2024-2025-ci tədris ilində dövlət bağçalarına qəbul ola bilməyən uşaqlar seçilən özəl bağçalara yerləşdiriləcəklər.
Təhsil haqqının yarısını isə Elm və Təhsil Nazirliyi ödəyəcək. Layihə Nazirliyin "Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi" çərçivəsində həyata keçiriləcək.
"Bu layihənin həyata keçirilməsi çox yaxşıdır. Bir ailədən iki, üç uşaq da bağçaya gedə bilər. Valideynlərə böyük dəstəkdir", - deyə sakin bildirib.
Maraqlıdır, uşaqlar bağçaya hansı kateqoriyaya əsasən seçiləcək və bu proses necə tənzimlənəcək?
Elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, dövlət bağçalarında yerlərin sayı az olduğuna görə alternativ modellər həyata keçirilir:
"Müəyyən meyarlara uyğun gələn bağçalarda akkreditasiya ilə bu sistem tənzimlənəcək. Həmin bağçalarda 250 manata qədər vəsait dövlət tərəfindən ödənilir. Fikrimcə, məktəbəqədər təhsildə əhatəliliyi artırmaq üçün ən qısa yol budur. Əsas problemimiz monitorinqi düzgün təşkil etmək və bağça şəbəkəsini artırmaqdır".
Qeyd edək ki, müsabiqənin birinci mərhələsi artıq yekunlaşıb. Növbəti mərhələyə buraxılan 26 bağçanın siyahısı və boş yerlərin sayı da müəyyənləşib. Qeydiyyat prosesi isə www.bq.edu.az portalında oktyabrın 24-dən, noyabrın 1-i saat 17:00-dək davam edəcək.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a deyib ki, "2024-2025-ci tədris prossesində dövlət bağçalarına qəbul ola bilməyən uşaqlar üçün özəl bağçalarada təhsil almaqdan ötrü, xüsusi güzəşt layihəsi həyata keçiriləcəkdi:
"Əslində bu qərarın verilməsi çoxdan gözlənilirdi. Dünyanın bir çox ölkəsində tam bu formada olmasa da, oxşar sosial proqramlar həyata keçirilib. Müəyyən sayda özəl bağçalar mövcuddur ki, artıq dövlət bağçalarında yer tapa bilməyən uşaqlara layihənin şərtləri daxilində güzəştlər ediləcək. Təəssüf ki, həmin bağçaların sayı çox deyil. Ümumiyyətlə ölkədə qeydiyyatdan keçmiş 133 özəl bağça şəbəkəsi var. Doğrudur, onların hər birinin bir sıra filialları fəaliyyətdədir. Fikrimcə, təqdim olunan siyahıdan 2 dəfə çox bağça sayı verilməli idi. Amma layihə ümumilikdə alqışalayiqdir. Qərarı yüksək dəyərləndirirəm. Razı olmadığım tək məqam siyahıdakı özəl bağça sayının azlığıdır. Çünki həmin bağçalar bir çox ərazini əhatə etmir. Beləki onların əksəriyyətinin fəaliyyət dairəsi şəhərin mərkəzi işçiləri ilə əlaqədardır. Bizim özünü təsdiq etmiş özəl bağçaların fialları var. Lakin Bakı kəndlərinin bir çoxunda, Abşeron, Sumqayıtda filialları yoxdur. Fürsətdən istifadə edərək həmin özəl müəsisələrdən xaiş edirəm ki, Saray, Ceyranbatan, Xırdalan, Binəqədi, Mehdiabad, Masazır qəsəbələrində filialların sayını artırsınlar. Bununla kənar ərazilərdə yaşayan valideynlər uşaqlarını rahatlıqla bu bağcalara qoya biləcəklər".