Gələcəyin ümidi olan və özünə inamı ilə hər zaman fərqliliklər yaradacaq qızlar üçün hər il olduğu kimi bu il də 11 Oktyabr Beynəlxalq Qız Uşaqları Günü kimi qeyd edilir. Qızların ictimai həyatda iştirak etməsi və gələcəyi formalaşdırması üçün hamımız daha çox səy göstərməliyik. Bilirik ki, güclü cəmiyyət ancaq qızların gücü üzə çıxanda formalaşa bilər. Təəssüf ki, dünyanın harasında oluruqsa olsun, inkişaf etdirilən siyasətə və universal məqsədlərə baxmayaraq, qızlara və qadınlara qarşı bərabərsizlik davam edir. Ona görə də oktyabrın 11-i qızları gücləndirmək və ayrı-seçkilik və sui-istifadəyə qarşı maarifləndirmək üçün əla fürsətdir.
Bu günün mahiyyətindən bəhs edən sosioloq Mətanət Məmmədova "Sherg.az"a söyləyib ki, məqsəd qız uşaqlarınız üzləşdiyi problemlərə yox demək, onları çətinlikdən xilas etməkdir:
''Bütün dünyada olduğu kimi Azərbaycanda da qız uşaqlarına münasibət təqribən eynidir. Beləki qədimdən ailələr daha çox oğlan uşaqlarına üstünlük veriblər. Hətta ana hökmən 1 oğlan uşağı dünyaya gətirməlidir kimi fikirlər mövcud olub. Böyük şairimiz Məmməd Araz "Yaşadım" şeirində yazır ki, "oğlun yoxdu, sonun yoxdu dedilər". Bununla şair Azərbaycan xalqının spesifik xüsusiyyətlərini qeyd edir. Ümumiyyətlə son dövrlər meydana çıxan müayinələr nəticəsində uşağın cinsiyyətini öyrənmək mümkündür. Bu nüans isə abortların sayının artması ilə nəticələnir. Həmçinin, oğlan uşaqlarının sayı qızlardan dəfələrlə çoxalmağa başlayıb. Prosses 2035-ci ilə qədər belə davam edərsə, oğlanlar evlənməyə qız tapa bilməyəcəklər. Təbii ki, dövlətimiz qızların müdafiəsi üçün xeyli işlər görüb. Məsələn, qızların təhsili üçün hər cür şərait yaradılıb. Lakin onları təhsildən yayındıran məhz, valideynlərdir. "Qız nədir, oxumaq nədir" kimi fikirlər ucqar kəndlərimizdə hələ də mövcuddur. Erkən nikahların qarşısının alınması üçün istisnası nikah yaşı 18-ə qaldırıldı. Əlavə olaraq qohum evlilikləri qadağan olundu. Çünki bəzi hallarda valideynlər qızlarını qohumları ilə evləndirirdilər. Nəticə etibarı ilə doğulan qüsurlu uşaqların əziyyətini qadınlar çəkirdi. Fikrimcə, Ailə, Qadın və Uşaq Probleməri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi bu sahə üzrə tədbirləri gücləndirməlidirlər. Qızlarımıza böyük önəm, dəyər verilməlidir. Çünki onlar cəmiyyətin ən fəal fərdlərindən biridilər. Əlavə olaraq qadınlar haqda qərarlara baxılmalıdır. Məsələn, qadınlar kişilərlə bərabər 8 saat işləməməlidir. Çünki qadın anadır. Evə gedəndə ailənin qayğısına qalır. Fürsətdən istifadə edərək bütün qızları təbrik edir və gözəl gələcək arzu edirəm".