Gənclərdə idmana həvəs və rəğbət yaradılmalıdır

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Elektron siqaret adi siqaretdən qat-qat ziyanlıdır

Orta təhsil müəssisələri, ali məktəblər siqaretin zərərləri barədə yeniyetmə və gəncləri daim məlumatlandırmalıdır

Gənc nəslin sağlam inkişafı, fiziki tərbiyəsinin təşkili, gənclərdə idmana, sağlam həyata marağın artırılması Azərbaycan dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin təzahürü ölkə başçısının idmanın inkişafına və idmançılara qayğısıyla yanaşı, respublikada getdikcə sayı artan idman komplekslərinin tikintisində də özünü göstərir. Verilən məlumata görə, yaxın zamanda Gəncə və Qəbələ şəhərlərində olimpiya idman kompleksləri tikiləcək. Bununla bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində müvafiq işlərə start verilib. Nazirlik Gəncə Olimpiya İdman Kompleksinin tikintisi işlərini “Modern Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Qəbələ Olimpiya İdman Kompleksinin tikintisini isə “The Best Constructions” MMC-yə həvalə edib və müqavilələr bağlayıb. Müqavilələrə əsasən, nazirlik sözügedən işlərin müqabilində “Modern Construction” MMC-yə 8,3 milyon manat, “The Best Constructions” MMC-yə isə 7,3 milyon manat ödəyəcək. Qeyd etməliyik ki, işğaldan azad edilmiş ərazilərdə də idman komplekslərinin tikintisi planlaşdırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamıyla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planına əsasən Olimpiya idman komplekslərinin, Gənclər evlərinin tikintisi, Universal idman zallarının (üzgüçülük hovuzları, gimnastika, güləş, əl oyunları, açıq tipli idman meydançaları və digər idman təsisatları ilə birgə) tikintisi, “İmarət” stadionunun (futbol məktəbi, “Qarabağ” futbol klubu üçün köməkçi idman təsisatları ilə birgə) tikintisi nəzərdə tutulur. Layihələndirilməni Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Tikintiyə nəzarət isə Gənclər İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən ediləcək. İdman obyektlərinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulub. İdmana, idmançılara qayğının nəticəsidir ki, ölkəmiz nüfuzlu idman yarışlarında, beynəlxalq turnirlərdə qələbə qazanır, gənclərimiz Azərbaycan bayrağını ucalara qaldırırlar. Bu il 20-26 iyul tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopye və Xorvatiyanın Osijek şəhərlərində keçiriləcək XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında da Azərbaycan təmsil olunacaq. Azərbaycan Milli Olimpiya Komitəsinin məlumatına görə, Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Avropa Gənclər Yay Olimpiya Festivalının missiya rəhbərlərinin görüşü keçirilib. 40-dan çox ölkənin nümayəndələrinin iştirak etdiyi görüşdə ölkəmizi MOK-un idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev təmsil edib. Festivalın keçirilməsi ilə bağlı hazırlıq prosesini müzakirə edən görüş iştirakçıları həmçinin, təşkilati məsələləri, atletlərin yerləşdirilməsi və yaradılan şəraitlə də bağlı müzakirələr aparıblar. Qeyd edilib ki, Yay Olimpiya Festivalında Azərbaycan komandası 10 idman növündə (gimnastika, cüdo, üzgüçülük, velosiped, stolüstü tennis, atletika, badminton, taekvondo, dağ velosipedi, atıcılıq) 55 idmançı ilə təmsil olunacaq. 

