndərlinin fikrincə, vətəndaş cəmiyyəti təşkilatları ilə konstruktiv qarşılıqlı fəaliyyətə üstünlük verən Azərbaycan COP29-dakı müzakirələri zənginləşdirəcək, inklüzivliyə töhfə verəcək, nəticədə Paris Sazişinin məqsədlərinə çatmaq üçün kollektiv səyləri inkişaf etdirəcək. Bu nailiyyət Azərbaycanın səmərəli çoxtərəfli diplomatiya bacarığını nümayiş etdirir və onun gələcək nəsillər üçün dayanıqlı gələcəyin formalaşmasında həlledici rolunu vurğulayır. R.İskəndərli qeyd edib ki, Azərbaycan Milli QHT Forumu 9 Həmfikir Qrupla, o cümlədən Qeyri-formal qruplarla da sıx əməkdaşlıqda maraqlıdır: “COP29 QHT Koalisiyası”nda yer alan 36 QHT Həmfikir Qrupların (Constituency) təmsilçiləridir. 9 Həmfikir Qrupdan 5-inə daxil olan QHT-lər hazırda Koalisiyada yer alır. Bu, Koalisiyanın hansı miqyasda iş apara biləcəyi ilə bağlı aydın təsəvvür yaradır. Bu təşkilatların inkişaf etməkdə olan ölkələrdən olan QHT-lərlə qlobal diskussiyaları inklüzivliyi təmin edir. Koalisiyadakı xarici QHT-lərdən 68-i inkişaf etməkdə olan ölkələrdəndir”.