Sosioloq od püskürdü: Bu cəmiyyətimiz üçün faciədir

Bakıda qətl hadisəsi olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonunun 8-ci kilometr qəsəbəsi ərazisində baş verib. Şəxsiyyəti hələlik məlum olmayan kişi əvvəlcə arvadını, sonra isə ilkin ehtimala görə, özünü bıçaqlayaraq öldürüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindən ər-arvadın meyitini aşkar ediblər. Hazırda polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Mövzu ilə bağlı "Sherg.az"a fikirlərini bölüşən sosioloq Mətanət Məmmədova deyib ki, ilk növbədə ahıl yaşda bir insanın niyə öz xanımına qarşı zorakılıq törətməsini aydınlaşdırmaq lazımdır:

“Gənc ailə olanda düşünülür ki, sosial problemlərdən qaynaqlanan məsələyə görə bu cür hadisə baş verib. Lakin ahıl yaşda olan insanların ailəsində bu cür problemlərin baş verməsi cəmiyyətimiz üçün faciədir. Təəssüf ki, bu gün cəmiyyətimizdə baş verən hadisələr fonunda belə faciələr gənclərə nümunə olur. Ümumiyyətlə səbəbindən asılı olmayaraq insanın bir birinə zorakılıq tətbiq etməsi düzgün bir yanaşma deyil. Düşünürəm ki, insanlar səbrli olmalı və  bir birinə hörmətlə yanaşmalıdır. Ahıl yaşda olan şəxsin bu cür hərəkət etməsi qəbul edilməz vəziyyətdir. Bu məsələnin hansı səbəbə görə olduğu bilindikdən sonra düşünürəm ki, ictimaiyyətə də məlumat veriləcək. Yaxşı olar ki, bu kimi məsələlərdən nümunə götürməyək. Ailə daxilində insanlar bir birinə anlayış göstərməlidir. Heç bir səhv ehtiva etmir ki, insan digər şəxsin həyatını sonlandırsın”.