Nanəli və pendirli qarpız salatı

Yayın isti günlərində həm səhər süfrəsi, həm də yüngül ara yeməyi üçün ideal seçim olan nanəli və pendirli qarpız salatı təravətləndirici dadı ilə seçilir. Qarpızın şirinliyi, ağ pendirin duzluluğu və laymın turşməzə ətri bu salata xüsusi ləzzət qatır.

Porsiya: 2–3 nəfərlik

Hazırlanma müddəti: 20 dəqiqə

Lazım olan ərzaqlar:

1 iri dilim qarpız

1 ədəd xiyar

100 qram bərk ağ pendir (kub şəklində doğranmış)

8–9 budaq təzə nanə

1 ədəd laymın rəndələnmiş qabığı

Yarım laymın suyu

1 çay qaşığı iri üyüdülmüş qara istiot

Yarım çay qaşığı duz

1 xörək qaşığı zeytun yağı

Hazırlanma qaydası:

Qarpızın qabığını soyub kiçik kub şəklində doğrayın, çəyirdəklərini çıxarın və geniş qaba tökün. Xiyarın qabığını zolaqlı şəkildə soyub uzununa iki hissəyə bölün, nazik doğrayaraq qarpızın üzərinə əlavə edin. Daha sonra doğranmış ağ pendiri, nanə yarpaqlarını, laymın rəndələnmiş qabığını və şirəsini, qara istiotu, duzu və zeytun yağını əlavə edib ehtiyatla qarışdırın.

Salatı soyuducuda təxminən 30 dəqiqə saxladıqdan sonra soyuq şəkildə süfrəyə verin.

Nuş olsun!