Təhsil müəssisəsinə valideynlərindaxil olmasına icazə verilmir?-AÇIQLAMA

Bir müddətdir ki, ölkə ərazisində fəaliyyət göstərən məktəblər qapalı obyektlərə çevrilib. Təhsil müəssisəsinə kənar şəxslərlə yanaşı valideynlərin də daxil olmasına icazə verilmir.
Vaxtilə valideynlər övladlarının tədris prosesi barədə məlumat almaq, dərsə hazırlığı barədə xəbərdar olmaq üçün dərsdə iştirak edir, gedişatla tanış olurdu. Lakin hazırda övladlarını məktəbin giriş qapısından dərsə yolan salan valideynlər daha sonra təhsil müəssisəsinin həyətyanı sahəsini tərk edirlər.
Maraqlıdır, bəs görəsən, valideynlərin tədris prosesi barədə məlumatlanması üçün dərsdə iştirakına icazə verilməlidir? Bunun hansı müsbət və ya mənfi təsirləri ola bilər?

Məsələni dəyərləndirən ''məktəb guşəsi'' saytının rəhbəri, təhsil eksperti Məzahir Məmmədli "Sherg.az"a açıqlamasında bildirib ki, günümüzdə  ümumtəhsil məktəblərinə valideynlərin, kənar şəxslərin və jurnalistlərin istənilən vaxt giriş-çıxışında qadağalar var:  
                    
 "Bu nüans illər öncə məktəbdə baş verən neqativlərin kütləvi şəkildə yayılması ilə bağlıdır. Hətta, bir vaxtlar kanallardan birinin əməkdaşı çəkiliş heyyəti ilə məktəbin həyətinə daxil oldu və bufetində yoxlama aparıldı. Lakin məktəb direktoru müdaxilə edərkən ağır sarsıntıdan insult keçirdib vəfat etdi. Həmin hadisədən sonra isə məktəblərə ortaq razılıq əsasında kimlərinsə buraxılmasına icazə verilir. Fikrimcə, hər bir valideyn arzulayır ki, istədiyi vaxt övladının dərs rejimi ilə tanış olsun. Ancaq bu, müəyyən təlimatlarla tənzimlənir. Nəzərə almaq lazımdır ki, hansısa valideynin dərsdə oturması digər şagirdlər arasında narazılıq yaradır. Hətta, dərs mühitini pozur deyə, müəllimlər də məhdudiyyətin olmasının tərəfdarıdır. Ona görə də bu məsələyə ancaq geniş müzakirədən, Elm və Təhsil Nazirliyinin qərarından sonra baxıla bilər. Təlimatlarda dəyişiklik olsa, valideynlər dərs mühiti ilə tanış ola biləcəklər. Lakin bununla bağlı yekdil fikir yoxdur".