Uşağınızdan mümkün qədər çox oxumaq gözləntiniz sizin haqqınızdır. Hamının haqqıdır.. Çünki araşdırmalar göstərir ki, kitab düşündüyümüzdən daha çox şey deməkdir.
Sherg.az xəbər verir ki, Türkiyədə TÜİK-in 2022-ci il hesabatına görə, 15 və daha yuxarı yaşda olan şəxslərin yüzdə 69-unun heç bir kitab oxumadığı, yüzdə 31-inin isə ən azı bir kitab oxuduğu məlum olur. Yaş qruplarına görə kitab oxuma nisbətlərinə baxıldığında, məktəb kitablarından başqa ən çox kitab oxuyan yaş qrupu yüzdə 50,9 ilə 15-24 yaş qrupu olub. Ən aşağı kitab oxuma nisbəti 65 və yuxarı yaşda olan şəxslərdə 14,1 olaraq hesablanıb.
Psixoloq Sevinc Baxışova “Sherg.az”-ın suallarını cavablandırıb:
-Kitab oxumağın əhəmiyyəti nədən ibarətdir?
Gündəlik həyatda stressiz yaşamaq, onu tamamilə aradan qaldırmaq mümkünsüz olsa da, stresin azaldılması və ciddi bir sağlamlıq probleminə çevrilməməsi üçün edə biləcəyimiz işlər var ki, onlardan biri də kitab oxumaqdır. Mütaliə beynin səkkiz bölgəsini və onların arasında olan sinir əlaqəsini aktivləşdirir. Kitablar insanlara sadəcə elm, savad, dünyagörüşü vermir, həm də insanları psixoloji cəhətdən də sağlamlaşdırır, orqanizmdə mühüm dəyişikliklərə və düzgün qiraətli bir nitqə sahib olmağa səbəb olur.
-Uşaqlara neçə yaşdan kitab vermək məsləhətdir?
Əgər uşaq 9 yaşına qədər mütaliə vərdişinə yiyələnməyibsə, o uşaq gələcəkdə heç vaxt mütaliə etmir. Bu səbəbdən iki yaşından, hətta bir yaşından uşağı mütaliəyə öyrətmək lazımdır. Valideynlər 1 yaşından etibarən uşaqlara onlar üçün xüsusi hazırlanmış şəkilli kitablar verməlidir. Artıq kitab o yaşdan uşağın canına, qanına, qəlbinə işləyir. Uşaq böyüdükcə, təbii ki, kitablar da,mövzularda dəyişir. Bundan sonra isə kitab oxumaq onun həyat normasına çevrilir.
-Telefon uşaqların inkişafı üçün zərərlidirmi?
Etməyin, eləməyin… Uşağa vaxtsız telefon alıb, həm uşağınıza, həm əsəbinizə, həm cibinizə, həm də gələcəyimizə yazıq etməyin… Uşaqların telefondan asılı olması artıq epidemiya halını alıb. Yəqin ki, çoxları uşaqların əlindən telefon almağın necə çətin olduğunu bilir. Uşaqlar texnikaya çox tez alışırlar. Telefon onların əllərində olduğu müddətcə uşaq ətrafında baş verənlərə biganə qalır və əhəmiyyət vermir. Onlarla dil tapmaq çətinləşir və real həyatla əlaqələri azalır.