Bakıda məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən müğənni Fədayə Laçın bir müddətdir azadlıqdadır. Müğənni ötən ilin oktyabrında Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
Məlumat üçün onu da bildirək ki, müğənni 2017-ci ildə "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmasına köməklik göstərməkdə ittiham olunub. O, 2017-ci il oktyabrın 30-da həbs edilib. Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 2 ilə endirib.
Qeyd edək ki, F. Laçın həbsxanada olarkən onun duet ortağı olan tanınmış müğənni Tacir Şahmalıoğlunun ona baş çəkib-çəkməməsi məsələsi gündəmə gəlmişdi. Bu məsələyə görə, müəyyən qalmaqal da yaranmaışdı. Hətta müğənninin bacısı İlahə Fəda da Tacir Şahmalıoğlunun ünvanına tənqidi ifadələr söyləmişdi.
Maraqlıdır, görəsən Tacir Şahmalıoğlu keçmiş duet ortağı azadlığına qovuşduqdan sonra onunla əlaqə saxlayıbmı, münasibətləri necədi?
Sualımıza cavab tapmaq üçün T.Şahmalıoğlu ilə əlaqə saxladıq. O “Sherg.az”a bunları söylədi:
“Fədayə Laçın 6-7 aydır azadlıqdadır.Münasibətimiz çox yaxşıdır. Hətta azadlığa buraxılandan sonra Fədayəni ilk dəfə toya aparan mən oldum”.
“Bəs yenidən duet ortağı ola bilərsinizmi?” sualına gəlincə, müğənni diqqətə çatdırıb ki, bu, mümkündür:
“Ola bilər, niyə də olmasın?! Biz düşmən deyilik.Hələ məhbusluq həyatı yeni bitib, özünə gəlməlidir.Ondan sonra ola bilər”.
Samirə Ərəbova