“28 aprel Azərbaycan xalqının yaddaşına müstəqilliyin itirildiyi qara bir gün kimi həkk olundu. Azərbaycan Xalq Cümhuriyyəti bolşevik işğalı qarşısında cəmi 23 ay müstəqilliyini qoruyub saxlaya bildi. Aprelin 27-si işğal prosesinin başladığı ilk gün olaraq qara bayram kimi xatırlanır. Ancaq həmin dönəmdə bolşeviklər aprelin 28-ni "azadlıq'' və "inqilabın qələbəsi" adı altında xalqımızın beyninə yeritməyə çalışdılar. Halbuki türklər üçün əsl bayram Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu gün - 28 May tarixində qeyd olunmalı idi”.
Bu sözləri AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli Sherg.az-a 28 aprel - Azərbaycan Xalq Cümhuriyyətinin süqut günü ilə bağlı fikirlərini şərh edərkən bildirib:

“Azərbaycan xalqı əqidəsindən və mübarizə əzmindən dönməyərək bu tarixi yenidən öz dövlətçilik yaddaşına qaytardı. Cümhuriyyət qurucusu Məhəmməd Əmin Rəsulzadənin təbirincə desək, bir kərə qalxan bayrağın, bir daha enməz olduğunu təsdiqlədik. Sovet Rusiyasının əlaltısı olan XI Qızıl Ordu Cənubi Qafqazda sovet hakimiyyətini bərpa etmək məqsədilə müstəqilliyimizi əlimizdən aldı. Düşmən torpaqlarımızı işğal etməklə kifayətlənməyib, həmin ordunun şərəfinə şəhərimizdə heykəl də ucaltdı”.
Tarixçi hələ də cəmiyyətdə Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun istənilən səviyyədə dərk olunmadığını vurğulayıb:
“Yeni nəsillər tarixi keçmişimizi dərindən dərk etməli, bir daha işğal və itkilərlə üzləşməmək üçün güclü milli şüur və vətənpərvərlik ruhunda formalaşmalıdır. Azərbaycan Cümhuriyyətinin 23 ay ərzində nəhəng imperiyaya qarşı apardığı ölüm-dirim mübarizəsinin hər bir detalını öyrənmək vacibdir. Çünki keçmişini unudan xalqın, gələcəyi olmaz! Düşmən illərlə tarixi yaddaşımızı, milli kimliyimizi və əqidəmizi unutdurmağa çalışsa da, 71 ildən sonra bu cəhdlərin uğursuz olduğunu anlamağa başladı”.