Vüqar Bayramov: Gələn il işsizlərə 28 milyon manat ödəniləcək

DOST mərkəzlərinə müraciət yetərli olacaq 

İşsizlikdən Sığorta Fondunun 2026-cı il üçün büdcə layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Sənədə əsasən, fondun xərcləri 266.4 milyon manat olacaq. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də, 28 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq. Bu, 2025-ci illə müqayisədə 65.0 faiz artım deməkdir. Bəs, bu vəsaiti kimlər ala biləcək?

Millət vəkili Vüqar Bayramov Sherg.az-a deyib ki, bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlarımız üçün nəzərdə tutulub. Deputatın sözlərinə görə, ödəniş dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verildiyi hallarda vətəndaşa ödənilir:

"Sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya DOST mərkəzlərində işsiz şəxs kimi qeydiyyata alınmalıdır. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə əlavə edilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir. Müraciət edən şəxs əmək müqaviləsinin müddətinin qurtarmasına görə işdən azad olunubsa, işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 ay ərzində müddətli əmək müqaviləsi üzrə 24 aydan çox sığorta stajına malik olmalıdır. Əgər hüquqi şəxs ləğv olunarkən və işçilərin sayı ixtisar edilərkən işdən azad olunarsa, işsizliyin başlamasından əvvəlki 24 ay ərzində 12 ayından çox sığorta stajına malik olması əsas tələblərdəndir. Ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz. Sığorta ödənişinə əlavənin məbləği hər uşağa görə 5 faiz artırılır. Deməli, qeyd olunan hallarda iş yerlərini itirən vətəndaşlarımız ərizə ilə müraciət edərək işsizlər üçün nəzərdə tutulan vəsaiti ala bilərlər".