Mütəxəssis: Qida normalarının yenilənməsi dövlətin vətəndaşına qayğısını əks etdirən strateji qərardır

Tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılır.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yaşayış minimumu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Yeni qida normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək
Layihəyə əsasən, minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normaları müəyyən ediləcək.
Sosial sahəyə aid müəssisələrə sosial xidmət müəssisələri, dövlət reabilitasiya müəssisələri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) daxildir.
Qeyd edilib ki, qanun layihəsi ölkə ərazisində tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılması və yeni qida normalarının müəyyən edilməsi məqsədilə hazırlanıb.
Hazırda qeyd olunan müəssisələrdə qida normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 9 mart tarixli qərarına uyğun olaraq müəyyən edilir. Həmin normaların müəyyənləşdirildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq bu normalarda mahiyyəti üzrə ciddi dəyişiklik edilməmişdir. Bu baxımdan adıçəkilən müəssisələrdə istifadəsi məqsədəuyğun olan qida məhsullarının çeşidliliyinin minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibinə uyğunlaşdırılmasına, həmçinin müxtəlif növ xəstəliklərin müalicə metodikasından irəli gələrək tibb müəssisələrində yeni qida normalarının müəyyən edilməsinə ehtiyac yaranıb.
Qanun qəbul edildikdən sonra minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normaları təsdiq ediləcək.
Məsələ ilə bağlı danışan təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev Sherg.az-a deyib ki, tibb, təhsil və sosial sahədə fəaliyyət göstərən müəssisələrdə əhalinin qida normalarının yenilənməsi məsələsi bu gün həm qida təhlükəsizliyi, həm də ictimai sağlamlıq baxımından strateji əhəmiyyət kəsb edir:
“Azərbaycan hökumətinin bu sahədə hüquqi baza yaratması, sosial rifah və profilaktik sağlamlıq siyasətinin tərkib hissəsi olaraq mühüm addım hesab oluna bilər. Əvvəlki qida normaları uzun müddət əvvəl, bəzi hallarda sovet dövründən miras qalan təcrübələrə əsaslanırdı. Bu normalar müasir dövrün bioloji, fizioloji və həyat tərzi dəyişikliklərini tam əhatə etmirdi. Elmi araşdırmalar göstərir ki, müxtəlif yaş qruplarının və peşə sahələrinin qida tələbatı dəyişmiş, mikro və makro elementlərə olan ehtiyac yeni həyat ritminə uyğunlaşmalı olmuşdur. Xüsusilə məktəblilər, xəstələr və həssas sosial qruplar üçün bu yenilənmə vacib idi. Bundan əlavə, qeyri-sağlam qidalanma ilə bağlı xroniki xəstəliklərin, xüsusilə piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və s. artması, dövlətin preventiv sağlamlıq strategiyalarına keçid etməsini zəruri etmişdir. Qida normalarının yenilənməsi həm də bu istiqamətdə maarifləndirməni gücləndirməyə xidmət edir. Yenilənmiş normalar bir neçə əsas istiqaməti əhatə edir: Yaş və fizioloji göstəricilərə uyğun porsiya və kalori tənzimlənməsi (uşaq, yaşlı, xəstə, fəal əhali üçün fərqlilik); Protein, yağ, karbohidrat nisbətinin balanslaşdırılması; Vitamin və mineral tələbatının təmin olunması; Süni qatqı və yararsız məhsulların rasiondan çıxarılması; Məktəb və tibb müəssisələrinin menyularında mövsümilik və yerli məhsul prioriteti”.
Ekspert vurğulayıb ki, bu dəyişikliklər yalnız normativ sənədlərlə məhdudlaşmır:
“Onların tətbiqi müəssisələrin satınalma siyasətinə, yeməkxana infrastrukturuna və personalın təliminə də təsir göstərəcək. Bu islahatın əsas məqsədi əhalinin, xüsusilə risk qruplarının profilaktik sağlamlığını qorumaq və həyat keyfiyyətini artırmaqdır. Balanslaşdırılmış rasion immun sistemini gücləndirir, uşaq və yeniyetmələrdə zehni və fiziki inkişafı dəstəkləyir, yaşlı əhali və xəstələrdə isə sağalma prosesini sürətləndirir. Qida normalarının düzgün tətbiqi xəstəxana yatışlarını azaldır, dərman xərclərini aşağı salır və bütövlükdə səhiyyə sisteminə düşən yükü azaldır. Qida normalarının yenilənməsi sadəcə texniki dəyişiklik deyil, bu, dövlətin vətəndaşına qayğısını əks etdirən strateji bir qərardır. Bu islahat yalnız sağlamlıq göstəricilərini deyil, eyni zamanda təhsil nailiyyətlərini, iş qabiliyyətini və ümumilikdə ölkə əhalisinin rifahını müsbət təsirlə dəyişəcək. Əsas məsələ isə yeni normaların praktik tətbiqi və nəzarət mexanizmlərinin səmərəli qurulmasıdır”.