Zəng qorxusu: Mobil telefonlar panik-atak yarada bilər

 “Telefonu kənara qoyanları qınamayın – bunun psixoloji səbəbi var”
  Bəzi insanlar var ki, telefon zəngi onları əsəbiləşdirir, danışmaq istəmirlər. Nə qədər lazımlı, vacib vasitə olsa da, telefona “nifrət edirlər”. Sosial şəbəkələr, messencerlər və sonsuz bildirişlər həyatın ayrılmaz hissəsinə çevrilsə də, onlarla paralel olaraq insanlarda yeni təşviş formaları da artır. Telefon zəngləri qorxusu, səsli mesajlardan çaxnaşma, telefonun obsesif yoxlanılması - bu problemlər geniş yayılmışdır və rəqəmsal dövrün həyatımıza təsiri nəticəsində yaranan psixoloji pozğunluqlardır. “Medicina” xəbər verir ki, həkimlər “telefon” problemlərini nevrozun yeni növü adlandırırlar. Telefonofobiya nədir? Bu, insana gələn zənglərdən yaranan irrasional qorxudur. Hətta yaxınlarından gələn zənglərə məhəl qoymur; Başqasının nömrəsini görəndə çox əsəbiləşir; Zəngə cavab vermək əvəzinə "Səninlə sonra əlaqə saxlayacağam" yazır. Niyə zənglər stressə səbəb olur?Tədqiqatlara görə, millennialların və zoomerlərin təxminən 60 faizi telefon danışıqlarından narahatlıq keçirir. Mesaj cavabınız barədə düşünməyə imkan verir, lakin telefon zəngi dərhal cavab tələb edir, bu, stress və narahatlığa səbəb olur. Səs emosiyaları çatdırır, yəni təsadüfən qıcıqlanma və ya məyusluq eşidə bilərsiniz. Əvvəllər zəngə cavab verməmək kobud sayılırdısa, indi xəbərdarlıq etmədən zəng etmək yersiz, hətta sərhədləri pozma hesab olunur. Bir çox insanlar telefon zənglərindən qorxurlar, çünki zəifliklərindən - lazımi anda "yox" deyə bilməməkdən, nəzakətsiz və ya tərbiyəsiz görünmək qorxusundan uzun sürən və ya lazımsız söhbətə müdaxilə etməkdən qorxurlar.  Qıcıqlanma üçün bəzi tətikləyicilər bunlardır: Sürüşdürmək və ya sürətləndirmək mümkün deyil (mətndən fərqli olaraq), bütün danışığı dinləmək lazımdır, bu isə insanı bezdirir. Səsli mesajlar insan mövcudluğunun təsirini artırır, bu da həmişə xoş deyil;  Bu tip mesajlar fikri işdən yayındırır.
 Psixoloq Fərqanə Mehmanqızı Sherg.az-a açıqlamasında qeyd etdi ki, telefon fobiyasının əsaslı səbəbləri vardır: 
- Əgər bir insanın müəyyən travmaları varsa, bu, emosional, mənəvi-psixoloji travmalar ola bilər, bu travmaların baş verdiyi zaman, məkan, şərait təkrarlanırsa, insanda sarsıntı yaradır. Məsələn, insan tutalım bir dəfə ictimai nəqliyyatda faciəvi bir hadisəylə qarşılaşıb, bu hadisə deyək ki payız və ya yaz fəslində olub, yaxud axşam çağı və ya günorta saatlarında, həmin hadisə emosional yaddaşda qaldığından insan həmin zaman, məkan, hadisənin baş verdiyi şəraitlə üzləşəndə onu xatırlayır və bu ona mənfi təsir edir. Hətta rənglər, səslər də insanda mənfi emosiyalar yaratmağa  qadirdir. Burada insanın psixoloji durumu çox önəmlidir. Bunlar insanın psixi durumunun zəif olduğunu, keçmişi unuda bilmədiyinin əlamətləridir, siqnallardır. Bunlar insanda panik-ataka səbəb olur. Təşviş pozuntusuna, həyəcana, qıcığa səbəb olan hadisə hansı zamanda, hansı məkanda baş veribsə, həmin zaman xatırlandığı vaxt insanın psixoloji durumu, halı dəyişir. Əgər insan hər hansı mənfi xəbəri nə vaxtsa telefonla alıbsa, onda telefon zənglərinə qarşı qorxu, həyəcan yaranır. O, hadisənin təkrarlanacağından qorxur. Telefon zəngi həmin an hadisənin yaratdığı emosiyaları yada salır, mənfi emosional hiss yaradır. Bundan da narahatlıq, stress, emosional təşviş pozuntusu yaranır. Telefonlar həm müsbət, şad xəbərlər, həm də mənfi, kədərli xəbərlərin ötürücüsüdür.  Elə insanlar da var ki, mənfi emosiyalarla yükləniblər və ətrafa da mənfi emosiyalar ötürürlər. Bu cür adamların zənglərini qəbul etmək istəmir çoxları. Çünki emosional yaddaşda həmin adam mənfi obrazla qalıb. Həmin adamlardan zəng gəldikdə mənfi emosiyalar baş qaldırır. Bu da təşviş pozuntusunun yaranmasına səbəb olur. Vəziyyət belədir, ona görə də telefonlar hər nə qədər həyatın ayrılmaz hissəsi olsa da, insanlar bəzi vaxtlarda onlardan uzaq durmağa can atırlar. 
  F.Mehmanqızı qeyd etdi ki, mobil telefonlarda hədsiz bağlılıq mənfi və zərərli vərdişlərə gətirib çıxarır: 
- Hər bir məsələdə hədd gözlənilməlidir. Günün 24 saatını fasiləsiz olaraq smartfonlarla keçirmək psixoloji gərginlik yaratmaqla yanaşı, insan sağlamlığına da ziyandır. Amma təəssüf ki, bu məsələyə anlayışla yanaşmayanlar da tapılır. Bəzən insan özünü ətraf mühitdən, hər cür informasiyadan təcrid etmək istəyir, bir müddət telefonunu kənara qoyur, zənglərə, mesajlara cavab vermir. Özüylə baş-başa qalmaq istəyir. Amma görürsən, kimsə başlayır qınamağa ki, nə oldu, bütün günü əlində telefon olurdu, indi mənim zəngimə cavab vermir. Belə bir yanaşmanın özü də insanda qıcıq yaradır və telefona “nifrət” formalaşdırır. İnsanlar fərqlidir, psixologiya, reaksiyalar da fərqlidir. Bunu nəzərə almaq lazımdır. Telefondan, sosial şəbəkələrdən limitli istifadə etdiyimiz halda mənfi emosiyalarla daha az rastlaşacağıq. Hər bir məsələdə həddindən artıq bağlılıq ziyanlıdır.