Qorxunc statistika: Selektiv abortlar qadağan edilməlidir -Təklif

Azərbaycanda 2023-cü ildə 73 816 abort qeydə alınıb.
Modern.az-ın məlumatına görə, son illərdə abort edənlərin sayı iki dəfədən çox artıb.
Belə ki, 2010-cu ildə qeydə alınan abortların sayı 26 801 olub. Yəni son 13 ildə abort edənlərin sayı 2.7 dəfə artıb.
Abort edənlərin çoxu gəncdir. 2023-cü ildə abort edən qadınların 50 faizdən çoxu, yəni 37 min nəfəri 15-29 yaş aralığındadır.
Statistikaya görə, ötən il 15-17 yaş aralığında 68 qadın, 18-19 yaş aralığında olan 2 528 qadın abort etdirib.

Sosioloq Mətanət Məmmədova "Sherg.az"a söyləyib ki, abortlarla bağlı statistika çox qorxuncdur:

''Rəqəmlər adiyatı qurumları hərəkətə gətirməlidir. Fikir versək görərik ki, abortların çoxu selektivdir. Ümumiyyətlə, Azərbaycanda selektiv abortların təməli 30-35 il öncə qoyulub. Hətta ultrasəs müayinələri dəbə düşdükdən sonra selektiv abortların sayı daha da çoxaldı. Burada birinci günahkar isə Səhiyyə Nazirliyidir. Selektiv abortlar ləğv olunmalıdır! Əks halda göstəricinin sayı durmadan artacaq. Abortların çoxalmasının digər səbəbi sosial problemlərdir. Artıq müasir gənc ailələr maksimum 2 uşağa üstünlük verirlər. Bunu da maddi vəziyyətlə əlaqələndirirlər. Həmçinin, qadınlar karyera arxasınca gedirlər. Təsadüfən hamiləlik yarandıqda da aborta üz tuturlar. Ailələrin çoxu oğlan uşağı arzusunda olur. Ona görə də doğulan uşaqların əksəriyyəti oğlanlardır. Bu da gələcəkdə oğlanların evlənməsinə maneə törədəcək. Bir sözlə, ölkəmizdə cinsi balans kobud şəkildə pozulub. Lakin köhnə, mifik təfəkkürlə yaşamağa son qoymaq lazımdır. Təklif edirəm ki, selektiv abortlar qadağan edilsin. Heç bir ana uşağının cinsiyyətini bilməsin. Bu halda problem tam həll olunacaq".