Gəncədə intihar hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb.
Belə ki 2003-cü il təvəllüdlü Ü.Əlizadə yaşadığı binada özünü asıb. Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.
Gənc oğlanın hansı səbəbdən intihar etməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Psixoloq Samirə Bağırova “Sherg.az”a bildirib ki, statistika göstərir ki, hər il dünyada bir milyon insan intihar edir:
“Suisid halları Latın Amerika ölkələri, ərəb ölkələri və bəzi Asiya ölkələrində baş verir. Hər bir intiharın səbəbi özündən mesaj buraxır. Belə ki, intiharın növləri var və seçilən ölüm növü səbəbdən xəbər verir. İntihar öncədən düşünülmüş və şüurlu şəkildə verilən qərardır. Hətta bu bir seçimdir də demək olar. Əgər ard-arda intihar xəbərləri yayılsa, çevrədə, sosial şəbəkələrdə kimsə tez- tez intihar, ölümlə bağlı mövzulardan danışsa, bu zəif psixikaya sahib insanlara təsir edəcək və kütləvi şəkildə şüuraltı idarə edərək intihar baş verəcək. Suisidə qərar verən insan son günlərdə ya yaxınları ilə çox mehriban olur, səbəbsiz iltifatlar, yaxud hədiyyələr edə bilər. Xatirə şəkli çəkdirə bilər. Səbəbsiz çox pozitiv görünə bilər. Ölümlə bağlı heç bir şey demir, ya da ümumiyyətlə səssizliyə çəkilir, apatiya vəziyyətində olur. Ətrafda baş verən heç bir şeyə reaksiyası olmur. Əslində yaxınlar diqqətli olsalar, bunun fərqində olacaqlar. Bu kimi insanlarla çox ünsiyyətdə olmaq, gəzintiyə çıxmaq, bir müddət diqqətdən kənarda saxlamaq olmaz. Gənclərə gəldikdə isə indiki gənclərin çox faizi mübariz deyil. Zəif psixikaya sahibdirlər. Yolunda getməyən işlərdən anında ruh çöküşü yaşayırlar. Toparlanmaq, ani qərarlar vermək, irəli getmək, mübarizə aparmaq, iradə, dözümlülük, əldə etmək kimi xüsusiyyətlər çox zəif inkişaf etdiyindən, adicə işsizlikdən, yolunda getməyən münasibətlərdən çöküş yaşayır və ən birinci ağlına gələn ölüm olur. Mobil telefonlar səbəbindən insanların beyni bir nöqtəyə cəmlənməyə vərdiş etdiyi üçün, hətta yaxınları ətrafı görə bilmir. Valideynlər belə uşağında baş verən halları gözdən qaçırır. Gördüyünə isə reaksiya verməyi bacarmırlar. Beyin ancaq telefona xidmət edir. Bu asılılıqdan çıxmaq isə çətindir”.