Əhalinin böyük əksəriyyəti internet xidmətlərindən narazıdır
“Vətəndaşlar real nəticə gözləyir. Vətəndaşların müstəqil seçim imkanı tanınmalı, bunun üçün rəqabət mühitinin formalaşması, rəqabətin qarşısını kəsənlərin aradan qaldırılması vacibdir”
“Vətəndaşlar real nəticə gözləyir. Vətəndaşların müstəqil seçim imkanı tanınmalı, bunun üçün rəqabət mühitinin formalaşması, rəqabətin qarşısını kəsənlərin aradan qaldırılması vacibdir”
“Aztelekom” MMC, faktiki vətəndaşların hesabına əlavə, məhz əlavə gəlir əldə edir. Vətəndaşın cibinə girir. “Aztelekom”un kəsilmiş internet xəttinə, göstərilmədiyi xidmətə görə vətəndaşdan “cərimə” adı altında pul qoparmasına, biz ad tapa bilmirik, çünki kobud ifadə işlətmək istəmirik. Sadəcə, belə bir adi məsələyə məntiqi cavablarının olacağını hər halda ehtimal edirik. Baxın. Abonentlər var ki xidmət haqqını hər ayın 5-də ödəməlidirlər. Bu tarixədək ödəmə edilmirsə, internet avtomatik olaraq kəsilir, xidmət dayandırılır. Deyək ki, ayın 6-sı və ya 1-2 gün sonra ödəniş edildikdə internet xidməti təkrar aktivləşir və abonent ondan istifadə etməyə başlayır. Vətəndaş hər hansı bir ayın 5-də ödəmə həyata keçirməyib, sonrakı aylarda da ödəniş etməyib. Bu müddət ərzində internet bağlı qalıb, yəni vətəndaşa xidmət göstərilməyib. İndi isə vətəndaş “Aztelekom”a nəzakətli bir şəkildə bildirir ki, onların xidmətindən imtina edir, internet istəmir. Amma yox, “Aztelekom” vətəndaşın qarşısına şərt qoyur. Sizin cəriməniz var, ödəmədiyiniz ayların ödəniş haqqını ödəməlisiniz, sonra sizin müraciətinizə baxılacaq. Deməli, “Aztelekom” göstərmədiyi xidmətə görə vətəndaşı şantaj edərək ödənişi həyata keçirməsini tələb edir. İnternet məgər elektrik enerjisidir ki, sakin evdə olmayanda soyuducunun, həyətdəki lampanın yanılı qalması hesabına sayğac pul yazsın, adam da hardansa qayıdıb görsün ki, cüzi də olsa elektrik enerjisi istifadəsinə görə ödəniş müəyyən edilib? İnternet xətlə paylanır, onu dayandırdınsa, daha kimsə ondan istifadə edə bilməz. Bu halda vətəndaş istifadə etmədiyi internetə görə niyə ödəniş etməlidir? “Aztelekom” bunun məntiqi izahını verə bilsə, afərin deyərik. Qanunu, müqavilə şərtlərini gözə soxmasınlar. Vətəndaşın haqqı tapdanan qanun ola bilməz.
Etibardan sui-istifadə
Ümumiyyətlə, “Aztelekom”, onun ardınca da özəl şirkətlərin internet xidməti qiymətlərində artım etməsi cəmiyyətdə böyük narazılıq yaradıb. Hazırda demək olar əhalinin böyük əksəriyyəti internet xidmətlərindən narazıdır. Qiymətdən də, xidmətin keyfiyyətindən də. Vətəndaşlar bildirir ki, aylıq ödəniş haqqı 10 manat, daha sonra 18 manata yüksəlmiş internet indikindən dəfələrlə sürətli və keyfiyyətli idi. “Qiymət qalxır, internetin sürəti 100 Mbit/s olacaq” nağılı ilə camaatın başının altına yastıq qoymağa çalışdılar. Amma insanlar nələrisə anlayır artıq. Digər provayderlə də qiymət artımına gedib. "Azərcell", "Baksell", "Nar" 10 qəpiklik xidməti 59 qəpiyə qaldırıb. Buna nəzarət lazımdır. Sosial şəbəkələrdə bu bahalıqla bağlı rəy yazanlar sürətin artmayacağını, ümumiyyətlə, sadə vətəndaşın Mbt/s-filandan anlayışının olmadığını, “Aztelekom” və digər şirkətlərin, provayderlərin də məhz insanların bu bilgisizliyindən sui-istifadə etdiklərini bildirirdilər. Təbii, hər kəs informasiya texnologiyaları üzrə mütəxəssis deyil. Bəs cənab Prezidentin vəzifəyə təyin etdiyi şəxslər - məmurlar, etibar etdiyi özəl sektor vətəndaşı niyə aldadır?
Antiinhisar Xidməti nə işlə məşğuldur?
