"Erkən nikahlarla bağlı problem yaradan bütün məqamları aradan qaldırmışıq, artıq heç bir güzəşt yoxdur".
Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda evlilik yaşı 18-dir, bundan daha tez evlilik hallarının baş verməməsi üçün tədbirlər görülür.
B.Muradova boşanmalarla bağlı da danışıb. Onun sözlərinə görə, boşanmaların səbəbi çoxdur:
"Bu istiqamətdə həm media orqanları, həm qeyri-hökumət təşkilatları, həm müvafiq mərkəzlər, həm də dövlət komitəsinin birgə və ayrılıqda apardığı təhlillər var ki, orada müxtəlif səbəblər meydana çıxır.
Burada sosial, psixoloji səbəblər və uyğunsuzluq var. Bu barədə tez qərar verərkən sonra başqa nəticələr ortaya çıxır. Hər şeydən əvvəl bu qərarı vermək insanın həyatında ən vacib seçimlərdən biridir. Bu seçimi edərkən ciddi düşünmək və imkanları dəyərləndirmək lazımdır. Bunu da aradan qaldırmaq üçün məsuliyyətli təbliğat aparmağa və maarifləndirməyə ehtiyac var".