Oktyabrın 31-i dünyanın müxtəlif ölkələrində "Halloween" bayramı qeyd olunur.
Artıq Azərbaycanda da bu bayrama maraq göstərənlərin sayı kifayət qədərdir.
Elə buna görə də həmin şənlikdə istifadə edilən maska və aksesuarların satıldığı mağazalar fəaliyyət göstərir.
Bəs bu aksesuarların qiyməti neçəyədir və tələbat nə qədərdir?
"Məktəblərdə, bağçalarda bu bayramla əlaqədar tədbirlər keçirildiyinə görə kostyumlar daha çox satılır. 3-15 yaş aralığında bütün personajların kostyumu mövcudddur. Qiymətlər 30-35, maksimum 60 manat arasında dəyişir", - deyə satıcı bildirib.
Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, "Halloween" bayramının bizim coğrafiya, milli-mənəvi dəyərlərlə və adət-ənənələrlə heç bir əlaqəsi yoxdur:
"Bu, bəzi Avropa ölkələrində qeyd olunan bayramdır ki, öz tarixi və kökü var. Əslində bu bayram əvvəlki bayramlardan fərqli şəkildə həyata keçirilir. Yəni, burada unudulan adətlər, müasir dövrə uyğunlaşdırılan cəhətlər mövcuddur.
Son dövrlərdə bizim cəmiyyət Avropaya qapıları daha geniş bir şəkildə açıb. Orada nə varsa, bu qapıdan keçirməklə yuxarı başa dəvət edib. Lakin bu qəti şəkildə düzgün deyil. Bizim milli dəyərlərimiz üzərində köklənən qədim bayram və mərasimlərimiz var. Hansı ki, bu bayram və mərasimlər sovet dönəmində qadağan edilmişdi. Lakin xalq onları gizli şəkildə qeyd etməklə, 70 il qoruyub yaşatdı və müstəqil ölkəmizə təhvil verdi. Belə olan halda biz nə üçün başqalarına xas olan bayramları qeyd etməliyik? Bəlkə də bu bayramları qeyd etməyə meyilli adamlardan soruşsaq, öz adət-ənənələrimizlə bağlı çox şeyləri bilməyəcək.
Beləliklə, belə bayramlara xüsusilə meyilli olan gənclərimizə demək istəyirəm ki, bizim yetərli qədər adətlərimiz, milli bayramlarımız, bir-birindən maraqlı, tariximizi, mentalitetimizi özündə ehtiva edən mərasimlərimiz var. Biz cəmiyyət olaraq bunlara köklənməliyik ki, bu gün yaşadıb gələcək nəsillərə təhvil verə bilək.
Dəyərli vaxtımızı başqalarına xas olan bayramları keçirməklə itirməyək və bir də övladlarımın bizə ünvanlandığı suallar qarşısında onlara özümüzün olanlardan bəhs edək. Genefondumuz dəyərlərimiz fonunda böyüyərək, davamçılarımız ola bilsinlər. Belə bayramların keçirilməsini isə qəti şəkildə bəyənmirəm və məsləhət bilmirəm".