Bütün dünyada olduğu kimi Azərbaycanda da xeyli müddətdir, koronavirusun qarşısının alınması məqsədilə xüsusi karantin rejimi tətbiq edilir. Qaydalar yumuşaldılsa da, toy məclisləri, şənliklər və yığıncaqlarla bağlı qadağa hələ də götürülməyib.
Gəliri toy- büsatlardan çıxan insanların maddi durumu isə pisləşir. Həmin sektorun işçiləri-ofisiantların, xadimələrin və s. şəxslərin maddi durumları ağırlaşmaqdadır. Təbii, onlar kimi məclislərin əsas aparıcısı sayılan müğənnilərin də maddi sıxıntıları var.
“Sherg.az” da bu məsəslə ilə bağlı müğənnilər arasında sorğu keçirib.
“Tükənmiş durumdayıq”
Tanınmış müğənni Nadir Bayramlı maddi çətinliklərinin olduğunu təsdiqləyib:
“ Demək olar, tükənmiş durumdayıq. Hamı kimi sıxıntımız var, başqa yerdən gəlirimiz yoxdur. Neçə illərdir, toy məclisləri, ev şənliklərindən gələn qazancımla ailəmi dolandırıram. Bildiyiniz kimi pandemiya ilə bağlı mart ayından etibarən işlər dayanıb. Arzu edirik ki, yaxın vaxtlarda keçib gedəcək. “
“Günə ikicə manat xərcləyirəm”
Sevilən sənətkar, əməkdar artist Yusif Mustafayev maddİ sıxıntılarının olmadığını deyib:
“Şükür Allaha ağıllı insanam. Deyir ki, ağıllı insan düşdüyü çətinlikdən çıxır, müdrik insan əvvəldən o çətinliyə düşmür... Allaha şükür çörəyimiz, suyumuz var. Allah dövlətimizi var eləsin, prezidentimizin ömrü uzun olsun, Allah balalarını saxlasın. O bizi qoruyur, biz də əl-ələ verməliyik ki, bu bəladan çıxaq. Qabaq günümə 10 manat xərcləyirdim, indi isə ikicə manat xərcləyirəm. Eşitmişəm deyirlər bu qədər borcum var. Ağıllı insan həmişə ehtiyatlı olmalıdır. Məsəl var: “Ehtiyatlı igidin anası ağlamaz”. Məndə heç bir problem yoxdur, balalarım işləyir. Özüm də əməkdar artist olduğum üçün dövlətdən pul alıram. Allah canını sağ eləsin mədəniyyət nazirliyi bizi nəzərə alır. Şükür Allaha hər şey yerindədi, rahat dolanırıq. Nə qədər olsa da biz dözməliyik ki, bu bəla çıxıb getsin.”
"Vəziyyət gərgindir”
Müğənni Vaqif Şıxəliyev söyləyib ki, əksər həmkarı kimi maddi cəhətdən vəziyyəti gərgindir:
“İki aydan çoxdur ki, toy yoxdur. Görünür, hələ bundan sonra da olmayacaq. Təbii ki vəziyyət yaxşı deyil. Arzu edirik ki, Allahın köməkliyi ilə yaxşı olar. Çox böyük məbləğdə borclarım yoxdur. İndi ölkədə hamı bu vəziyyətdədir. Allah böyükdür, yaxşı olar İnşallah...”