Teylor Sviftin "ən təhlükəsiz" konserti: Terror təhlükəsindən bəhs etmədi

Dünya şöhrətli amerikalı müğənni Teylor Sviftin Vyana konsertləri terror təhlükəsi səbəbindən ləğv edilib. Londonda təqribən 92 min insana konsert verən müğənni ləğv etdiyi konsertlərindən söz açmayıb və dünyaca məşhur müğənnini səhnəyə dəvət edib.

Sherg.az xəbər verir ki, məşhur Uembli Stadionunda təxminən 92 min azarkeşlə bir araya gələn ulduz bu dəfə də unudulmaz şou nümayiş etdirib.

Ən çox sevilən mahnılarını ifa edən 34 yaşlı müğənni terror təhlükəsi səbəbindən Vyanadakı konsertlərinin ləğvi ilə bağlı açıqlama verməyib.

Svift Londondakı pərəstişkarlarına sürpriz etməyi unutmayıb. Svift səhnədə "Everything Has Changed" və "End Game" mahnılarını oxuduğu Ed Şiranı qonaq edib.

İkili Şiranın “Thinking Out Loud” mahnısını ifa ediblər.

3 saatdan çox səhnədə qalan Svift "Ed mənim ən yaxşı dostlarımdan biridir. O, çox işləyir və hazırda qastrol səfərindədir. Çox yorğundur, amma gəlib sizin üçün mahnı oxumaq istəyirdi" deyib.

Svift terror təhlükəsi səbəbiylə Vyanadakı 3 konsertini ləğv etdikdən sonra Londondakı konsertlər üçün bəzi ehtiyat tədbirlərinin görüldüyü açıqlanıb.

Uembli Stadionu rəsmiləri tərəfindən verilən açıqlamada, "Heç kəsin stadionun qarşısında və ya hər hansı girişdən kənarda Olimpiya pilləkənlərində dayanmasına icazə verilməyəcəyi" bildirilmişdi.

Bileti olmayanlardan ərazini boşaltmaları xahiş olunacaq. Bundan əlavə, konsertə baxmağa gələnlər stadiona göstərilən vaxtdan tez daxil olacaqlar.