Rusiyada uşaqsızlıq - "childfree" ideologiyasının təbliğinə görə cərimə tətbiq olunacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, cərimə fiziki şəxslər üçün 400 min rubla qədər, vəzifəli şəxslər üçün 800 minə, hüquqi şəxslər üçün 5 milyona qədər olacaq.
Qeyd edək ki, Rusiyada internetdə, mediada, filmlərdə və reklamlarda bu cür təbliğatın qadağan edilməsi təklif olunur.
Bəs Azərbaycanda vəziyyət necədir? Bizim ölkədə də uşaq istəməyənlərin sayı günü-gündən artmaqdadır. bunun səbəbləri nədir?
Sosioloq Lalə Mehralı “Sherg.az”a bildirib ki, cütlük ailə qurduqdan sonra şüurlu şəkildə dünyaya uşaq gətirmək istəmirlərsə, bu uşaqsızlığı təbliğ etmək sayılmamalıdır:
“Çünki bu onların seçimidir və hörmət etmək lazımdır. Əgər kütləvi informasiya vasitələri ilə digərlərinə müraciət edərək dünyaya uşaq gətirməyin, ehtiyac yoxdur, dünya pis yerdir bu kimi çağırışlar edirlərsə, artıq bu uşaqsızlığı təbliğ etmək sayıla bilər. Dünyaya hər kəs uşaq gətirəcək və ata,ana olacaq deyə bir qayda yoxdur. Əgər kimsə, özünü yetərli hesab etmirsə, uşağa baxa bilməyəcəyini, tərbiyə etməyəcəyini və gələcək həyat bəxş etməyi bacarmayacağını düşünürsə onun uşaq sahibi olmaması tamamilə normaldır. Yəni hamı uşaq doğmamalıdır və istəməməlidir. Əgər o uşağın gələcəyini təmin edirsənsə, o zaman həmin uşağı dünyaya gətirmək barədə fikirləşə bilərsən. Yox əgər doğub zibilliyə, küçəyə, uşaqlar evinə atacaqsansa, elə uşaqsız qalmaq daha məsləhətlidir. Hesab edirəm ki, təbliğ etmə məsələsi aydınlaşdırılmalıdır. Yəni hansısa halda uşaqsızlığı təbliğ etmək normal sayılmamalıdır”.