Şəhid adı da, qazi adı da müqəddəsdir, kimsə bundan sui-istifadə edib... -AÇIQLAMA

Azərbaycan insanının dağa-daşa, ağac gövdəsinə, divara (məsələn, İçərişəhərdə qrafiti “sənəti”nin çox eybəcər növü geniş yayılıb artıq. Gəzintiyə çıxanların ağıllarına nə gəldi, tarixi divarları oyub nəsə yazırlar – M.R.) ad, ya başqa nəsə, məqbul, ya qeyri-məqbul – hər ikisi görünəndi, nələrsə yazması yenilik deyil. Xarici ölkələrdə tarixi yerlərdə çırtma da çala bilməzsən. Bizdə isə tam arxayınlıq, sərbəstlikdir. Sovet vaxtı gənclərimiz Rusiyanın ucsuz-bucaqsız çöllərində işləyəndə, yaxud da hərbi xidmət keçib evə qayıtmağa hazırlaşanda fürsət tapıb harasa “ya zdes bıl” yazırdılar. Elə öz ölkəmizdə də hansısa istirahət məkanına dincəıməyə gedən, qaya, dağ, təpə görən kimi adını həkk eləmək arzusu çoşur insanlarımızın. Hətta təhlükəni də gözə almayıb dırmaşırlar dağa-daşa, nə var ki adını harasa həkk eəsin. Niyə, nə üçün? Hər yoldan ötən dağa-daşa adını yazsa, dğlar-dərələr ensiklopediyaya dönər ki! 

Bu günlərdə şəhid oğullarımızın adlarının Şuşada qayalara yazıldığını əks etdirən görüntülər yayılıb sosial şəbəkələrdə. Azərbaycan xalqı şəhid və qazilərimizə Vətən uğrunda canlarını fəda etdiklərinə görə minnətdardır. Onlar bizim qürur, fəxr yerimizdir. Bu, birmənalıdır. İndi statistikaya baxaq. 44 günlük Vətən müharibəsində Şuşa uğrunda döyüşlərində həlak olan şəhidlərin dəqiq və yekun ümumi sayı ayrıca olaraq rəsmi açıqlanmayıb, lakin İkinci Qarabağ müharibəsində “Şuşanın azad olunmasına görə” medalı ilə ölümündən sonra təltif olunan hərbçilərin sayı 400-dən çoxdur. Vətən müharibəsi üzrə ümumi şəhid sayı isə 2895 nəfər təşkil edir. 

Təsəvvür edə bilərik, bütün şəhidərin adları döyüşdükləri ərazidə, şəhər və ya qəsəbədə, kənddə dağa, qayalara yazılsa, bu necə bir görüntü olacaq? Əsgər və zabitlərimiz düşmənlə döyüşə atılarkən adlarını qayalara yazmaq barədə nə düşünməyə imkanları olub, nə macalları. Əminəm ki, onların bu, ağlına da heç gəlməyib. Şəhid adlarını qayalara yazanlar bəlkə də doğmaları, qohumları, dostlarıdır. Amma niyə, nə üçün? Bununla şəhid ucalığına nə əlavə etmək istəyirlər? 

Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev Sherg.az-a açıqlamasında bildirdi ki, şəhid adı da, qazi adı da müqəddəsdir, kimsə bundan sui-istifadə edib bu uca adlara ləkə gətirməməlidir:

- Biz Birinci Qarabağ Müharibəsini gördük, İkinci Qarabağ Müharibəsində - 44 günıük Vətən müharibəsində də ön cəbhədə olduq, əsgərlərimizlə çiyin-çiyinə dayandıq, onlara mənəvi dəstək olduq, döyüş təcrübəmizi onlarla bölüşdük. Elə qazilərimiz oldu ki, oğulları ilə ön cəbhədə döyüşdü, qazi idi, şəhid oldu. Müşfiq Abbasov, oğulları Şamil və İntiqamla birlikdə döyüşdü, Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Bizim belə cəsur qazilərimiz var. Biz, Qarabağ qaziləri imtiyazlara sahib olduğumuz halda heç vaxt bundan sui-istifadə etməmişik, hərçənd qanunla həkimdə, hər hansı dövlət qurumunda növbədənkənar qəbul olunmaq hüququmuz var. Lakin bundan sui-istifadəni özümüzə sığışdırmamışıq, yaraşdırmamışıq. Ola bilsin, bəlkə hansısa qazinin səhhəti ağırlaşıb, təcili müayinə olunmaq zərurəti yaranıb, o zaman həkimin də təkidi ilə növbədənkənar qəbul edilib. Amma mağazada, marketdə, “mən qaziyəm , növbə gözləməli deyiləm”, belə söhbət ola bilməzdi bizdə. Təəssüf ki, qazi adından da, şəhid adından da sui-istifadə hallarına rast gəlinir. Şəhid anası, bacısı, qardaşı, qohumu uca olan bu adı ucalıqda tutmalıdır. Şəhidlərə hörmət sonsuzdur. Lakin kiminsə şəhid adını hansısa əməl üçün sipər etdiyini görəndə təəssüflənirəm. Şəhid oğul istəməz ailəsindən kimsə onun adından hansısa məqsəd üçün istifadə etsin. Şəhid adı onsuz da ucadır, ən uca zirvədədir şəhidlər. Onların adını dağa, qayaya yazmağa nə ehtiyac var?!. 

A.Əliyev bildirdi ki, bəzən şəhid və ya qazi ailəsi olmadığı halda, qanunsuz yollarla və ya manipulyasiya edərək özlərini bu kateqoriyaya aid edən bəzi şəxslər tapılır. Onlar şəhid ailələrinin mənəvi statusundan və dövlətin onlara göstərdiyi xüsusi qayğıdan şəxsi maraqları, maddi qazanc və ya növbədənkənar imtiyazlar (məsələn, ev, maşın, torpaq payı növbələri) əldə etmək üçün istifadə etməyə cəhd göstərirlər.