Uşaq bağçalarında kameraların olmaması valideynləri narahat edir. Çünki sosial şəbəkələrdə tez-tez müəllimlərin azyaşlı uşaqlara şiddət göstərdiyinə dair görüntülər yayılır. Belə hal əsasən də dövlət bağçalarında müşahidə edilir. Bəs bağçalarda niyə müşahidə kameraları yoxdur? Yaxud bağçalar nə vaxt tam kamera ilə təchiz olunacaq?
Mövzu ilə bağlı danışan sosioloq Lalə Mehralı "Sherg.az"a deyib ki, əslində valideynlər dövlət bağçasına müraciət etdikdə orada kamera sisteminin olmadığını əvvəlcədən bilirlər:
"Kameraları yerləşdirmək dövlətin öhdəsinə düşdüyü üçün bunu əhəmiyyətli hesab etmirlər. Fikrimcə, müəllimə etibar və güvən varsa, kameranın yerləşdirilməsi mənasızdır. Əks halda, kameraya baxmaq belə, bizi rahatlaşdırmayacaq. Valideyn övladını bağçaya əmanət edən zaman özündə güvən hissi formalaşdırmalıdır. Əgər uşağımızdan narahatıqsa və içimizdə onu izləmək ehtiyacı yaranırsa, bu zaman onu bağçaya qoymağa gərək yoxdur. Qeyd edim ki, 24 saat izləmə kamerası olan bağçalarda belə, uşaqların zorakılıq halları ilə qarşılaşdığını müşahidə edirik. Uşağa şiddət, zorakılıq isə qəbuledilməzdir. Çünki uşağın psixologiyasında yaradacaq tramva gələcəkdə başqaları ilə münasibətində problemlər yaradır. Demək ki, kameralar o qədər də əhəmiyyətli deyil. Müəllimin qayğısı, məhəbbəti və vicdanı əsas şərtdir. Ona görə də bağçalara kameralar yerləşdirmək əvəzinə, işə vicdanlı, mərhəmətli əsl müəllimləri götürmək lazımdır. Bununla yanaşı, dövlət çox xərc tələb etməyən kamera sistemini qura bilər. Yəni, kameralar fantastik qiymətdə deyil. Əgər təhsil, təlim-tərbiyyə müəssisələrində şəffaflığı təmin etmək istəyiriksə, dövlət bütün bağçalara kameralar quraşdıra bilər".