Təhsil müəssisələrində dini təhsil adı altında şagird və tələbələrə dini mesajlar verilməsi yolverilməzdir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusuna həsr olunan respublika elmi-praktik konfransında deyib.
"Təhsil bir neçə pillədən ibarətdir və burada əsas məqsəd təhsilin burada özünü doğrulda bilməsidir. Valideynlər daim övladlarına dini təhsil səviyyəsi barədə nəzarət etməlidir. Çünki sinif otağında qapı bağlıdır və müəllim öz fənnini tədris edir. Amma biz bilmirik din adı altında uşaqlara nə aşılanır".
Nazir dini sahədə kadr hazırlığına xüsusi önəm verilməli olduğunu vurğulayıb.
E. Əmrullayev elmi tədqiqatlar mövzusunda da fikirlərini bölüşüb: "Son dövrdə elmi məqalələrin sayında artımı görürük və belə məqalələr daha geniş autoriyalara çatdırılmalıdır. Qarabağ Universitetində də bu sahədə ümumi tədqiqatların aparılması üçün lazım olan dəstəyi göstərməyə hazırıq".
Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, ölkədə orta təhsil dünyəvi xarakterlidir:
''Dini təhsil almaq üçün Azərbaycan İlahiyyat İnstitutu və İlahiyyat Kolleci fəaliyyət göstərir. Həmçinin dini maarifləndirmə üçün Mənəvi Dəyərlərin Təbliği Fondu qənaətbəxş işlər görür. Məscidlərdə rəsmi din xadimləri xütbələr, moizələr oxuyur, mediada çıxışlar edirlər. Ölkəmizdə kifayət qədər ilahiyyatçı var. Gələcəkdə orta məktəblərdə dini maarifləndirmə üçün vasitə və vəsait olsa yaxşı olar. Amma indiki halda konkret dini maarifləndirilmənin aparılması müsbət nəticə verməyə bilər. Ona görə orta məktəb dərsliklərindəki proqram tərkibindəki məlumatlarla kifayətlənmək lazımdır. Müəllimlərin orta məktəblərdə dini, məzhəbi təbliğat aparması qəbuledilməzdir. Bəzən müəllimlər dini atributları, rəmzləri, bəzən də inanclarını şagirdlərə sirayət etdirirlər. Hərənin inancı fərqli olduğu üçün şagirdlər arasında ziddiyət yarana bilir. Elm və Təhsil nazirinin çıxışı zamanı həmin konfransda mən də iştirak edirdim. Şübhəsiz ki, zərərli, xurafatçı və radikal dini təbliğatın məktəblərə sirayət etdirilməməsi qəbilindən o qeyd etdi ki, bu yolverilməzdir. Əslində nazirliyin özü də müəllimlərə nəzarət etməlidir və müəllimlərin qəbul edilərkən yoxlanılması zamanı bu məsələ də diqqətə alınmalıdır. Çünki müəllim də insandır, hansısa təsirə düşə bilər. O ki, qaldı bağlı qapılar arxasında müəllimin hansı dini təbliğatı aparmasına,fikrimcə, elə bir şey olsa bu gizli qala bilməz. Necə ki, bir çox məktəblərdə pul yığılması, bayramlarda valideynlərdən toplanan vəsaitin hətta, miqdarı da gizli qalmır. Müəllim tərbiyə, tövsiyyə xarakterli şagirdə dinimizdən sitat gətirə, misal çəkə bilər. Tutaq ki, pis vərdişi olan şagirdin düz yola qayıtması üçün müəllim ona dini dəyərləri nümunə gətirsə, burada eyib və qadağa ola bilməz. Bəs o zaman din, mənəvi- dəyərlər bizə hansı mövzuda gərəkdir? Yalnız ölü basdıranda? Xeyr. Öyüd, tərbiyə, əxlaq, ədəb mövzusunda müəllim dindən, Peyğəmbərdən misal çəkə bilər. Amma sırf dini təbliğat, məzhəbçi maarifləndirmə düzgün deyil. Çünki müəllim din mütəxəssisi deyil və o şagirdi yanlış istiqamətləndirə, dünyəvi təhsildən yayındıra bilər. Ona görə kim dini təhsil almaq istəsə ölkədəki dini təhsil müəssisələrinə üz tutacaq''.
Ekspert vurğulayıb ki, şagirdlər gələcəkdə dini sahəyə üz tutmağı nəzərdə tutublarsa mütləq orta məktəbdə dünyəvi təhsili mükəmməl almalıdırlar:
''Dünyəvi təhsili olmayan şəxs dini təhsil alsa da o cəmiyyət üçün yalnız ziyan vura bilər. Bunun nümunəsi çoxdur. Təməl bilik dünyəvi təhsil olmalıdır. Müəllimin də borcu şagirdlərə doğru, dürüst təhsil verməkdir. Müəllim öz inancını, əqidəsini, dinini və məzhəbini şagirdlərə yaya bilməz''.