Aqressiya birdən deyil, zamanla toplanır -Psixoloq

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verirr ki, insident Mingəçevir şəhər V.Hüseynov küçəsindəki parkda qeydə alınıb.
2002-ci il təvəllüdlü Antipov Fərid Aleksandryeviç övladını attraksiona mindirmək istəyərkən həmin qurğuları istismar edən Araz Cəfərli ilə mübahisə yaranıb. Nəticədə F.Antipov münaqişə zəminində onu bıçaqlayıb.
Qarın və döş qəfəsi nahiyəsindən ağır xəsarətlər alan 31 yaşlı Araz Cəfərli xəstəxanaya yerləşdirilib. Fərid Antipov isə saxlanılıb.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb.                                    

 Hadisəyə münasibət bildirən psixoloq Gülnar Orucova "Sherg.az"a söyləyib ki, son vaxtlar cəmiyyətdə qəzəbin, aqressiyanın sayı günbəgün artır:         

"Belə hallarda düşünürük ki, bu bir günün aqressiyasıdır. Ancaq əslində belə deyil. Bu içimizdə yığılıb qalan, susduğumuz həyat tərzi ilə bağlıdır. Aqressiya birdən deyil, zamanla toplanır. İnsanda aqressiya 2 növdə, passiv və aktiv formada olur. Passiv aqressiyada olan biri danışmır, davalar salmır. Amma aktiv aqressiyada əksinə, insan vurur, dağıdır, qışqırır və başqalarını günahlandırır. Hətta, aktiv aqressivlər qatil ola biləcək tipajlardır. Ailədəki aqressiya da ailə üzvlərinin psixoloji durumuna mənfi təsir göstərir. Aqressiyanın yaranma səbəbləri müxtəlifdir. Bu, fiziki, sosial, psixoloji səbəblərdən ola bilər. Əlavə olaraq insan gündəlik stress yaşıyır. Ona görə də stressə davamlılığını bərpa etməlidir. Yəni, stress atmaq üçün müxtəlif yollar seçməliyik. Məsələn, idman etməli,sevdiyimiz həzin müsiqilərə qulaq asmalı və maksimum mübahisələrdən uzaq durmalıyıq. Amma bunun əvəzinə, bəziləri xırda problemi böyüdürlər. Fikrimcə, insanlar problemi qəbul edib, müəyyən şeyləri müsbətə doğru dəyişməlidirlər. Dəyişə bilməyənlər isə mütləq psixoloqa müraciət etsinlər”.