Qeyd edək ki, “Aztelekom”un məlum qiymət artımı barədə ətraflı izah verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “İKTA və Antiinhisarın diqqətinə” başlığı ilə belə bir məzmunda paylaşım etmişdi:
“Bəzi bölgələrdə yüksək internet tarifləri ucbatından internet xidmətindən imtina etmək istəyənlərə qarşı yerli qovşaqların qanunsuz və ədalətsiz münasibət sərgilədiyi bildirilir. "Aztelekom" tərəfindən abonentə pulsuz təqdim edilən modemlər geri təhvil alınmır, əvəzində isə imtina etdiyinə görə ondan 130 manat cərimə tələb olunur. Həmçinin bu vətəndaşlara bildirilir ki, aşağı qiymətlərlə internet xidməti təklif edən özəl provayderlər də tezliklə qiymətləri qaldıracaqlar. Normalda isə modemi təhvil verməklə xidmətdən sərbəst imtina etmək hüququnun olması vətəndaşa izah olunmalıdır. Xatırladıram ki, "Aztelekom" dövlət şirkəti son 2-3 ildə bölgələrdə yeni GPON infrastrukturu qurduqdan sonra, "Huawei" şirkətindən aldığı modemləri vətəndaşlara pulsuz təqdim etməklə, minimal 18 manat (40 Mbit/s) olmaqla bir illik internet xidməti müqaviləsi bağlayıblar. İndi isə 15 avqust tarixdən başlayaraq "Aztelekom" minimal tarifləri 25 manata (100Mbit/s) qaldırıb. Bundan sonra bu internet sürətlərinə ehtiyacı olmayanların seçimləri olmadığından xidmətdən imtina etməsi, xidmətə bağlanmaq üçün qonşularla "şərikli internet" seçimi etmələri haqqında sosial mediada məlumatlar açıqlanıb. Yeri gəlmişkən, Antiinhisar Dövlət Xidməti "Aztelekom" təbii inhisar subyektinin minimal tarif artımını qanunsuz hesab edib və araşdırmalar başladıb”.
Araşdırma avqustun 15-dən etibarən genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğlərinin artırılması ilə bağlı idi. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti öz açıqlamasında qeyd edirdi ki, genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb. "Aztelekom" tərəfindən internet xidməti üzrə tariflərin yüksəldilməsi (100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN təklif olunur – M.R.) abunəçilər arasında kəskin etiraza, narazılığa səbəb olub. Mütəxəssislər də abunəçilərə seçim imkanının tanınmaması, internet sürəti barədə sadə vətəndaşların məlumatsız olması, ümumiyyətlə, "Aztelekom"un 100 Mbit/s internet sürəti ilə təmin etmək gücündə olmadığını bildirərək əlaqədar qurumları məsələyə müdaxilə etməyə səsləmişdilər. Bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də çoxsaylı vətəndaş müraciətləri daxil olur. Kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətlərinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunur. Genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti tərəfindən müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə müvafiq bazarda Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb. Araşdırmaların nəticələrinə uyğun olaraq Dövlət Xidməti tərəfindən qanunamüvafiq tədbirlər görüləcəkdir.
Bəs sonra?
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra – Xidmət) əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Agentlik) yaradılması ilə bağlı Fərman imzaladı. Fərmanla müəyyən edilib ki, Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Prezidentin fərmanı internet sahəsində “daşların yerinə oturacağı”na vətəndaşlarda inam hissini artırıb.
Osman Gündüz hesab edir ki, bu Fərman müsbət dəyişikliklərə səbəb olacaq:
" İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident yanında eyni adlı Dövlət Agentliyinə çevrildi. Yeni Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi artıq haqsız rəqabət sektorunda, istehlakçıların hüquqlarının qorunması sahəsində söz sahibi olan, dövlət nəzarətini və tənzimləməni həyata keçirən mərkəzi icra orqanıdır. Bu, çox əhəmiyyətli bir fərmandır. Əlbəttə, Antiinhisarın müstəqil olması daha yaxşı ola bilərdi. Amma düşünürəm ki, bu qurumun Prezident yanında yaradılması indiki anda onun imkanlarını, istehlakçıların hüquqlarının qorunmasındakı rolunu, ən əsası isə inhisarçılarla "vuruşmadakı" mövqeyini xeyli gücləndirəcək. Təsəvvür edin ki, "Aztelekom"la Antiinhisar arasında uzunmüddətli və çoxsaylı məhkəmə çəkişmələrinin indiki mərhələsində hakim "Antiinhisar" sözünün qarşısında "Prezident yanında " sözü də işlətməlidir. İnanıram ki, faydası olacaq. Düşünürəm ki, Antiinhisarın rolunun gücləndirilməsi ilə bağlı indiki situasiyanın formalaşmasında hazırda mediada, sosial mediada, xüsusilə də "Facebook" və "TikTok"da "internet böhranı" ilə bağlı etirazların da böyük rolu olub.
Vətəndaşlar da real nəticə gözləyir. Vətəndaşların müstəqil seçim imkanı tanınmalı, bunun üçün rəqabət mühitinin formalaşması, rəqabətin qarşısını kəsənlərin aradan qaldırılması vacibdir".