Tibb kurslarına müraciət edənlərin sayı artıb.
6-12 ay ərzində keçirilən bu kursları bitirənlərə sonda təhsil mərkəzinin tərtib etdiyi diplom və sertifikat verilir.
Həmin kursları bitirən şəxslər əsasən ya özəl tibb müəssisələrində, ya da fərdi olaraq çalışırlar.
Bəs bu kursları bitirən şəxslərə verilən sənədlər nə qədər etibarlı sayılır?
Sualımızı cavablandıran professor Adil Qeybulla “Sherg.az”a söyləyib ki, müxtəlif idarələrin, mərkəzlərin yanında fəaliyyət göstərəm tibb kurslarının verdiyi diplomlar tam etibarsızdır:
"Doğrudur, sosial şəbəkələrdə verilən elanlardan göründüyü kimi, ölkədə tibb kurslarının sayı çoxdur. Həmin elanlar da qeyd edilən şərtlər cəlbedici olduğundan vətəndaşlar həmin kurslara daha çox müraciət edirlər. Lakin nəzərə almaq lazımdır ki, həmin kursları bitirən şəxslərin orta tibb personalı kimi çalışmaq hüququ yoxdur. Bu qayda istər özəl, istərsə də dövlət sektoruna aiddir. Çünki təqdim edilən diplomlar dövlət qurumları tərəfindən tanınmır. Yalnız bu sahə üzrə ailə üzvlərinə dəstək göstərə bilərlər. Əgər onlar özəl sektorda işləyirlərsə,çox ehtimal, siyahıda adları kiçik tibb bacısı kimi qeyd olunub. Amma bu addım qətiyyən doğru deyil. Fikrimcə, belə hadisələr araşdırılmalıdır. Tibb bacısı olmaq istəyən şəxslər qanuni yolla imtahan verərək istəklərini reallaşdıra bilərlər. Qardaş Türkiyə, Avropada tibb bacıları yüksək vəzifəli şəxslər arasından seçilir. Onlar təxminən iki, hətta, 4 il müddətində təhsil alırlar. Hesab edirəm ki, Azərbaycanda da bu metoddan istifadə edilməlidir".