İqtisadçıdan ŞAD XƏBƏR: Minimum əmək haqqı və təqaüddə artımların baş verəcəyi gözləniləndir

Maliyyə Nazirliyi 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama yayıb. İlkin sənəddə gələn ilin dövlət və eləcə də, icmal büdcə üzrə əsas göstəricilər bəyan edilib. Təbii ki, ən çox diqqəti çəkən məqamlardan biri də gələn il sosial istiqamətə ayrılan vəsaitlər və sosial paketinin genişlənmə imkanları ilə bağlıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Sənədə əsasən, gələn dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. 2024-cü ildə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Deməli, gələn sosial xərclər 14 faiz artırılacaq.

İlkin sənəddə sosial müdafiə və sosial təminat xərclərinin stukturu qeyd edilməsə də, əlavə etmək lazımdır ki, sosial sektora vəsaitlərin böyük qismi Dövlət Sosial Müdafiə Fondunun xətti ilə yönəldilir. Yəni sözügedən büdcə maddəsində nəzərdə tutulandan daha çox vəsait sosial sferaya yönəldilir.

Qeyd edək ki, 2025-cü ildə dövlət büdcəsinin xərcləri 39 milyard 667 milyon manat proqnozlaşdırılır. Bunun 24 milyard 957 milyon manatı və ya 63,0 faizi cari xərclərə, 12 miltard 310 milyon manatı və ya 31 faizi əsaslı xərclərə, 2 milyard 399 milyon manatı və ya 6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldiləcək.


Məsələyə münasibət bildirən tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, 2025-ci il üçün icmal büdcənin gəlirləri və xərcləri müəyyən edilib:

“İcmal büdcədə gəlirlər 44 milyard, xərclər isə 45 milyard manat civarındadır. Digər tərəfdən gələn ilin dövlət büdcəsində neftin baza qiymətinin 70 dollardan götürülməsi nəzərdə tutulub. Burada diqqət çəkən bir məqam var. 2025-ci ilin dövlət büdcəsinin gəlirləri 36 milyard manat, xərcləri isə 39 milyard manata çatdırılaracaq. Xərclər 3 milyard daha çoxdur. Nəzərə almaq lazımdır ki, neftin qiyməti də 2024-cü ildən fərqli olaraq 5 dollar aşağı, yəni 70 dollar baza qiyməti müəyyən ediləcək. Əlavə olaraq büdcəyə köçürülmələrə ehtiyyac yaranacaq. Xüsusi olaraq xərclərin qarşılanması üçün Şərqi Zəngəzurda aparılan abadlıq və quruculuq işləri üçün də investisiya qoyuluşları indiki səviyyədən yüksək olacaq. Bu baxımdan da büdcənin əsas investisiya yükü yəqin ki, artırılacaq. Çünki, strateji olaraq hədəflər müəyyən edilib. Şəhərlər və qəsəbələrin salınması ilə bağlı təsdiqlənmiş planlar var. Bunlar üçün investisiya qoyuluşlarının həcmi artırılmalıdır. Belə olan təqdirdə sosial müavinatlar, əmək haqqlarının nə qədər artırılması məsələsi diqqəti çəkir. Hələ ki, biz icmal büdcənin ümumi anlayışları haqqında məlumatlıyıq. Böyük ehtimalla  Mərkəzi Bankın açıqladığı və maliyyə nazirliyinin bu gün rəsmi məlumatlarına  görə xarici valyutanın ABŞ dollarının Azərbaycan manatı ilə müqayisədə yüksək həddi 1.70 qəpik civarında müəyyən ediləcək. O deməkdir ki, Azərbaycan manatının dəyər, əmtəə imkanları əvvəlki səviyyədə qorunub saxlanılacaq. Manat dollara nisbətdə nə bahalaşacaq, nə də ki, ucuzlaşacaq. Hökümət xarici müdaxilələr olacağı ehtimalını da istisna etməyib. Bunun hansı səviyyədə olacağını indidən proqnozlaşdırmaq olmaz. Bunları nəzərə alaraq 4+2 faizlik infliyasiya həddi 2025-ci il üçün nəzərdə tutulub. Bu da o deməkdir ki, infliyasiya səviyyəsinə uyğun olaraq Azərbaycanda əmək haqqları  və sosial ödənişlər korrektə ediləcək. Artımların baş verməsi gözləniləndir. İndiki vaxtda artımların hansı səviyyədə olacağını iddia etmək çətindir. Çünki büdcənin yekun versiyası əlimizdə deyil. Müzakilər detallı olaraq başlandıqdan sonra həm ictimai dinləmələrdə, həm də Milli Məclisdə müzakirə zamanı artımların daha dəqiq hansı səviyyədə olacağını deyə bilərik. 2025-ci ilin yanvar ayında minimum əmək haqqının, minimum təqaüdün və minimum istehlak tələbi üzrə artımların  baş verəcəyi gözləniləndir”.