Gələn il vətəndaşlarımız daha çox rifahı təmin olunmuş halda yaşayacaq və özünü daha güvənli hiss edəcək
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə növbəti Sərəncam imzalayıb. Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq. Qeyd edək ki, bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. Sərəncam dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Prezident İlham Əliyevin güclü sosial siyasəti, uğurlu sosial islahatlar proqramı ölkədə sosial inkişafın davamlı xarakter almasına, vətəndaş rifahının təminatı sahəsində mühüm nailiyyətlərin əldə olunmasına imkan verib. Dövlət başçısı özü dəfələrlə vurğulayıb ki, Azərbaycan sosial dövlətdir və onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, problemləri, təhlükəsizliyi, xoşbəxtliyi dayanır. Ölkə Prezidentinin bu sözləri onun tapşırıqları əsasında ardıcıl olaraq həyata keçirilən, o cümlədən son illər bir-birinin ardınca reallaşdırılan, hər biri neçə-neçə vətəndaşın rifahının dəstəklənməsində önəmli rol oynayan sosial islahatlarda aydın və əməli təsdiqini tapır. Buna nümunə olaraq dövlətimizin başçısının Fərman və Sərəncamları əsasında 2018-2024-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketinin icra olunmasını, bu islahatlar üçün 7 milyard manat əlavə illik vəsait ayrılmasını göstərmək olar.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı Sərəncamında məqsəd elə adından da göründüyü kimi vətəndaşların sosial rifah halının daha da yüksəldilməsidir. Komitə sədrinin sözlərinə görə, 2018-ci ildən sonra ölkədə dərin sosial islahatlar başlayıb və uğurla davam edir:
"İndiyədək 4 böyük islahatlar zərfi qəbul olunub. Bunun nəticəsində hər il dövlət büdcəsindən 7 milyard manatdan çox vəsait əhalinin sosial rifahının təmin olunmasına yönəldilib. Bu ilin dövlət büdcəsində də həcmcə ən böyük sosial xərclər büdcənin böyük hissəsini, təxminən 41 faizini təşkil edir. Bu da 17 milyard manat vəsait deməkdir. Eyni zamanda icmal büdcənin mühüm tərkib hissəsi olan dövlət sosial müdafiə fondunun büdcəsi 7.7 milyard manata qalxıb. Bu, cari ildəkindən 10.5 faiz çoxdur. İşsizlikdən sığorta fondunun büdcəsi də təxminən 10 faizə yaxın artırılıb. Bütövlükdə bunların hamısı əhalinin sosial rifah halına yönələn tədbirlərdir. Cənab Prezident VII çağırış Milli Məclisin ilk iclasında bu artımların anonsunu vermişdi. Dövlət başçısı hökumətə minimum əmək haqqının, pensiyanın artırılması barədə tədbirlərin görülməsi barədə tapşırıqlar vermişdi. Cənab Prezidentin Sərəncamı ilə bu məsələ reallaşdı və həllini tapdı. Minimum əməkhaqqı gələn il yanvarın 1-də təxminən 55 manat, minimum pensiya isə 40 manat artacaq. Bu, böyük artımdır və bəzən 15-16 faizə çatır. Nəzərə alsaq ki, gələn ilə proqnozlaşdırılan inflyasiya 4.5 faizdir, deməli, artımlar inflyasiyadan 2-3 bəzən 4 dəfə çox olacaq ki, bu da vətəndaşın sosial rifahının daha da yaxşılaşmasına gətirib çıxaracaq. Cənab Prezident hər zaman söyləyir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifah halı dayanır".
M.Quliyev vurğulayıb ki, gələn il bütün pensiyaçı vətəndaşlarımız öz təqaüdlərində artımları müşahidə edəcəklər:
"Təxminən 9 faizlik artım pensiyamızın sığorta hissəsinə əlavə olunacaq və bu da bütün pensiyaçılara şamil olunacaq. Eyni zamanda cənab Prezidentin Sərəncamında sosial müavinətlərin və təqaüdlərin artırılması məsələsi də yer alıb. Gələn il bir çox təqaüd və müavinət növlərinin artımının şahidi olacağıq. Bütün bunlar onu göstərir ki, gələn il Azərbaycan vətəndaşı daha çox rifahı təmin olunmuş halda yaşayacaq və özünü daha güvənli hiss edəcək. Bu da cənab Prezidentin və Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının bariz nümunəsidir".
Parlament üzvü vurğulayıb ki, həssas təbəqə, yəni şəhid ailələri, qazilər, ailə başçısını itirmiş ailələr, valideyn himayəsindən məhrum olmuş uşaqlar, ünvanlı sosial yardım alanların hamısının gələn il müavinətlərində, pensiyalarında, əməkhaqlarında artımlar olacaq: "Sosial müdafiə təkcə onlara pensiya, müavinət verilməsi ilə kifayətlənmir. Şəhid ailələri və qazilər üçün mənzillərin verilməsi bir ənənə halını alıb. Ardıcıl şəkildə şəhid ailələrinə, qazilərə, ehtiyac sahiblərinə mənzillərin verilməsi dünyada çox nadir təcrübədir. Azərbaycan bu mənada dünyanın aparıcı ölkələrindən biridir. 2014-cü ilədək növbədə durmuş Birinci Qarabağ müharibəsinin şəhid ailələri, veteranların hamısı mənzillə təmin olunub. İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin hamısına mənzillər paylanılıb. Əlilliyi olan şəxslər də 2025-ci ilin sonunadək cənab Prezidentin tapşırığına əsasən mənzillə təmin olunacaq. 15 mindən çox ailəyə mənzillər verilib. Torpaqlarımız işğaldan azad edildiyi üçün keçmiş məcburi köçkünlərin yaşadığı mənzillər və tikilərək paylanması nəzərdə tutulan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sərəncamına verildi. Nazirlik həmin mənzillərlə qazilər və şəhid ailələrinin mənzillə tam təmin olunmasını həyata keçirəcək. Onların sosial və psixoloji reabilitasiyası, tibbi yardımı, məşğulluğun təmin olunması kompleks şəkildə həyata keçirilən tədbirlərdir".