Gənclərin sağlam təməlinin körpə yaşlardan qoyulmalı olduğunu söyləyən pediatr Vaqif Qarayev "Sherg.az"a açıqlamasında qeyd etdi ki, hazırda yeniyetmə və gənclərin sağlamlığı ilə bağlı ən ciddi problem siqaret çəkmək vərdişinə yiyələnmələridir: 
- Siqaretin ziyanını hamı bilir, amma ondan imtina edənlər çox azdır. Ən böyük təhlükə isə gənc yaşda insanın tütün çəkmək vərdişinə yiyələnməsidir. Son illərdə elektron siqaretlər də dəbə düşüb. Bu isə adi siqaretdən daha artıq, hətta qat-qat ziyanlıdır. Müsbət hadisə bu oldu ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyinin birgə layihəsi çərçivəsində elektron siqaretlərin (veyplər) zərərləri barədə Azərbaycan Memarlıq və İnşaat Universitetində tədbir keçildi, tələbələrə elektron siqaretlərin ziyanı barədə məlumat verildi. Qeyd edək ki, həmin görüş zamanı çıxış edənlər müasir dövrün bəlasına çevrilən veyplərin insan sağlamlığına olan təhdidlərindən danışıblar. Qeyd olunub ki, ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilən bu cihazlar xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb. Parlaq rənglər, şirin meyvə dadları və sosial mediada yayılan cəlbedici görüntülər elektron siqaretlərin gənclər arasında populyarlaşmasına səbəb olur. Tələbələrin diqqətinə çatdırılıb ki, zərərli vərdişlər möhkəm asılılıq yaradan, həm fərdin sağlamlığına, orqanizminə, həm də bütövlükdə cəmiyyətə ziyan vuran vərdişlərdir. Siqaret, tütün çəkmək asılılığı, narkomaniya da belə zərərli vərdişlərdir. Gənclər sağlamlıqlarını qorumalı, gümrah orqanizmə malik olmalıdırlar ki, ruh yüksəkliyi də əldə etsinlər. İstər adi siqaretlər, istərsə də aldadıcı elektron siqaretlər orqanizmi çökdürür. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalar tərəfindən təsdiqlənib. Çıxışçılar son illərdə veyp istifadə edən gənclər arasında yayılan “popkorn” xəstəliyi barədə də məlumat veriblər. Bildirilib ki, bu xəstəliyin əsas səbəblərindən biri veyp mayelərinə əlavə olunan “diasetil” adlı kimyəvi maddədir. Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. Veyp istifadə edən gənclərə sağlamlıqlarını riskə atmamaq üçün bu məhsulların təhlükələri barədə araşdırmaq və gec olmadan bu zərərli vərdişi tərgitmək tövsiyə olunub.

V.Qarayev bildirdi ki, elektron siqaretlərin zərəri barədə Səhiyyə Nazirliyi mütəmadi məlumatlar verir, maarifləndirmə işi aparır. SN və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin elektron siqaretlərlə bağlı vətəndaşlara növbəti müraciətində bildirilir ki, son illərdə elektron siqaretlər (veyplər) dünya miqyasında milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilən bu cihazların marketinq strategiyaları və sosial mediada geniş reklam olunması elektron siqaretləri gənclər üçün cazibədar hala gətirir. Bu məhsulların əsas hədəf auditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən insanlar olsa da, son illərin statistikaları göstərir ki, veypdən istifadə daha çox əvvəllər siqaret çəkməyən şəxslər, xüsusən yeniyetmələr və gənclər arasında sürətlə yayılmağa başlayıb. Veyplərin sağlamlıq üçün riskləri barədə araşdırmalar artdıqca, onların heç də zərərsiz olmadığı, əksinə, müəyyən hallarda ənənəvi tütün məhsulları qədər, hətta daha təhlükəli ola biləcəyi ortaya çıxıb. Veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən nikotin, ağır metallar və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər mövcuddur. Elektron siqaretlərin tərkibində tütün olmadığı üçün onların daha az zərərli olduğu düşünülür, lakin bu, yanıldıcı təsəvvürdür. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsir göstərir. Bu, elmi araşdırmalarla sübut olunub. Vurğulanır ki, elektron siqaretlərin istifadəsi zamanı havaya buraxılan buxar yalnız istifadəçi üçün deyil, ətrafdakı insanlar üçün də təhlükə yaradır. Passiv veyp istifadəsi nəticəsində ətrafda olan şəxslər də nikotin və digər kimyəvi maddələri inhalyasiya edirlər. Bu isə xüsusilə uşaqlar, hamilə qadınlar və tənəffüs xəstəlikləri olan şəxslər üçün ciddi təhlükə yaradır:
 "Bundan əlavə, elektron siqaretlərin tüstüsünün olmaması və dumanının xoş qoxuya malik olması onların qapalı məkanlarda istifadəsini daha da artırır. Əgər siqaretin tüstüsü və qoxusu qadağan olunmuş məkanlarda dərhal hiss edilirsə, veyp aerozolları daha az nəzərə çarpır. Bu səbəbdən bəzi istifadəçilər veypləri nəqliyyatda, restoranlarda və digər ictimai yerlərdə rahatlıqla istifadə edirlər. Bu isə cəmiyyət üçün daha geniş sağlamlıq problemi yaradır və bu cihazların diqqətdə saxlanılmasının vacibliyini ön plana çıxarır".

Pediatr qeyd etdi ki, tütün asılılığından xilas olmaq, zərərli vərdişlərdən uzaq durmaq insan iradəsindən asılıdır. Orta təhsil müəssisələri, ali məktəblər siqaret zərərləri barədə yeniyetmə və gəncləri daim məlumatlandırmalı, maarifləndirmə işini gücləndirməli, idmana rəğbət yaratmaqla sağlam gələcəklərini təmin etməlidirlər.