Son illər boşanmaların sayı durmadan artmağa davam edir. Artıq mütəxəssislər bununla bağlı müxtəlif fikirlər səsləndirir, problemin həlli üçün təkliflər irəli sürürlər. Boşanmalar hər iki tərəflə yanaşı, uşaqlara da ciddi təsir göstərir.
Psixoloqlar gələcəkdə uşağın psixologiyasında mənfi halların yaranmaması üçün boşanan cütlüklərə məsləhətlər verirlər.
Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a söyləyib ki, valideynlər boşandıqda çox vaxt uşaqlardan silah kimi istifadə edirlər:
"Bu da uşaqların psixologiyasına çox pis təsir edir. Hər bir ana-ata ayrıldığını övladına normal tərzdə izah etməlidir. Boşanmanızı heç vaxt uşağınızdan gizlətməyin. "Əzizim, biz yenə sənin valideynlərinik, sadəcə olaraq artıq bir yerdə yaşamayacağıq. Buna baxmayaraq, biz sənin arxandayıq və hər zaman səninləyik". Onlarla söhbət edərkən bu tip cümlələr qurmaq lazımdır. Çox təəssüf ki, valideynlər boşanma ərəfəsində bir-birini tənqid və təhqir edirlər. Nəticədə uşaqda valideynlərə qarşı ikrah hissi ilə travma yaranır. Onlar düşünür ki, artıq anam-atam məni sevmir. Ona görə də valideynlərinin boşanmasında onun günahı olmadığını uşağınıza izah edin. Azərbaycanda kişilərin çoxu boşandıqdan sonra ailədən çəkinərək uşaqdan imtina edirlər. Ancaq valideynlər boşandıqdan sonra da övladlarından qayğı və sevgini əksik etməməlidir. Onlar ana-ata olaraq yox, ər və arvad kimi boşandıqlarını dərk etməlidirlər. İndiki dövrdə uşağa boşanmanı faciə kimi göstərmək doğru deyil. Ata yaxud ananı uşağa pisləmək qəti olmaz. Bu nüans gələcəkdə qarşı cinsə güvənsizlik yaradır".