"Mənə kimsənin etdiyi xeyriyyəni misal çəkməyin" - Murad Arif hiddətləndi

Karantin günlərində günəmuzd çalışan ailələrin vəziyyəti xeyli çətinləşib.  Bir çox tanınmışlar bu amili nəzərə alaraq maddi cəhətdən sıxıntıları olan şəxsləri ərzaqla təmin ediblər. Lakin  yardımlar əsnasında  həmin ailələrin görüntülərinin çəkilib paylaşılması birmənalı qarşılanmayıb.  Deyirlər ki,  sağ əlin verdiyini sol əl bilməz. İzləyicilərin xeyli hissəsi isə yardımlardan şəkillər, video görüntülər paylaşmayan məşhurları köməklik göstərməməklə ittiham edib. Həmin tanınmışlardan  biri də Murad Arifdir.

"Sherg.az" xəbər verir ki,  bəstəkar-müğənni  izləyicilərinin şərhlərinə rəsmi feysbuk səhifəsində sərt reaksiya verib:

-Karantin başlayandan bəlli məbləğdə fərdi yardımlar etmişəm.  Mən anlamıram ki, siz niyə məndən video və foto hesabat tələb edirsiniz? Kimin çevrəsi genişdirsə, aksiya yaradır, kampaniya edir. Sağolsunlar! Mən isə özüm mütamadi şəkildə maşını doldurub ünvanlara yollanıram və yaxud əmin olduğum xeyriyyəçilərə, uşaq müalicələrinə gücüm çatandan, məbləğ göndərirəm. Özüm, tək, çəkilişsiz filansız.  Həm də, o ailələri göstərməyə çəkinmişəm. Birdən kiminsə balası sinif yoldaşlarından utanar, deyə... Mənə kimsənin etdiyi xeyriyyəni misal çəkməyin. Qazanmağa başlayandan, illərdir ki, bir əlim xeyriyyədədir. Lakin, bunu sosial şəbəkələrdə göstərmirəm. Çəkib, göstərənlərə də halal olsun. Niyyətindən asılı olmayaraq, yardım gözəldir! Xeyir əməllərini təbliğ edirlər! Yaxşı ənənədir. Amma, hər insanın öz baxışı var. Anlayışlı olun!