Sosioloq od püskürdü: Artıq məktəblər "zon", məktəblilər isə "vorzokon" olublar

Ötən gün Xətai rayonunda kütləvi dava zamanı tələbə Elmir Nəsirova xəncər vasitəsilə beş dəfə zərbə endirən şəxs tutulub.
"Sherg.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Sentyabrın 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda 2005-ci təvəllüdlü Elmir Nəsirova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Tofiq Əzizov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.Faktla bağlı araşdırma aparılır.

Məktəblərin qısa müddət ərzində açılmasına baxmayaraq, dəhşətli hadisələrin sayı durmadan artdığını vurğulayan sosioloq Lalə Mehralı “Sherg.az”a deyib ki, təhsil ocaqlarında aqressiyanın artması insanı ciddi düşünməyə və narahat olmağa vadar edir:

''Əvvəllər elm ocaqlarında belə hadisələrə nadirən rast gəlirdik. Ancaq indiki dövrdə uşaqların bir-birinə aqressiyası o həddə çatır ki, onlar problemi danışmaqla deyil, zorakılıq tədbiq edərək həll etməyə çalışırlar. Məktəb daxilində bıçaqla, beşbarmaqla gəzən, hər fürsətdə sinifyoldaşına sataşan məktəbli potensial cinayyətkardır. Yəni, bir uşaq haqda belə sözləri deməyə məcbur oluruqsa, vəziyyətin hansı həddə olduğunu təxmin etmək çətin deyil. Uşaqlar məktəbə öyrənməyə yox, kimisə döyməyə, öldürməyə gedir. Artıq məktəblər zon, məktəblilər isə vorzokon olublar. Hər biri öz qanunu başqalarına diqtə etməyə çalışır. Uşaqların niyə bu vəziyyətdə olması və hansı səbəbdən zorakılığa meyl etmələri araşdırılmalıdır. Təhsil müəsisələrində nəzarət yoxdur deyərək günahı onlara atmaq düzgün deyil. Çünki məktəb, universitet Hüquq Mühafizə Orqanı sayılmır, polislər hər an orada axtarış aparmağa məcbur deyillər. Yəni, hər uşağın yoxlanılması heç vaxt cəhətdən qeyri-mümkündür. Belə olan halda məsuliyyət valideynlərin və şagirdlərin öhdəsinə düşür. Valideyn evindən çıxanda övladını yoxlamalı, məktəbə gedərkən nə geyindiyinə nəzarət etməlidir. Əgər bir uşaq cibində kəsici alətlə məktəbə girməyə cəsarət edirsə, onun cinayyət törədəcəyi açıq-aydındır. Ümumiyyətlə, uşaqlarda aqressiyanın yaranmasının bir neçə səbəbi var. Bu faktoralara qida, ətraf-mühit, ailə, uşağın məşğuliyyəti daxildir".