"Yağışdan çıxıb, yağmura düşdük": Bunun adı məmur özbaşınalığı...

Dünən səhər saatlarından yağan leysan xarakterli yağışdan sonra Bakının yollarında çətinlik yaranıb. Sabunçu Dəmir Yolu Vağzalı ətrafındakı ərazi suyun altında qalıb. Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb. Eyni zamanda 2 nəfərin boğularaq öldüyü tuneli də su basıb və ora giriş-çıxış bağlanıb.
Bundan başqa, Nərimanov rayonu ərazisindəki tuneldə də su toplanıb.
Hətta mərkəzi yollarda belə yağış suları maşınların və piyadaların hərəkətinə mane olub.
Xatırladaq ki, ötən həftə yağışın normadan dəfələrlə artıq yağması nəticəsində də paytaxtın bir neçə ərazisini su basmışdı. Aidiyyəti strukturların rəhbərləri ərazilərə baxış keçirərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlarını vermişdilər.

Bəs, nə oldu!? İnsanlar ölməsin, maşınlar batmasın deyə hər yağış yağanda yollarda hərəkət məhdudlaşdırılıb, tunellərə giriş bağlanacaq? Aidiyyatı qurumların daha ağıllı və məntiqli bir həll yolu yoxdurmu!?  

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynlinin “Sherg.az"a açıqlamasına  görə, tunelin su ilə dolmasına səbəb tikinti zamanı infrastruktur qaydalarına riayət edilməməsidir: 

“Yağışdan sonra yaranan vəziyyət yol infrastrukturunun yaxşı vəziyyətdə olmamasından xəbər verir.
 Hiss olunur ki, çox böyük yeyintilərə yol verilib. Müasir  standartlara uyğun su ötürücü qurğular, drenaj sistemləri tətbiq edilməyib. Eyni zamanda elektrikli motorlar quraşdırılmayıb. 
Problem tək “Sabunçu tuneli”də deyil. İstər Ziya Bünyadov prospektində, istər  Nərimanov rayonu ərazisində, Ağa Neymətullah küçəsi istiqamətində yolötürücü quraşdırmaq üçün o qədər dərin quyu qazmağa nə ehtiyac vardı ki!? O tunellərin heç birinə ehtiyac yox idi. Yerin üstü ilə də avtomobillər normal hərəkət edirdi. Sadəcə olaraq işıqfor sistemini tənzimləmək və  yol ötürücülər quraşdırmaq kifayət edirdi. Lakin bu cür tunellər büdcədən milyonlarla vəsait silmək üçün daha  daha əlverişli idi. Bir növ Bakı şəhərinə məqsədli qəsd etdilər. Tunellərə axan yağış sularının axacaq yeri yoxdur. İstənilən bir quyuya axan suyun çəkilməsi üçün mütləq motorlar quraşdırılmalıdır. Lap quraşdırsınlar, bu motorların çəkdiyi su hara vurulacaq!? Onsuz da dolub- daşan kanalizasiyalaramı!? Bir neçə gün əvvəl yağan leysan yağışlarında  “Sabunçu tunel”də iki gənc adam boğuldu. Amma heç bir qurum məsuliyyəti üzərinə götürmədi. Dünən yağan  yarım saatlıq yağışda belə tunel su ilə doldusa, deməli Bakı şəhərinə nəzarət edilmir. Bunun adı məmur özbaşınalığı deyil, bəs nədir!? Məmur özbaşınalığı üzündən ölkə vətəndaşı çarəsiz durumdadır”.

İ. Hüseynlinin sözlərinə görə, problemin həlli üçün yenidən kanalizasiya sistemləri qurulmalı, asfalt örtüyü bərpa olunmalı, bir sözlə, yeni salınmış yaşayış ərazilərində yeni infrastruktur yaradılmalıdır. Əks halda problem ömürlük davam edəcək.